“Yaşamaq, körpə oğlumu böyütmək istəyirəm”
Azərbaycanda və dünyada vərəm
Günel İsayeva
İqtisadçı ekspert hesab edir ki, hökumət vərəmdən əziyyət çəkən sosial həssas qrupların müalicəsi və ləyaqətli yaşamı üçün xüsusi mexanizm hazırlamalıdır
“Övladım olandan sonra soyuqlayıb xəstələndim. Həyat yoldaşım ata evimə qoyub tərk etdi ki, xəstəsən. Üç ay davamlı müalicə alsaydım, keçib gedəcəkdi. Fikirdən psixologiyam pozulmuşdu deyə atamın aldığı dərmanları vaxtlı-vaxtında qəbul etmirdim. Bir vaxt ayıldım ki, ağciyərlərim sıradan çıxıb. Müalicə ilə biri qismən sağalsa da, digəri yaxşılaşmadı. Altı ildir davamlı müalicə alıram, taqətim yoxdur, çəkim 39 kiloqrama düşüb. Bir qulağım da eşitmə qabiliyyətini itirib”.
Şəki rayonunun Baş Göynük kənd sakini 24 yaşlı Dinar Abdurahmanova hər iki ağ ciyərinin fibroz-kavernoz vərəmindən əziyyət çəkir. Üç ay Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnistutunda və bir ay Şəki Vərəm Əleyhinə Dispanserdə müalicə alıb. Hazırda ambulator şəraitdə müalicəsi davam edir.
- İlham Əliyev: “Bizə yeni müharibə lazım deyil”
- Ermənistana ilk dəfə 2 milyondan çox turist gəlib
- “Reyestrdən kənar” KİV-lərin məhkəmə yolu ilə bağlanması prosesinə başlanılıb
Azərbaycanda vərəmə yoluxanların sayı artıb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan mediaya verilən məlumata görə, ötən il Azərbaycanda vərəmə yoluxanların sayında artım müşahidə olunub. 2021-ci ildə 2535 yeni vərəm xəstəsi aşkarlandığı halda, 2022-ci ildə onların sayı 2939 nəfər olub. Ümumilikdə isə ötən il ölkədə 5320 vərəm xəstəsi qeydiyyata alınıb.
Beləliklə, 2022-ci ildə hər 100 min nəfərə 28.4 vərəm xəstəsi düşüb. Həmin il vərəmdən ölüm göstəricisi isə 3.8 təşkil edib.
Onların arasında dərmana davamlı vərəm tipi də kifayət qədər yayılıb.
“Dərmanadavamlı vərəm çox təəssüf ki, Azərbaycan üçün də problemdir. Dərmanlaradavamlı vərəmdən əziyyət çəkən xəstələrin sayı ötən il ilkin xəstələr arasında 11.9, təkrar xəstələr arasında 22.6 faiz təşkil edib. Vərəmlə mübarizədə başqa bir ciddi problem ixtisaslı həkim-ftiziatrların kəskin çatışmazlığıdır.
Müalicə nəticələrinə gəlincə, hələ ki, Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu hədəflərə çata bilmirik. Amma həmin hədəfə çatmaq potensialımız var. Həssas xəstələrin müalicə uğuru 82, dərmana davamlı xəstələr arasında müalicə uğuru 62 faiz təşkil edir. Vərəmdən ölüm göstəricisi isə azalır”, – deyə institutun direktoru İradə Axundova bildirib.
Amma son illər Azərbaycanda vərəmdən ölüm hallarının rəsmi statistikası açıqlanmır. Bununla bağlı ən son məlum olan göstərici 2017-ci ilə aiddir. Həmin il 440 nəfərin vərəmdən öldüyü bildirilir. Ötən il ölkədə qeydə alınan 6810 ölüm faktından 1280 nəfəri tənəffüs orqanları xəstəliklərilə bağlı olub. Amma onların nə qədərinin vərəm xəstəsi olduğu məlum deyil.
“6 ilə 300 resept yazılıb, hamısını pulla almışıq”
Gənc yaşında ağır xəstəliklə mübarizə aparmaq Dinarı yorsa da, övladı üçün yaşamaq, əməliyyat olunub, sağalmaq istəyir. Amma buna maddi imkanı yoxdur. İki ildir ki, aldığı 220 manat ikinci qrup əlillik pensiyası nə onun aylıq 350-400 manatlıq müalicə xərcini, nə də digər ehtiyaclarını ödəyir. Fəhləlik edən atasının köməyi ilə həyata tutunur. Bəzən də insanlar onun üçün yardım toplayır.
“Son üç ayda çox zəifəm deyə həkim müalicəmi dayandırıb. Ağciyər dəyişilməsi əməliyyatına 500 min manat tələb olunur. Deyirlər, bu da Amerikada, İsraildə, Türkiyədə mümkündür. Saatlarla boğulma tuturdu, nəfəs ala bilmirdim deyə ötən il ianələr hesabına elektron oksigen aparatı alındı. Çətindir mənə belə yaşamaq”, – deyən Dinar Abdurahmanova sosial həssas qrupa aid şəxs kimi dövlətin nəzərdə tutduğu imtiyazlardan yararlanmaq istəyir.
Dinarın atası Bədrəddin Abdurahmanov illərdir yataq xəstəsi olan övladı ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdiyini deyir. Onun sözlərinə görə, qızı birinci qrup əlillik dərəcəsi almalı olduğu halda ikinci qrup əlillik təyin edilib, bununla bağlı müraciətlərinə isə cavab gəlmir. Ata həmçinin deyir ki, qızının müalicə və əməliyyatına dövlət dəstəyi də ləngiyir.
“Cavab verirlər ki, sığorta paketinə daxil etmişik, böyük məbləğdir, nə vaxt imkan olsa, deyəcəyik. İçinə yağış dolan yarımçıq evimizdən başqa hər şeyi satmışam. Altı ildə bir dəfə pulsuz vitamin yazdılar, onu da beş dəfə getdim, vermədilər. İndiyə qədər 300 resept yazılıb, hamısını pulla almışıq. Qızım gəncdir, yaşamaq istəyir…”
“Ağciyərin transplantasiyası əməliyyatı dövlət proqramına daxil deyil”
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məsələylə bağlı sorğumuza cavab olaraq bildirilib ki, ağciyərin transplantasiyası əməliyyatı nə ölkədə mümkündür, nə də dövlət proqramı əsasında həyata keçirilir.
“Vətəndaşa yalnız palliativ xidmətin (müvəqqəti yüngülləşmə yaradan, amma müalicə etməyən) göstərilməsi mümkündür. Xəstə davamlı olaraq oksigenatordan istifadə edir. Ağciyər transplantasiyası əməliyyatına gəldikdə bildiririk ki, sözügedən əməliyyat Azərbaycanda icra olunmur, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) xidmətlər zərfi və dövlət proqramları hesabına qarşılanmır”.
Dövlət Tibbi Sosial Ekspert Komissiyasının mətbuat xidmətindən bildirilib ki, Dinar Abdurahmanovaya 2022-ci ildə orqanizm funksiyalarının 80% pozulmasına görə 2 il müddətinə əlillik təyinatı aparılıb və hazırda da buna uyğun olaraq müvafiq sosial ödənişlərlə təmin olunur.
“Vətəndaşın sağlamlıq vəziyyətində ağırlaşmalar olduqda əlillik dərəcəsinin gücləndirilməsi ilə bağlı qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni göndəriş (forma 88) rəsmiləşdirildikdən sonra qanunvericiliyə uyğun olaraq onun əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq”, – deyə qurumdan əlavə edilib.
ÜST: Son 20 ildə ilk dəfə dünyada vərəmdən ölüm halları artıb
2023-cü ilin aprelində Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, COVID-19 pandemiyası vərəmlə qlobal mübarizə sahəsində əldə olunmuş uğurlara zərbə vurub. Belə ki, 20 ildən artıq bir müddətdə ilk dəfə dünyada vərəmdən ölüm halları artıb. Bu səbəbdən də qurum vərəm xəstəliyi ilə mübarizədə 2023-2027-ci illərdə qabaqcıl təşəbbüsünü genişləndirdiyini elan edib.
ÜST baş direktoru Tedros Adhanom Qebreyesus bildirib: “Vərəm xəstəliyinin profilaktikası və müalicəsi mümkündür, lakin bununla belə, bu xəstəlik min illərdir ki, bəşəriyyətə fəlakətlər gətirir və hər il milyonlarla insanın ölümünə səbəb olur”.
BMT-nin saytında yayılan məlumata görə, hazırda vərəm dünyada infeksion xəstəliklər arasında ən çox ölümə səbəb olanlardan biridir. Hər il 1,6 milyon insan vərəmdən ölür və milyonlarla insana böyük iqtisadi zərər gətirərək əzab verir.
COVID-19 pandemiyası ilə paralel mövcud olan digər amillər – silahlı münaqişələr, qida təhlükəsizliyinin olmaması, iqlim dəyişikliyi, siyasi və iqtisadi qeyri-sabitlik də vərəm xəstəliyi ilə mübarizədə qazanılmış çoxillik tərəqqini heçə endirib.
Bu xəstəlik iqtisadi cəhətdən ən məhsuldar yaşda olan insanlara təsir edir. Dünyada daha çox 25-44 yaş arası insanlar arasında yoluxma riski yüksəkdir.
“Vətəndaşlar pensiyanın kəsilməsilə bağlı şikayət edirlər”
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ölkə üzrə ümumi pensiya alanların sayı 1 114 227 nəfər olub. Onlardan 488 774 nəfəri əlilliyə görə pensiya alanlardır.
2022-ci ildə ilk dəfə əlilliyi müəyyən edilən şəxslərin ümumi sayı 15 661 nəfər olub ki, onların da 193 nəfəri vərəmə görə əlillik dərəcəsi alıb. 2021-ci illə müqayisədə sayda 53 nəfər artım olsa da, beş il öncə bu rəqəm 576 nəfər olub.
Hüquqşünas Azər Quliyev deyir ki, əlillik insana orqanizmin funksiyalarının pozulmasının faiz göstərici və müddətinə əsasən müəyyən olunur. Onun sözlərinə görə, Azərbaycanda əlilliyin təyin edilməsi iki səbəbdən azalıb.
“Birincisi, əvvəl bir çox şəxslər hüququ olmadığı halda müəyyən qeyri-qanuni yollarla əlillik dərəcələri alırdılar. İndi isə bunun qarşısı alınır və nəzarət güclənib. İkinci səbəb isə bunu təyin edən Tibbi-Sosial Ekspert Komissiyalarının öz işini layiqincə və qanuni olaraq yerinə yetirməməsidir. Bəzi hallarda orqanizmin pozulma halını düzgün təsbit etmirlər, hətta yataq xəstələrinə aşağı dərəcədə əlillik təyin edilməsi halları olur”.
Hüquqşünas bildirir ki, əlliliyin verilmə müddəti 1, 2, 5 il və müddətsiz olur, amma vətəndaşlar çox vaxt bu müddətin düzgün hesablanmaması və pensiyanın kəsilməsilə bağlı şikayət edirlər.
“Bu halda vətəndaşlar tibbi-sosial ekspert komissiyasının tabe olduğu Dövlət Tibbi Sosial Ekspert və Reabilitasiya Agentliyinə müraciət edə bilər. Aldığı cavab yenə qane etməzsə, müraciətinə imtina məktubunu aldıqdan sonra 1 ay müddətində İnzibati Məhkəmədə iddia qaldıra bilər”, – deyə Azər Quliyev əlavə edir.
“Sosial rifahi aşağı olan insanlar risk qrupuna daxildir”
Həkim-ftiziatr Zaur Hacıməmmədli bildirir ki, vərəmə daha çox sosial rifahı aşağı olan insanlar arasında rast gəlinir. Əsasən hava-damcı yolu ilə yayılan bu xəstəlik immun sistemi zəif olan insanlara tez yoluxur.
“Çünki kasıb insanlar çox vaxt günün böyük hissəsini rütubətli, şəraitsiz yerlərdə işləmək və yaşamaq məcburiyyətində qalırlar. Sonra alkoqolizmdən və narkomaniyadan əziyyət çəkənlər gəlir”.
Həkimin sözlərinə görə, vərəmin vaxtında müalicəsində əsas problem bu xəstəliyə yanlış ictimai yanaşma ilə bağlıdır.
“Hələ də vərəm xəstəliyini ayıb bir şey kimi qəbul edirlər. Odur ki, xəstəlik daşıyıcıları bunu gizlətməyə məcbur olur, ilkin məlumat almağa belə ehtiyat edirlər. Ciddi maarifləndirmə yoxdur. Biz həkimlərdə də günah çoxdur. Maarifləndirməyə maraqlı olmalıyıq”.
Zaur Hacıməmmədli qeyd edir ki, bu xəstəliyin vaxtında düzgün müalicəsi getmirsə, dərmana davamlılıq formalaşır.
“Pandemiyadan sonra ağciyərdə yaranan fibrozlara görə müraciətlər artıb. Ağciyərdə yaranan bu patologiya vərəm üçün əlverişlidir”, – deyə həkim əlavə edir.
“Azərbaycanda dini baxışlar transplantasiyaya mane olur”
Həkim-ftiziatr deyir ki, vərəmin ən yayılmış forması ağciyər, ən ağır forması isə meningit və onurğa beyini vərəmidir. Onlarda ölümlə nəticələnmə daha çoxdur. Ağciyər vərəmində isə ən ağır durum ürəkçatışmazlığı ilə nəticələnir.
Zaur Hacıməmmədli həmçinin deyir ki, müalicə vərəmin növündən asılıdır. Həssas ağciyər vərəm xəstələri altı ay, həssas sümük vərəmləri bir il, davamlı vərəm xəstələri isə iki ilə qədər daimi müalicə almalıdır. Ağciyərin transplantasiyası isə ölkədə təcrübə edilmir.
“Bilavasitə vərəmdən xəstə ölmür, vərəmin fonunda orqan çatışmazlığı baş verdikdə ölüm halı olur. Daha çox gizli saxlayıb, vaxtında müalicə olunmayan və ağırlaşanlar arasında ölüm halları baş verir.
Əməliyyat iki cür olur. Rezeksiya və transplantasiya. Rezeksiyada patalogiya olan hissəni kəsib götürürlər. Hər iki ağ ciyərində fibroz-kavernoz vərəmi olan xəstə rezeksiya əməliyyatı olunmur. Bu vərəm növü sağalmır, stabil müalicə ilə ev şəraitində oksigen aparatından asılı vəziyyətdə yaşayır.
Azərbaycanda ağciyər köçürülməsi faktı yoxdur. Xaricdə isə çox bahadır. Ağciyər ancaq ölmüş adamdan köçürülə bilər. Odur ki, orqanın tapılması bir problemdir, orqanın residentliyi, yəni həmin şəxsə uyğunluğu da ikinci”, – deyə həkim bildirir.
Onun sözlərinə görə, Azərbaycanda transplantasiya əməliyyatını mümkünsüz edən əsas məsələ insanların dini inancıdır. Çünki İslam dininə görə, insan öləndən sonra onun meyitinin əməliyyat olunması, orqanlarının çıxarılması günahdır. Bu səbəbdən də ölkədə orqan bazası formalaşmayıb.
“Azərbaycanda daha çox regenerasiya olan orqanlar üzrə donorluq yayılıb. Qan, ilik, qaraciyər donorluğu yayılıb, çünki bunlar yenilənir. Böyrək də cütdür deyə birini bağışlayırlar”.
“Vərəmin müalicəsində müəyyən problemlər var”
Cərrah-həkim, professor Adil Qeybulla bildirir ki, vərəm spesifik infeksiyadır və “tolerant” adlı yeni forması müəyyən edilib. Onun sözlərinə görə, multirezistent formalı bu vərəm dərmanlara davamlı olduğundan mübarizə getdikcə çətinləşir.
“Dərmanlar da olduqca baha, əlçatmaz, təsir keyfiyyətləri isə qənaətbəxş deyil. Xəstələrin qeydiyyatdan yayınması və aidiyyatı tibb müəssəsində müalicə almaması da vərəmin yayılmasına təkan verir. Ölkədə vaxtilə aparılan dispanserizasiyasının indi tətbiq edilməməsi ciddi problemdir”, – deyə o qeyd edir.
Adil Qeybullanın sözlərinə görə, xəstələrin çoxu ixtissas sahəsi olmayan xəstəxanalarda ayrı-ayrı həkimlər tərəfindən müalicə olunurlar . Bu da xəstəliyin yayılmasına gətirib çıxarır.
“Sovet dövründə mobil həkim briqadaları kəndbəkənd gəzir, insanları flüroqramma edirdilər. Bu da vərəmin erkən aşkarlanmasına, vaxtında müalicə edilməsinə ciddi təsir göstərirdi. İndi də dövlət proqramına maddələr əlavə edilməli, vərəmin erkən aşkarlanması və müalicəsi üçün lazımi tədbirlər görülməlidir. Çünki xəstəlik yayıldıqca xərcləri də artır, dövlətin büdcəsinə, insanlara baha başa gəlir”.
“Onların müalicəsi və ləyaqətli yaşamı üçün xüsusi mexanizm olmalıdır”
İqtisadçı ekspert Fərid Mehralızadə bildirir ki, xəstəlik iqtisadi fəal yaş qrupunu əhatə etdiyi və müalicəsi bahalı olduğu üçün dövlət həssas təbəqəni əhatə edən müəyyən proqram təşkil etməli, müavinətlərin həcmini artırmalıdır.
“Hökümət sosial həssas qruplarla bağlı ödənişləri ciddi şəkildə nəzərdən keçirməlidir. Çünki Azərbaycanda yaşayış minimumu, pensiyaların məbləği insanların real ehtiyaclarını ödəməyə yetərli deyil. Xüsusilə xəstəlik varsa, İcbari Tibbi Sığorta xəstəliyin müayinə və müalicəsini qarşılamırsa, bu, ağır fəsadlara gətirib çıxara bilər.
Bu baxımdan hökümət sosial həssas qrupa daxil olan xüsusilə müalicəsi bahalı olan xəstəliklərlə bağlı ayrıca proqram həyata keçirməlidir. Elə bir mexanizım hazırlanmalıdır ki, bu insanların həm müalicəsi qarşılansın, onlar dərmanla təmin edilsinlər, sağalıb əmək qabiliyyətlərini bərpa edənə qədər ləyaqətli şəkildə öz ehtiyaclarını qarşılaya bilsinlər”.
Dinar sağalmaq, yaşamaq, oğlunu böyütmək istəyir. Bunun üçün isə tək ümidi dövlət qayğısıdır.
“Mənim kimi ağır xəstə olan tənha anaların başqa ümid edəcəyi bir yer yoxdur. Bizə ancaq dövlət kömək edə bilər. Əgər dərdimizə həssas yanaşa bilsələr. Mən yaşamaq, körpə oğlumu bu dünyada tək qoymamaq istəyirəm…”
“Bu yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi “Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması“ qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur. Materiallarda istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir”.