Azərbaycanda səfərbərlik, Ermənistanla sərhəddə itkilər – nəticə nə ola bilər?
Azərbaycanda sentyabrın 21-də ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri haqda elan olunub – Ermənistanla sərhəddə eskalasiya zamanı bir hərbçi həlak olandan və digəri yaralanandan sonra.
Bundan iki gün öncə Azərbaycan prezidenti bəyan edib ki, Yerevanda müharibəyə hazırlıq gedir.
Ekspert rəylərindən biri – Rusiya tərəfləri diplomatik addımlara təhrik edir və buna görə də toqquşmalar Dağlıq Qarabağda yox, iki ölkə sərhədində baş verir.
Hadisələrin inkişafı xronologiya üzrə və ekspert təhlili.
• Azərbaycandan rəy: “Hər iki tərəf müharibə haqda düşünür”
• Ermənistan XİN rəhbəri: “Ermənistanın və Dağlıq Qarabağın müdafiə olunmaq üçün bütün imkanları var”
İlham Əliyevin xəbərdarlığı
“Onlar[Ermənistan] yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir.
Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik”, – Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da yerli telekanala müsahibəsində bildirib.
Vurulmuş dron
Səhəri gün, sentyabrın 20-də axşam saatlarında Azərbaycanın Müdafiə Nazirliyi Şəmkir rayonu ərazisində [Ermənistanla sərhədə yaxın] Ermənistana məxsus dronun vurulduğu haqda məlumat yayıb.
Bir nəfər həlak olub, bir nəfər yaralanıb
Sentyabrın 21-də iki xəbər birdən gəlib – bir hərbçi həlak olub, digəri yaralanıb.
“Sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu Elşən Əli Oğlu Məmmədovun fotosu yayılıb”, – Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Azərbaycanın Baş Prokurorluğu sıravi Qurban Azad oğlu Qurbanovun Ermənistanın Tavuş vilayəti ilə sərhəddə yerləşən Tovuz rayonunda sağ çiynindən güllə yarası aldığı haqda xəbər yayıb.
Hərbi vəzifəlilərin səfərbərliyi
Elə həmin gün, sentyabrın 21-də Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplantılarının həyata keçirildiyi haqda elan edib.
Şərh
Azərbaycanın hərbi icmalçısı Asəf Quliyev JAMnews-a müsahibəsidə:
“Əminliklə deyə bilərəm ki, yeni müharibə olmayacaq. Hərçənd biz onsuz da qonşu dövlətlə müharibə vəziyyətində olduğumuz üçün burada söhbət yeni genişmiqyaslı toqquşmalardan gedə bilər”.
Quliyev hesab edir ki, müharibənin olmayacağına dair bir neçə arqument mövcuddur.
Bu, Azərbaycanın beynəlxalq aləm qarşısındakı öhdəlikləri və rəqib rətəflərin qoşunlarının təchizatlı olmasıdır.
“Bizə tam məlum deyil ki, hərbçimiz hansı şəraitdə həlak olub. Amma iki səbəb ola bilər.
Birincisi, Ermənistan kəşfiyyat xarakterli əməliyyatlar aparır.
İnicisi, Ermənistan və Azərbaycan sərhədində iyul hadisələrindən sonra Rusiya diplomatik səviyyədə mühüm nəyəsə nail olmaq istəyir.
Rusiya tərəfləri diplomatik addımlara təhrik edir. Məhz bu səbəbdən toqquşmalar Dağlıq Qarabağda yox, Azərbaycan və Ermənistan sərhədində baş verir.
Şübhəsiz ki, əgər hadisələrin inkişafı Rusiyanın maraqlarına cavab verməyəcəyi təqdirdə gərginliyin yeni eskalasiyası qaçılmaz olacaq”.
“Dezinformasiya” – Ermənistan tərəfinin reaksiyası
Ermənistanın Müdafiə Nazirliyi Bakının vurulmuş pilotsuz uçuş aparatı haqda bəyanatını dezinformasiya adlandırıb. Nazirliyin mətbuat katibi Şuşan Stepanyan hətta bildirib ki, Azərbaycan tərəfi “arzularını həqiqət kimi” təqdim edir.
Yerevandan bildirilir ki, onlarda Azərbaycan hərbçisinin həlak olması ilə bağlı məlumat yoxdur. Amma sentyabrın 16-da “Azərbaycan tərəfinin təxribatı nəticəsində odlu silahdan açılan atəş və qəlpə yarasından” Ermənistan ordusunun müqaviləli hərbi xidmətçisinin həlak olduğu xatırladılıb.
Bununla əlaqədar olaraq Ermənistanın Müdafiə Nazirliyi “Ermənistan-Azərbaycan sərhədində bu cür hadisələrin təkrarlanması riskini azaltmağa imkan verəcək nəzarət mexanizminin qurulmasının vacibliyi” məsələsini yenidən qaldırıb.