Azərbaycanda sahibsiz itlər – problem necə həll edilməlidir?
Azərbaycanda sahibsiz itlər
Mart ayının əvvəlində Qaradağ rayonunun Qobu qəsəbəsində 9 yaşlı uşaq sahibsiz itlərin hücumuna məruz qalıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan uşaq əməliyyat keçirib və 8 gün müddətində reanimasiya şöbəsində intensiv müalicə görüb. Daha sonra isə müalicəsi palata şəraitində davam etdirilib və bu günlərdə vəziyyəti yaxşılaşaraq evə buraxılıb.
- Azərbaycanlı heyvan hüquqları müdafiəçisi: “İndi orada cəmi 5-10 it qalıb” – VİDEO
- Abxaziyada sahibsiz itlər haqda qorxulu hekayələr – amma bir qədər də ümid
- Gürcüstanda yiyəsiz heyvanlar: humanizm problemi həll etmir?
Bu sahibsiz itlərin hücumu ilə bağlı baş verən ilk hadisə deyil. Zaman-zaman ölkənin müxtəlif bölgələrindən bu cür xəbərlər yayılır. Hər bu cür hadisədən sonra “sahibsiz itlər” problemi bir müddət medianın və ictimaiyyətin müzakirə etdiyi əsas mövzuya çevrilir.
2023-cü ilin may ayında sahibsiz itlərin insanları dişləməsilə bağlı yerli mediada azı beş xəbər yayılmışdı. Həmin vaxt Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycandakı sahibsiz itləri it ətinin istehlak olunduğu Koreya və Çinə satılması təklifini səsləndirmişdi.
Bu cür müzakirələr qızışdığı zaman çoxları problemin həllini sahibsiz heyvanların öldürülməsində görsə də, heyvan haqları müdafiəçiləri problemə görə dövləti məsul bilir, həll yolunu da dövlətdən gözləyirlər.
“Əsas məsuliyyətli dövlətdir”
Heyvan haqlarını müdafiə edən fəallardan biri Kamran Məmmədli hesab edir ki, sahibsiz itlərin insanlara hücum etməsi insanlardan gördükləri pis münasibətin nəticəsidir.
“Azərbaycanda itlərə daş atırlar, güllələyirlər, zəhərləyirlər və onlar da müdafiə olunmaq üçün insanlara qarşı aqressivləşirlər. Yəni problem itlərdə deyil, onları əhatə edən insan cəmiyyətində – bizdədir”, Məmmədli deyir.
Amma heyvansevərin fikrincə, problemin illərdir həllini tapmamasında əsas məsuliyyətli dövlətdir.
“Dövlət qurumları problemi həll etmək əvəzinə itləri güllələyir. Cəmiyyət isə dövlətin itləri güllələdiyini görür və nəticədə valideynlər uşaqlarına itlərə daş atmağı öyrədir. Yəni hökümətin sahibsiz heyvanlara qarşı bu cür davranışı sadə insanlarda da zorakı davranışı formalaşdırır.
Bir insanı it dişləməsi hadisəsi baş verəndə isə ölkədəki bütün itlərin öldürülməsinə çağırışlar başlayır. Xüsusən TV kanalları, hakimiyyətin nəzarətində olan media belə hadisələri şişirdirlər ki, növbəti dəfə itlərin güllələnməsi kampaniyası başlayanda vətəndaşların etirazı zəif olsun”, – fəal izah edir.
Beynəlxalq Konvensiyaya 17 ildir əməl olunmur
Azərbaycan hökuməti 2007-ci ildə Ev Heyvanlarının Mühafizəsi üzrə Avropa Konvensiyasına qoşulub. Konvensiyaya görə, hökumət sahibsiz heyvanları əziyyətlərə, ağrılara və ya narahatlığa məruz qoymadan onların sayını azaltmaq üçün zəruri tədbirlər görməli (qısırlaşdırılmalı), sığınacaqlar yaratmalı idi. Götürülən öhdəliklərin üzərindən 17 il keçsə də, sahibsiz itlərlə bağlı hər hansısa dövlət proqramı açıqlanmayıb.
Heyvanların qısırlaşdırılması, tibbi müayinəsi və sığınacaqların istifadəyə verilməsi icra hakimiyyətləri və bələdiyyələrin vəzifəsi hesab edilir. Bununla məşğul olmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin nəznində Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi yaradılıb ki, onların da hansı resurslara malik olması, dövlət büdcəsindən konkret nə qədər maliyyə dəstəyi alması və bu pulun necə xərclənməsi barədə məlumatlar yoxdur.
Heyvan haqları fəalları ictimai hesabatlılığı mövcud olmayan bu idarənin sahibsiz itləri öldürdüyünü deyirlər.
“Heyvan haqları fəalları dəfələrlə itləri güllələyən şəxslərin yerli icra hakimiyyətlərinin əməkdaşları olduqlarını əks etdirən videolar, həmçinin icra hakimiyyəti əməkdaşlarının itlər üçün küçələrdə zəhər qoyduğunu əks etdirən videolar yayımlayıblar”, – Kamran Məmmədli qeyd edir.
Yerli icra orqanları bu ittihamları təkzib edir, amma mediaya detallı açıqlama verməkdən də yayınırlar.
“Toplan” – sığınacaq, yoxsa?
Azərbaycanda sahibsiz itlər üçün bilinən əsas mərkəz “Toplan”dır. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat Kommunal Departamentinin sanitariya və texniki təmizlik idarəsinin ərazisində yerləşən mərkəz üç inzibati-təsərrüfat binasından ibarətdir.
Heyvansevərlər “Toplan”ın fəaliyyətinin şəffaf olmadığını iddia edirlər. Onlar oraya aparılan itlərin sonrakı taleyindən xəbər tuta bilmədiklərini deyirlər. Heyvan haqları fəalları “Toplan”ı sahibsiz itləri öldürməkdə gnahlandırırlar.
“Toplan” rəhbəliyi isə öz növbəsində iddiaları qəbul etmir. Hətta 2021-ci ilin avqustunda mərkəz əməkdaşları 4 fəalı – Aynur Babayeva, Nicat İsmayıl, Elxan Mirzəyevvə İlhamə Nəsirovanı məhkəməyə verib. İddiaçılar fəalları böhtan və təhqirlərə görə cinayət məsuliyyətinə cəlb etməyi – ya 100 min manat (58 min dollar) cərimələməyi, ya da həbs etməyi tələb ediblər.
Bir il davam edən məhkəmə çəkişməsinin sonunda verilən hökmə əsasən, İlhamə Nəsirova və Elxan Mirzəyev hər biri 1000, Aynur Babazadə 1500, Nicat İsmayılov isə 2000 manat məbləğində cərimə ödəməlidirlər.
Fəallar məhkəmə qərarından şikayət versələr də, Apellyasiya Məhkəməsi ilkin instansiyanın qərarını qüvvədə saxlayıb. Müdafiə tərəfi bu qərardan da kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılmalıdır.
“Tbilisidə itlərin belə rahat yaşaması məni heyrətləndirdi”
İctimai-siyasi fəal Nemət Abbasov iki aya yaxındır ki, qonşu Gürcüstanın paytaxtı Tbilisidə yaşayır. Deyir ki, burada sahibsiz itlərin durumu onu heyrətləndirib.
“Tbilisidə az qala hər küçədə onlarla it gəzişir. Nə itlər insanlara, nə də insanlar itlərə narahatlıq yaratmır. İtlər hamısı birkalanıb və peyvəndlənib. İnsanlar onları yemləyir, onlarla şəkil çəkdirirlər. İtlərin özlərinə qarşı heç bir təhlükə hiss etməməsinə görədir ki, heç birindən aqressiv davranış görməmişəm. Təəssüf ki, yarım saatlıq uçuş məsafəsində yerləşən Azərbaycanda itlər güllələnir, zorakılığa məruz qalır. Buna görə də bizim ölkə sahibsiz itlərin aqressiv olması məni təəccübləndirmir”, – Abbasov bildirir.
Əksər Avropa ölkələrində hökumətlər heyvansevərlərlə birlikdə sahibsiz itlərin qısırlaşdırılması, peyvəndlənməsi, sığınacaqlara yerləşdirilməsi və sahibləndirilməsi istiqamətində işlər görürlər.
“Əgər bizdə də yerli icra hakimiyyətləri itləri qısırlaşdırarsa, bir müddət sonra küçələrdə sahibsiz itlərin sayı azalar. İt satışının qadağan edilsə, sahibsiz heyvanların sahiblənməsilə bağlı maarifləndirmə aparılsa, bir müddət sonra problem kökündən həll olar. Ancaq Azərbaycan dövlətinin bu mövzuda heç bir yol xəritəsi yoxdur.
Dünən Bakının Novxanı kəndində heyvan haqları müdafiəçilərinin qısırlaşdırıb peyvəndlədiyi, qulağında birka olan onlara it icra hakimiyyəti tərəfindən güllələnib.
Yəni dövlət nəinki bu sahədə iş görmək niyyətində deyil, əksinə, heyvan haqları fəallarının öz imkanları ilə problemi həll etməsinə mane olur. Güllələmənin qanunvericiliyə zidd olmasından daha danışmıram”, – Kamran Məmmədli bildirir.