Azərbaycanda qapalı çevrə: seçki pozuntuları və AİHM-in gecikən qərarları
2022-ci il yanvarın 13-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 15-dən çox iddia ilə bağlı qərarını açıqlayacaq. Bu şikayətlər arasında parlament seçkilərində deputatlığa namizədin hüquqlarının pozulması haqda iş də var. Müxalif siyasətçilərin fikrincə, Avropa Məhkəməsinin qərarlarının gecikməsi Azərbaycan hakimiyyətinə sərf edir.
- “Heykəl məhbusu” Prezident Administrasiyası qarşısında özünü yandırmaq istəyib
- Avropa Məhkəməsi Azərbaycanda ilk dəfə informasiya almaq hüququnun pozulmasını tanıyıb
- Azərbaycanda bloklanan saytlar hüquqlarının bərpasını tələb edirlər
“Prosesi geri qaytarmaq mümkün deyil”
“Ümid” partiyasının sədri İqbal Ağazadə parlament seçkilərində hüquqlarının pozulması ilə bağlı iddiasına dair Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarını gözləyir.
Milli Məclis üzvü Fazil Mustafanın fikrincə, Azərbaycan hökuməti bir qayda olaraq, AİHM-in mülkiyyət hüququnun pozulması və ya qanunsuz həbslərlə bağlı qərarlarını icra edir, ərizəçilərə kompensasiya ödənir və bəraət verilir.
“Son vaxtlar bunun nümunələri də oldu. NİDA, REAL üzərindən bunu gerçəkləşdirdilər.
Digər məsələlərdə isə ardıcıllıqla əsas kompensasiyanın ödənilməsi nəzərdə tutulur. Çünki prosesi geri çevirmək olmur. Məsələn, kimsə hansısa dairədən seçilib və seçilməyən şəxs məhkəməyə müraciət edir, üstündən 2-3 il keçir və bu müddət ərzində o biri şəxs orada hüquq sahibidir. İndi onun hüququnun pozulmasından söhbət gedə bilər, yenidən o da məhkəməyə müraciət edə bilər. Ona görə də doğru olan elə kompensasiya hissəsinə diqqət yetirilməsidir”, – Fazil Mustafa “Turan”a açıqlamasında bildirib.
“Hökumət seçkilərin saxtalaşdırılması faktını etiraf edir”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev əmindir ki, Azərbaycanda ədalətli məhkəmə məsələsi “qapalı çevrə”dir, Avropa İnsan Haqları Məhkəməsi də bu çevrənin bir elementinə çevrilib.
Əliyev bildirib ki, 2021-ci ildə AİHM 2015-ci il parlament seçkilərində 40-a yaxın namizədin hüquqlarının pozulsı ilə bağlı qərar qəbul edib. Özü də həmin ərizəçilər sırasında olan keçmiş deputatlığa namizədə dövlət tərəfindən 4750 avro [$5.367] kompensasiya ödənməlidir. Bu, Avropa Məhkəməsinin qərarı ilə təsbit olunub. Bu məbləğin 750 avrosu [$847] hüquqi prosedurların xərcinə sərf olunacaq, 4000 avro [$4520] isə özünə çatacaq.
Əli Əliyev qeyd edir ki, nail olmaq istədiyi heç də bu deyildi. Vəkilinin bildirdiyinə görə, işə baxıldığı zaman Azərbaycan hökuməti qanun pozuntusunu etiraf edib və kompensasiya ödəməyə razılaşıb.
Kompensasiya məbləğini rəmzi hesab edən Əliyev bildirir ki, bu, 2015-ci ildə seçki kampaniyasına xərclədiyinin çox cüzi hissəsidir. Ona görə, burada məsələnin siyasi tərəfi daha önəmlidir.
“Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, hökumət total saxtalaşdırma faktını gizlətmir. Bununla da icra hakimiyyəti qanunverici hakimiyyəti qəsb edir”.
Deyən Əliyevin sözlərinə görə, 4-5 ildən sonra parlament artıq öz qüvvəsini itirdiyi zaman Avropa Məhkəməsi hüquqları pozulan namizədlərin xeyrinə qərar qəbul edir. Hökumət də bu pozuntuları etiraf edir.
“Bu o deməkdir ki, 5 il müddətində ölkədə qanunverici hakimiyyət faktiki mənimsənmiş, qeyri-legitim olub, bir az da uzağa getsək, həmin qanunsuz parlamentin qəbul etdiyi bütün qanunlar da qeyri-legitimdir”, – Əliyev deyib.
“Azərbaycanda qapalı çevrə”
Əli Əliyevin sözlərinə görə, Azərbaycan hakimiyyəti asan yol tapıb:
“Əvvəlcə seçkiləri saxtalaşdırır, hüquqi prosedurlar uzun çəkir və demək olar ki, parlament qüvvədən düşdüyü və yeni seçkilər elan olunduğu zaman başa çatır. Bu vaxt artıq mövcud olmayan parlamentə seçkilərin saxtalaşdırılmasını qəbul edirsən, kompensasiya ödəyirsən.
Sonra yenə növbəti saxtalaşdırma və daha bir qeyri-legitim parlament və AİHM-in beş il sonra ərsəyə gələn qərarı. Beləcə qapalı çevrə. Başqa sözlə, hətta bu məhkəmə yolu da bizi yaxşı heç nəyə aparıb çıxarmayacaq”.
Məsələnin maddi tərəfi haqda
Əli Əliyev məsələnin maddi tərəfinə də toxunub:
“Mənə 4750 avro həcmində kompensasiya ödənəcək. Amma mən maddi cəhətdən nə qədər itirmişəm?
Mən parlamentə seçilmiş olsaydım, qanuna əsasən, partiyam hər il büdcədən 120.000 manat [$70.588], yəni parlamentin fəaliyyət müddəti ərzində 600.000 manat [$352.941] almalı idi. Bura deputat maaşını, köməkçisinin maaşını, 5 il müddətində fəaliyyət xərclərini də əlavə edin. Böyük məbləğ alınır. Mənə isə müqayisədə çox gülməli kompensasiya ödənir”, – Əli Əliyev sözlərini yekunlaşdırıb.