Azərbaycanda “virtual məzarlıq” – QR kodlar ölən insanların hekayələrini “danışır”
Azərbaycanda QR kodlu məzarlar
Mərdəkan qəbiristanlığında adi bir gündür. Bir tərəfdə yaxınlarının məzarını ziyarətə gələn insanlar əllərində güllərlə sıraların arasında irəliləyir, digər tərəfdə isə fəhlələr yeni məzarlar üçün başdaşı hazırlamaqla məşğuldur.
Mərmərdən hazırlanan yüzlərlə qəbir daşının üzərində buranın sakinləri haqda qısa məlumat yer alır – adları, soyadları, doğum və ölüm tarixləri. Bu qədər…
- “Bu qədər insanı işsiz qoymaq nəyə lazım idi?” – Azərbaycanda taksi sürücüləri yeni qərardan narazıdır
- Azərbaycanda 25 məcburi köçkün ailəsi dövlətdən kömək gözləyir
- Azərbaycanda sahibsiz itlər – problem necə həll edilməlidir?
“Bax, bu tərəfdən keçin, ilk sıradan etibarən QR kodlu qəbirləri görəcəksiniz”, – Zaur Quliyev “qonşularından” fərqlənən qəbirlərə tərəf işarə edir.
İki sıra halındakı məzarlar Birinci və İkinci Qarabağ Müharibəsində şəhid olan hərbçilərə aiddir. Onların qəbir daşlarının üzərinə QR kod (ştrix kodların növlərindən biri) həkk olunub. Həmin kodu mobil cihaz vasitəsilə skan etdikdə (oxutduqda) “rahmat.az” adlı sayta keçid verir. Sayta daxil olduqdan sonra QR kodunu oxutduğunuz məzardakı şəxsin həyat hekayəsi qarşınıza çıxır. Bununla da “O, kimdir? Əslən haradandır? Nə işlə məşğul olub? Necə ölüb?” və sairə kimi suallara cavab almaq mümkündür. Bu, bir məzar daşından doğum və ölüm tarixindən daha çox informasiya almaq deməkdir.
“Nə qədər ki, yaddaş var, insan yaşayacaq”
Zaur Quliyev bu saytın təsisçisidir. O, iki ay öncə – fevralın sonunda bu ideyanı həyata keçirmək qərarına gəlib.
“Bir gün bura – Mərdəkan qəbiristanlığına atamın məzarını ziyarət eləmək üçün gəlmişdim. Yeni dəfn olunan cavan bir oğlanın anası da burada idi. Oğlunun məzarı üstə hönkürtü ilə elə ağlayıdı ki, səsini qəbiristanlığın hər yerindən eşitmək olurdu. Dözmədim, ona yaxınlaşdım, başsağlığı verdim. O da mənə oğlu haqqında danışmağa başladı.
25 yaşı varmış, özü də dini inancına möhkəm bağlı oğlan imiş. Anası oğlunun gələcək haqqındakı təsəvvürlərindən, arzularından, insanlarla mehriban rəftarından, hamıya qayğı ilə yanaşmasından bəhs edirdi.
Amma bir gün qəfl öyrəniblər ki, oğlan xərçəng xəstəsidir. Xəstəliyin elə vaxtında xəbər tutublar ki, artıq onun sağalmağına ümid olmayıb. Beləcə onun həyatı, dolayısı ilə də anasının onunla bağlı ümidləri yarımçıq qalıb.
Qadına qulaq asdıqca düşündüm ki, bu hekayələri hamı eşitməlidir. Kənardan baxanda bizə adi qəbir kimi görünən bu daşların altında o qədər hekayələr yatır ki. Bu yaddaş özü bir tarixdir. Nə qədər ki yaddaş var, insan yaşayacaq”, – Zaur ideyasının yarandığı günü belə xatırlayır.
O, elə həmin gün dostu Elşənlə görüşüb fikirlərini onunla bölüşür. İdeyasını ona danışarkən bunu “virtual məzarlıq” adlandırır. Dostu da ideyanı bəyənir və heç bir tərəddüdsüz bu işə qol qoyur.
Elşən İT (İnformasiya Texnologiyaları) üzrə mütəxəssis olduğundan QR kod və saytla bağlı texniki işlər ona həvalə olunur. Zaur isə təşkilati işlərlə məşğul olmağa başlayır. QR kodu məzar daşlarına həkk eləmək üçün lazımı materialları (mərmər və s.) alır və hazırlanması üçün ustalara təhvil verir. Məhsul hazır olduqdan sonra test etmək də onun öhdəsinə düşür.
Saytda skan edilən səhifələr rus və ingilis dillərinə də tərcümə olunub. Bu QR kodlara məzarın geolokasiyasını da əlavə etmək mümkündür ki, bununla da məzarlar “itmir” və onun ünvanı dəqiq göstərilir.
Saytda “Şəhidlər” və “Tarixi şəxsiyyətlər” bölmələrindəki məlumatlar ictimai açıq şəkildə paylaşılıb. “Sıravi şəxslər” barədə məlumatlar isə açıq deyil, bu məlumatları ancaq onların məzarındakı QR kodları skan edən zaman saytda görmək mümkün olur.
“İlk QR kodlu məzar daşını atam üçün hazırlamışıq”
Zaur ideyasını birinci öz atası – Fərhad Quliyevin məzarında tətbiq edib.
“Babam hərbçi olub, yeri gəlmişkən mən də onun yolu ilə getmişəm. Üç il bundan əvvəl təqaüdə çıxanadək mən də hərbçi idim. Atam hərbçi ailəsində, çox kasıb bir şəraitdə böyüyüb.
O dövr Azərbaycanda yaşamaq hamı üçün çətin idi. Hamı yoxsulluqla əlləşir, ailəsini dolandırmağın yollarını axtarırdı. Atam belə şəraitdə oxuyub, ali təhsil aldı. Hüquqşünas oldu. O zaman bu, böyük zəhmət hesabına başa gələn bir şey idi.
Ondan sonra atam uzun illər Daxili İşlər Nazirliyində mühüm işlər üzrə müstəntiq vəzifəsində çalışdı. Özü də çox qayğıkeş adam idi. Mən evin tək oğlu olmuşam. Bütün uşaqlığım atamın mehribanlığı ilə əhatələnmişdi. İndi daha yaxşı başa düşürəm ki, bir uşaq üçün ən əhəmiyyətli şey valideyninin belə qayğıkeş və ona həmişə dəstək olmasıdır”, – deyə, atası barədə danışır.
QR kodlu 46 məzardan 34-ü şəhid məzarıdır
Zaur hələlik bu ideyanı sadəcə Xəzər rayonunda – Mərdəkan qəbiristanlığı, Mərdəkanda yerləşən Şəhidlər Parkı və Şüvəlan qəbiristanlığında həyata keçirib. Gələcəkdə bu tətbiqi bütün ölkə üzrə yaymaq niyyətindədir. Hətta artıq rayonlardan ilk sifarişləri qəbul etməyə başlayıblar.
İndiyədək QR kodlar 46 nəfərin məzarı üzərində tətbiq edilib. Bunlardan 34 nəfəri Birinci və İkinci Qarabağ Müharibəsində həlak olan hərbçilərə aid məzarlardır. Zaur bu şəxslərin yaxınlarından gələn sifarişləri təmənnasız həyata keçirdiyini bildirir. Digər sifarişçilər üçün isə xidmət haqqı 50 manat təşkil edir. Bu xidmətə mərhum üçün saytda səhifənin yaradılması, üç foto, bir video fayl, xəritə məlumatlarının yerləşdirilməsi və QR kodun generasiyası daxildir.
Sifariş qəbul etdiyi zaman mərhumların hekayələrini ilk özü öyrənir. Deyir ki, bu, yeni insanla tanış olmaq kimidir, fərq isə ondadır ki, hekayəni həmin adam özü danışmır.
İndiyə qədər dinlədiyi hekayələr arasında bir neçəsi var ki, Zaurun yaddaşında həmişə canlı qalıb. Onlardan biri də Seyid Qəmər xanımın heykayəsidir.
Qəmər xanım 1889-cu ildə Bakıda doğulub. O, Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli və şəfaverici qüvvəyə malik olduğuna inanılan 1883-1950-ci illərdə yaşamış Mir Mövsüm Ağanın (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə) qohumlarındandır.
“Qəmər xanımın qohumları mənimlə əlaqə saxlayıb, məzarının üzərinə QR kod həkk eləməyimi istədilər. Onun hekayəsi mənim üçün çox maraqlı idi. Deyilənə görə, onun atası Bakı milyonçularından olub. Gəncliyində kasıb təbəqədən sayılan bir oğlana aşiq olub, amma ailəsi onların evlənməsinə razılıq verməyib. O da ailəsinin bütün sərvətindən imtina edib, sevdiyi oğlanla qaçıb. Beləcə, evləniblər. Həyatları çətinlik və səfalətlə keçib. Amma deyilər ki, onlar çox xoşbəxt yaşayıblar. Axı bir-birlərini seviblər”, – Zaur gülümsəyir.
“14 yaşlı qızımla məzarlığa ziyarətə gedəndə, o heç kimi tanımırdı”
Zaurun yaxın dostu Qriqori Koçnev QR kodlu məzar daşı sifariş edən ilk şəxslərdən biridir. Qrişa (yaxınları ona belə müraciət edir) milliyətcə rusdur. O, adını daşıdığı ata babası Koçnev Qriqori İvanoviçin məzarı üçün QR kodun hazırlanmasını istəyib. Deyir, bunu yaxınlarının xatirəsinin itib-batmaması üçün edib.
“Zaur mənə dedi ki, belə bir ideya var. Mən də dərhal babam üçün bunu etmək istədiyimi bildirdim. Fikirləşdim ki, eləmək lazımdır. Çünki bu yaddaşdır.
Məsələn, qızım var 14 yaşında, biz qəbiristanlığa qohumların məzarını ziyarətə gedəndə hiss edirəm ki, onun üçün maraqsızdır. Çünki ziyarət etdiyimiz insanları tanımır. Onlar qızım ya doğulmamış, ya da uşaq ikən vəfat ediblər. Elə böyüklər də artıq keçmişi unudur.
Bizim ailənin Azərbaycana köçü babamla bağlıdır. Onu xatırlamırlar. Necə olub, niyə köçüb Azərbaycana? Onun hekayəsini bilən tək-tük qohumlardan biri bibim sağ qalıb, onun da 82 yaşı var. Mən də ondan soruşanda ki, baba necə gəlib bura, görürəm onun da yaddaşı korşalıb. Dəqiq xatırlamır heç nəyi”, – Qrişa danışır.
Onun babası Qriqori İvanoviç 1880-cü illərin sonlarında çar Rusiyasında doğulub.
“Birinci Dünya Müharibəsinin astanasında Rusiyada böyük ərzaq qıtlığı yaşanan zaman babam arabaçı idi, qır daşıyırdı. Görüb ki, orada heç cür dolana bilmir, Azərbaycana köçməyə qərar verib. Düşünüb ki, burada özünə yeni həyat qursun. Əvvəl gəlib Buzovnaya, bir neçə ildən sonra isə Mərdəkanda yaşamağa başlayıb. Nənəmlə də burada tanış olub evləniblər. Nənəm də rusdur, amma daha öncədən Azərbaycanda yaşayırmış. O vaxtdan ailəmiz elə burada – Mərdəkanda kök salıb”.
55 yaşlı Qrişanın bir qızı və bir oğlu var. Azərbaycanlı həyat yoldaşı ilə elə burada – Mərdəkanda tanış olub, evləniblər.
“Rusiyada qohumlarımız var. Babamın qəbrinin şəklini çəkib yolladım onlara, çox bəyəndilər. Digər qohumlarımız üçün də etdirəcəyəm bunu. İstəmirəm ki, bizim ailənin tarixi unudulsun”, – Qrişa deyir.
“Ay sağ ol, məhz elə bunu deyirdim. Bu təşəbbüs elə tariximizin, xatirələrimizin unudulmaması üçündür”, – deyə Zaur dostu Qrişanın sözünü tamamlayır.