Sünnətin icbari sığortaya salınması Azərbaycanda “dəllək sünnətləri”nin qarşısını ala bilər
Azərbaycanda sünnət
“Nəvəmin sünnət yerində (cinsiyyət orqanında – red.) iltihab vardı, ona tez-tez əziyyət verirdi. Qeydiyyatda olduğu poliklinikada dedilər ki, mütləq sünnət edilməlidir. Mən də maraqlandım, evin yaxınlığında özəl klinikaya yaxınlaşdım, 200 manat qiymət dedilər. Sonra öyrəndim ki, sünnət icbari sığorta paketinə daxil edilib. Biz də sığorta ilə elətdirdik, pulsuz başa gəldi”, – Bakı sakini Təzəxan Mirələmli deyir.
Bu ilin əvvəlindən etibarən Azərbaycanda sünnət icbari tibbi sığorta hesabına həyata keçirilməyə başlanıb. Ötən 6 ay ərzində icbari tibbi sığorta ilə 15 mindən çox sünnət əməliyyatı icra olunub.
- Bəxtiyar Hacıyev artıq öz işi üzrə məhkəmə prosesində iştirak etməyəcəyini bildirib
- Kamala Harrisin Qarabağ ermənilərinin geri qayıtmaq hüququ haqda bəyanatına Azərbaycandan reaksiya
- BRICS Cənubi Qafqaz regionunda nəqliyyat dəhlizlərinə necə təsir göstərə bilər? Bakıdan baxış
Sünnət nədir?
Sünnət – kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisminin və ya hamısının kəsilməsidir. Bu adət əsasən, yəhudilərdə və müsəlmanlarda tətbiq edilir. Azərbaycan da kişi sünnətinin geniş yayıldığı coğrafiyaya daxildir.
“Əslində sünnət hadisəsi əksər hallarda qeyri-tibbi həyata keçirilir. Bəli, bəzən tibbi səbəblərdən fimoz (sünnət dərisinin dar olması) dediyimiz halda biz uşaqları və ya yetkin insanları sünnət etmək məcburiyyətində qalırıq. Amma xəstəliklərin beynəlxalq koduna baxdığımız zaman bu əməliyyatın adının “ritual sünnət” olaraq qeyd olunduğunu görürük. Yəni bu, bir ritualdır, bir mərasimdir. İnsanlar əksərən bunu məhz bu, nöqteyi-nəzərdən həyata keçirirlər”,– uroloq-androloq həkim Vasif İsmayıl deyir.
“200 manat istəmişdilər, havayı başa gəldi”
Təzəxan Mirələmli sünnətin icbari tibbi sığorta paketinə salınmasını imkansız insanlar üçün yaxşı olduğunu deyir.
“Tanış cərrah var, dedi ki, icbari tibbi sığortaya müraciət elə, asan olacaq. Yenidən yaxınlaşdım uşağın qeydiyyatda olduğu Nərimanov rayon 7 saylı uşaq poliklinikasına. Prosedura uyğun olaraq göndəriş aldıq, bizi Musa Nağıyev adına xəstəxanaya yönləndirdilər.
Ora getdim, qeydiyyata aldılar həkimi təyin elədilər və dedilər ki, əməliyyatdan qabaq müəyyən müayinələr olmalıdır. Qanın ümumi analizi, döş qəfəsinin rentgeni və sairə. Həmin müayinələrdən keçəndən sonra əməliyyat günü təyin olundu, haradasa bir həftə sonraya. Yəni avqustun 20-də müraciət etmişdim, 28-nə təyin etdilər. Deyilən vaxt getdik, sünnət elədilər, təxminən bir həftəyə də uşaq yaxşılaşdı.
“Sığortasız 200 manat istəyirdilər, amma belə demək olar ki, xərcim çıxmadı. Cəmi 13 manat dərmana pul verdim”, – deyə Mirələmli danışır.
“Dəllək sünnəti”nin fəsadları
Buna qədər klinikalarda oğlan uşaqlarının sünnət etdirilməsi heç də ucuz başa gəlmirdi, qiymətlər təxminən 300-800 manat arası dəyişirdi. Buna görə də imkanı olmayanlar el arasında “dəllək” kimi tanınan şəxslərə müraciət etməli olurdular. Bu isə heç də həmişə təhlükəsiz olmurdu. “Dəllək” sünnətindən sonra uşağın qalıcı travma alması, ağır fəsadlar, hətta ölüm halları haqda ölkə mediasında çox sayda hadisələr işıqlandırılıb.
Bu hadisələrdən biri 2020-ci ilin fevralında Azərbaycan rayonlarından birində baş verib. Sünnət zamanı 5 yaşlı uşağın cinsiyyət orqanı kəsilib. Təcili Bakıya gətirilən uşaq əməliyyat olunub. O zaman cərrah Toğrul Ömərovun mediaya bildirmişdi ki, uşağın vəziyyətini normallaşdıra biliblər, amma sağlamlığının tam bərpası üçün ona uzun müddət düzgün müalicə lazım olacaq.
Oxşar hadisə 2011-ci ildə Gəncə şəhərində də yaşanmışdı. 82 yaşlı dəllək Şəmsəddin Tağıyev 4 yaşlı uşağı ev şəraitində sünnət edərkən yanlışlıqla onun cinsiyyət orqanını da kəsmişdi.
“Sünnətin İTS-a salınması klinikalardan kənarda təhlükəli sünnətlərin qarşısını alacaq”
Məhz bu qəbildən hadisələrlə daha rastlaşmamaq üçün Vasif İsmayıl sünnətin icbari tibbi sığorta hesabına həyata keçirilməsini müsbət hal sayır.
“Xüsusi hallar istisna olmaqla, sünnət tibbi cəhətdən lazımlı deyil, sırf adətdən irəli gəlir. Biz bunu sığortanın hesabına eləməyək desək, burada yanılarıq. Çünki insanlar bunu onsuz da eləyir və maddi xərc çəkirlər. Buna görə də icbari tibbi sığorta paketinə sünnətin salınmasına mənim münasibətim yaxşıdır. İmkansız ailələr məcburiyyət qarşısında sünnəti dəlləklərə etdirirdilər. O zaman da ortaya müəyyən fəsadlar çıxırdı. Bu fəsadların qarşını almaq üçün çox yaxşı addımdır. Artıq insanlar maddi sıxıntı çəkmədən uşaqlarını bu işdə peşəkar olan həkimə sünnət etdirə biləcəklər”, – Vasif İsmayıl deyir.
Bəzi maraqlı faktlar
Əksər həkimlərin sünnətdə heç bir tibbi əhəmiyyət görməməsinə baxmayaraq, sünnətin kişiləri HİV virusundan qoruduğu elmi şəkildə sübuta yetirilib.
Professor Rachel Royce (New England Journal of Medicine. 10 aprel 1997-ci il) “Sünnətsiz kişilərdə yoluxma halları sünnət edilmiş kişilərə nisbətən 8 dəfə yüksəkdir”, deyir.
“Sünnətli kişilərin QİÇS-ə yoluxma ehtimalı sünnətsiz kişilərə nisbətən daha azdır. Bu məlumatlar müxtəlif ölkələrdə aparılan 28 araşdırmaya əsaslanır. Onlardan 26-sı QİÇS-ə yoluxma riski ilə müxtəlif patogenlərin yerləşdiyi və böyüdüyü sünnət dərisinin mövcudluğu arasında qeyd-şərtsiz birbaşa əlaqənin olduğunu göstərib”, – kanadalı professor Alon Ronald Yaponiyada QİÇS problemi üzrə beynəlxalq simpoziumda təqdim olunan tədqiqatda eyni tezisi təkrarlayır. (The Telegraph, 09/08/1994).