Azərbaycanda xüsusi karantin rejimi 5 iyuldan 20 iyula qədər uzadıldı. Karantin daha sərt olacaq – həftə sonları avtobuslar işləməyəcək, metro isə iyunun 4-dən tamamilə dayandırılacaq. Küçədə və parklarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağandır.
Azərbaycanda ilk dəfə Martın 24-də xüsusi karantin rejimi elan olunub, kafe-restoranlar, salonlar və ticarət mərkəzləri bağlanıb. Martın 31-də isə metronun fəaliyyəti tamamilə dayandırılıb.
Aprelin 27-i məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verildikdən sonra mayın 8-də Bakı metrosu da fəaliyyətinə başlayıb. Bu yumşalmalardan sonra sms icazənin də aradan qalxmasıyla koronavirusa yoluxanların sayı artmağa başladı. Rəqəmlər 600-ə çatmaqdadı. Hazırda kəskin yoluxmanın qarşısını almaq üçün eyni qaydalar Azərbaycanın bütün şəhərlərində yenidən tətbiq edilir.
Vətəndaşlar 2 saatlıq sms icazə ilə yaxud iş yerindən aldıqları icazə ilə yaşadıqları yeri tərk edə bilərlər.
Yaxın qohumların dəfn mərasimində iştirak üçün isə 102-ə zəng etmək lazımdır.
Həftə sonları avtobuslar işləməyəcək, metro isə iyunun 4-dən tamamilə dayandırılacaq. Rəsmilər inandırırlar ki, metronun əvəzinə əlavə avtobus marşrutları olacaq.
Nazirlər Kabinetinin bu dəfəki verdiyi qərara əsasən,karantində olmayan bəzi rayonlarda da əvvəl işləməsinə icazə verilən yerlər, market və apteklərdən başqa ticarət mərkəzləri, salonlar, bərbərxanalar bağlanacaq, restoranlar isə müştəriyə ancaq “evə apar” sistemi ilə xidmət edəcəklər.
Sosial mediada istifadəçilər bu qərarın effektiv olmayacağını bildiriblər.
Bəzi şərhlər:
“Metro işləməyəcək, hamı avtobuslardan istifadə edəcək,sıxlıq yaranacaq,nəticədə yoluxma daha da artacaq”.
“Evdə oturmaqdan əsəblərimiz korlanıb. Elə uzada-uzada gedirlər. Heç bir xeyri də yoxdur. Heç bir ölkə bu qədər karantin eləmədi”.
“Azərbaycanda xəstəliklə bağlı düzgün mübarizə aparılmadığı üçün xəstəlik çoxalır. Təmizlik yox, dezinfeksiya edilmir, hər yerdə maska verilməlidi. Bunların heç biri yoxdur üstəlik xəstə olan insanlara doğru baxılmır və xəstəlik çoxalır”.
“Bu üsullar effektiv deyil , bunu axı gördük, buna baxmayarag eyni prinsiplə devam edilir”.
“Başqa ölkələr kimi, hər ailəyə normal pul verib bir ay evdə saxlasalar, bu bəladan qurtula bilərik”.