Azərbaycanda müxalif hərəkat hakimiyyətdən “Pandora Dosyesi”nə görə hesabat tələb edib
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı müstəqil KİV-də dərc olunan “Pandora Dosyesi” ilə bağlı bəyanat yayıb. Müxalifətçilər bu mateterialda əksini tapan faktlarla bağlı prezident İlham Əliyev və ailəsindən hesabat tələb edirlər.
“Pandora Dosyesi”ndə göstərilib ki, Əliyevlər ailəsinin Londonda 2006-2016-cı illər üzrə əmlak ticarətinin dövriyyəsi 429 milyon funt sterlinq və ya 1 milyard manat təşkil edib. Bu biznesin mənbəyinin çirkli korrupsiya pulları olduğu heç kəsdə şübhə doğurmur. Çünki, İlham Əliyev hesabat illərindəki prezidentlik maaşı ilə bu qədər vəsaiti sərmayə etmək üçün 3070 il iş stajına malik olmalıdır”, – ADR Hərəkatının bəyanatında deyilir.
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı 2015-ci ildə təsis edilib. Hərəkata iqtisadçı, fəlsəfə doktoru Qubad İbadoğlu rəhbərlik edir. İbadoğlu hazırda ABŞ-da yaşayır və Nyu Cersidə Rutqers Universitetində dərs deyir.
Müxalif hərəkatın bəyanatında qeyd olunur ki, “Əliyevlər ailəsinin Londondakı əmlak biznesinə sərmayə yatırması İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrdə baş verməsi onun vəzifəsindən sui-istifadə etməsinin, korrupsiyaya qurşanmanın və qeyri-qanuni biznes fəaliyyətinin nəticəsidir”.
- Azərbaycan prezidentinin əmisi qızı həbs oluna bilər
- Azəbaycanlılar Çexiyada: parlayan hər şey demokratiya deyil
- Azərbaycanda korrupsiyaya görə həbs edilmiş general-leytenant ev dustaqlığına buraxıldı
“Bu, ölkənin sərvətlərinin və büdcəsinin talan edilməsi ilə bağlı ADR Hərəkatının dəfələrlə açıqladığı korrupsiya faktlarını təsdiq edir və Əliyevlər ailəsinin korrupsioner fəaliyyətinin ifşasıdır”, – “Turan” informasiya agentliyinin dərc etdiyi bəyanatda vurğulanır.
ADR Hərəkatı öv bəyanatında onu da qeyd edib ki, “Əliyevlər ailəsinin gizli biznesinə dair faktların aşkarlanması ölkənin investisiya və korrupsiya reytinqinə mənfi təsir göstərəcək, kredit reytinqini aşağı salacaq ki, bütün bunlar da hazırda işğaldan azad olunmuş ərazilərdə əhəmiyyətli rola malik xarici sərmayələrin cəlbinə riskləri və təhlükələri artıracaq”, – bəyanat müəllifləri bildiriblər.
Qubad İbadoğlunun rəhbərlik etdiyi təşkilat ADR-in dəfələrlə korrupsiya ilə mübarizəyə dair təkliflərlə çıxış etdiyini xatırladıb. Sonuncu dəfə hərəkat Azərbaycan hökumətinə “Korrupsiyaya qarşı mübarizə üzrə 32 vacib addım” Planını təqdim edib.
“Lakin mövcud hakimiyyət indiyə qədər korrupsiya ilə mübarizə istiqamətində heç bir əhəmiyyətli addım atmayıb, əskinə, rüşvətxorluq və korrupsiya gəlirlərinin mərkəzləşdirilməsinə, ofşor zonlarda şirkətlərin qurulmasına və bu vasitə ilə Azərbaycandan çıxarılan çirkli pulların xaricdə yuyulmasına şərait yaradıb”.
Sənəddə prezidentdən başlayaraq rayon administrasiyalarının rəhbərlərinə qədər yüksək və orta ranqlı məmurların, o cümlədən də prokurorların, hakimlərin, hüquq-mühafizə orqanları əməkdaşlarının maliyyə hesabatlılığının vacibliyi vurğulanır.
“ADR Hərəkatı dövlət başçısı İlham Əliyevi ailəsinin korrupsiya fəaliyyətinə dair iddialara cavab və xalqa izahat verməyə çağırır, Baş Prokurorluqdan ölkə rəhbərinin və ailəsinin biznesinə dair “Pandora Dosyesi”ndə yer almış faktları araşdırmağı tələb edir”, – bəyanatda deyilir.