Azərbaycanda vaksinasiya: insanlar nədən narazılıq edir?
Artıq iki ay yarımdır ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya aparılır. İndiyə qədər yarım milyondan çox vətəndaş peyvənd olunub. Cəmiyyətdə isə hələ də vaksinasiya prosesi ilə bağlı fikirlər birmənalı deyil. Prosesə şübhə ilə yanaşanlar da var, vaksinasiya tərəfdarı olsa da, prosesinin təşkilindən narazılıq edənlər də. Amma prosesin normal keçdiyini bildirənlər də az deyil. Narazılıqlar əsasən nədəndir?
Azərbaycanda Çin istehsalı olan “Sinovac” vaksinindən istifadə olunur. Rəsmi məlumatlara görə, ölkəyə 4 milyon doza vaksinin gətirilməsi üçün müqavilə bağlanıb ki, bu da 2 milyon nəfərin vaksinin hər iki dozasını almasına şərait yaratmalıdır.
Kimlər peyvənd olunur?
Hazırda Azərbaycanda vaksinasiyanın dördüncü mərhələsi aparılır. Peyvənd pulsuz və könüllüdür.
18 yanvar 2021-ci ildə başlamış ilk mərhələdə tibb işçiləri və karantin qaydalarına nəzarət edən hüquq-mühafizə orqanlarının əməkdaşları vaksinasiya ediliblər.
İkinci mərhələdə yaşı 65-dən çox olan şəxslər, üçüncü mərhələdə yaşı 50-dən çox olan şəxslər, hazırkı dördüncü mərhələdə isə yaşı 40-dan çox olan şəxslər peyvənd edilir.
Vaksinasiya proseduru necə aparılır?
Sadalanan yaş kateqoriyalarına uyğun istənilən vətəndaş xüsusi sayta daxil olaraq, vaksinasiya olunacağı yeri, tarixi və dəqiq vaxtı təyin edə bilər.
Bu zaman həmin şəxsin yaşayış yeri üzrə hansı tibb müəssisəsinə bağlı olması əhəmiyyətli deyil.
Vətəndaş vaksinin birinci dozasının vurulacağı vaxtı təyin edir, ikinci dozanın vurulma tarixi isə avtomatik təyin olunur və bununla bağlı sayta daxil edilmiş telefon nömrəsinə sms-bildiriş gəlir.
Vaksin necə vurulur?
JAMnews-un vaksinasiya prosedurundan keçmiş əməkdaşı özünün “Facebook” səhifəsində yazır:
“Bu gün poliklinikada peyvənd olundum (1-ci doza).
Hər şey çox normal, mədəni və qətiyyən növbə olmadan (əvvəlcədən randevu almışdım).
İçəri daxil olan kimi dezinfeksiya prosesindən sonra yolladılar müayinə otağına, təzyiqimi ölçdülər, allergiyanın olub-olmaması haqqında sorğu-sual. İxtisasca həkim olduğumu və bütün təlimatlarla tanış olduğumu deyəndən sonra keçdim qeydiyyat otağına. Adım sistemə daxil edildikdən sonra isə inyeksiya edilən otağa daxil oldum və gözümün qarşısında 1-ci dozanın ampulu xüsusi qutudan çıxarıldı, birdəfəlik şprisə dolduruldu və peyvənd olundum.
Daha sonra yarım saat gözləməyimi xahiş etdilər, heç bir dəyişiklik hiss etmədiyim üçün 30 dəqiqə gözləyib, çıxıb getdim.
Qaldı ikinci doza”.
Növbələr və “naməlum” vaksin
Amma bütün poliklinikalarda proses belə hamar getmir. Başqa bir jurnalist Nailə Balayeva da həyat yoldaşı ilə birlikdə vaksinasiyadan keçmək üçün poliklinikaya getdikləri zaman rastlaşdıqları vəziyyət haqda “Facebook” səhifəsində yazıb.
Jurnalistin bildirdiyinə görə, konkret vaxt təyin edilsə də, poliklinikada uzun müddət növbədə gözləməli olublar.
“Operativ qərargahın qoyduğu təlimata uyğun olaraq, qeydiyyatdan keçdik və 10.00-11.00 arası sistemdə yer aldıq. Amma poliklinikanın qarşısına gələndə artıq heç də hər şeyin rahat olmayacağı bilindi. Poliklinikanın istər içi, istərsə də peyvənd otağının qarşısı adamla dolu idi. İçəri keçib qapıda duran xanıma məramımızı bildirəndə birimizə 48, digərimizə isə növbədə 49-cu olmağımızla bağlı əzik bir kağız parçası təqdim etdi. Əziklik dərəcəsindən bilinirdi ki, bu kağız parçaları artıq bir neçə gündür ki, dövriyyədədir. “Bəs bizi sistemdə yoxlamadınız” sualına cavabında isə qapıda duran xanım bildirdi ki, sən demə, sistem-filan boş şeydir. Hərəyə bir əzik kağız parçası verib, canlı növbəyə düzürlər. Hətta sistemdə qeydiyyatdan keçməsəniz belə, 16 saylı poliklinikada sizi peyvənd edəcəklər”, – Balayeva yazıb.
Jurnalistin bildirdiyinə görə, peyvənd onların gözünün önündə açılmayıb, əvvəlcədən kənarda şprisə doldurularaq gətirilib: “Daha sonra bunun səbəbini soruşanda isə üzümə durdu ki, bəs yalandır, yanınızda açmışam. Bir sözlə, vaksin, ya adi su vurulduğunu, bu zaman yeni açılmış və ya ikinci əl şprisdən istifadə olunmasına da əmin deyiləm. Əgər vaksin dozası yanımda açılmayıbsa, həmin dozanın necə və hansı məqsədlə işlədiləcəyi də şübhə yaradır”.
Jurnalist onu da qeyd edib ki, onun poliklinika rəhbərliyinə etdiyi şikayətə də məhəl qoyan olmayıb.
İki nəfərə bir vaksin ampulu?
Tanınmış jurnalist Aynur Elgünəş isə adının açıqlanmasını istəməyən həkimlərin xəbərdarlığını paylaşıb:
“Diqqətinizə çatdırmaq istədiyim mənim yox, ürəyiyanan, amma işini itirmək qorxusu ilə açıq danışmağa cəsarəti çatmayan bir neçə həkimin xəbərdarlığıdır.
Onların sözlərinə görə, peyvəndlənmənin birinci hissəsi qaydalara uyğun aparılıb, yəni həkimlərə və s. tam doza vurulub. İndi isə poliklinikalara lazım olan qədər peyvənd verilmir, yarısı verilir və “bununla idarə edin” deyilir. Ona görə də, bir peyvəndi iki nəfərə vururlar, vətəndaşları aldadırlar. Hətta elə hallar olub ki, vətəndaşa “peyvənd edək, ya sənəd verək?” kimi təkliflər də edilib”, – jurnalist Facebook səhifəsində yazıb.
Aynur Elgünəşin sözlərinə görə, həkimlər peyvəndlərin bir hissəsinin özəl klinikalarda satıldığı üçün “qıtlıq” yarandığını da bildiriblər.
“Təbii, nə etsək də, bu cür üsullara əl atan alçaq sürüsü ilə bacara bilməyəcəyik. Yenə də çalışaq. Məsələn, peyvəndin yanınızda açılmasını və vurulmasını tələb edin”, – jurnalist tövsiyə edib.
Şərhlər
Sosial şəbəkələrin Azərbaycan seqmentində vaksinasiya proseduru barədə yazılan şərhlər az deyil. Onlardan ən xarakterik olanları diqqətinizə çatdırırıq:
“Cəmi 10 dəqiqə gözlədim, amma polis icazə vermir deyib, vaksinasiya vaxtı şəkil çəkməyimə icazə vermədilər”.
“Kimin ağlı varsa, vaksin vurdurmasın. Çünki koronavirus adlı bir şey yoxdur. Hər şey yalandır”.
“Ölkənin özünün ciddi bir peyvəndə tələbatı var”.