Azərbaycanda siyasi məhbuslar varmı – AŞPA-da bu barədə mübahisə ediblər
«İndi başa düşdüm ki, nəyə görə Azərbaycanda siyasi məhbuslar var. Siz tənqidə dözümsüzsünüz», – Azərbaycan nümayəndə heyətinin onu qeyri-obyektivlikdə ittiham etməsinə AŞPA-nın məruzəçisi Torhildur Sunna Evarsdottir belə reaksiya verib. Azərbaycanda siyasi məhbusların olub-olmaması haqqında mübahisə AŞPA-nın iclasında baş verib. Burada “Azərbaycanda siyasi məhbuslarla əlaqədar məlumatlar haqqında iş” qətnaməsi və ona aid tövsiyələr qəbul edilib.
• Azərbaycanda keçmiş siyasi məhbuslar həbsdəki həyat barədə danışırlar
• Mövqe: Azərbaycanda nə baş verir – yuxarıdan inqilab, yoxsa imicin korreksiyası?
Birdəfəlik həll olunmalı “sistemli problem”
Qətnamədə deyilir ki, Azərbaycanda siyasi məhbuslar problemi “sistemli xarakter” daşıyır, AŞPA-nın tövsiyələri qulaqardına vurulur və insanlar siyasi motivlər əsasında həbsxanaya düşməkdə davam edirlər.
AŞPA Azərbaycan hakimiyyətinə jurnalist Əfqan Muxtarlının, “Müsəlman birliyi” hərəkatının liderləri Taleh Bağırzadə və Abbas Hüseynovun və bir sıra başqa şəxslərin işlərinə yenidən baxılması və siyasi motivlərlə həbs edilmiş şəxslərin hamısının azad olunması ilə bağlı xahişlə müraciət edib. Ümumiyyətlə, AŞPA istəyir ki, Azərbaycan hakimiyyəti “siyasi məhbuslar problemini birdəfəlik həll etsin”.
Azərbaycanın hüquq müdafiəçilərinin suyahılarına görə, ölkədəki siyasi məhbusların sayı hazırda 120 nəfərdən 136 nəfərə qədərdir.
Qətnamə Torhildur Sunnanın hesabatının əsasında qəbul edilib və AŞPA deputatlarının əksəriyyəti onu dəstəkləyərək, Azərbaycan hakimiyyətini və Azərbaycandakı vəziyyəti tənqid ediblər – bunu Turan agentliyi bildirir.
Ələlxüsus, fransalı parlament üzvü Bernar Furnye xatırladıb ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirmir və bəzən hüquq müdafiəçilərini və fəalları onların fəaliyyətinə görə həbs edir. Bununla birlikdə, Furnye qeyd edib ki, Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlar aparılır (hər halda, müvafiq fərmanlar imzalanıb), lakin bu tədbirlərin kifayət etmədiyini bildirib.
Demokratiya qurmağa mane olan «ağır miras»
Lakin Azərbaycan nümayəndə heyətinin üzvləri məruzə ilə bağlı qəti narazılıqlarını bildiriblər. Onların sözlərinə görə, bu sənəddə cinayətkar hərəkətlərə görə həbs edilmiş insanlar siyasi məhbus adlandırılıb.
Eləcə də, azərbaycanlı deputatlar şikayətləniblər ki, arxanda sovet keçmişinin “ağır mirası” olduğu halda demokratiya qurmaq çətindir. Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidov isə bildirib ki, Torhildur Sunna qərəzlidir.
«Azərbaycanda siyasi məhbusların olduğunu iddia etmək ağır ittihamdır və biz onu heç vaxt tanımayacağıq», – Seyidov deyib.
Azərbaycan nümayəndə heyətini Rusiyadan, Türkiyədən və başqa ölkələrdən olan bəzi deputatlar dəstəkləyib. Lakin nəticədə onu səs çoxluğu ilə – 28-ə qarşı 82 – qəbul ediblər.