Azərbaycanda matəm günü – Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü. Versiyalar və arqumentlər
Azərbaycanda Xocalı faciəsinin qurbanlarının xatirəsi anılır. Dağlıq Qarabağ uğrunda Ermənistanla Azərbaycan arasında münaqişənin – Qarabağ müharibəsinin ən qanlı epizodlarından birinin üstündən 28 il keçir.
Qarabağda hərbi əməliyyatların qızğın çağında – 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Qarabağda yerləşən 366-cı motoatıcı alayının köməyi ilə azərbaycanlıların yaşadığı Xocalı şəhərinə hücum etmişdilər.
Azərbaycan tərəfinin rəsmi statistikasına əsasən, hücum zamanı 613 dinc sakin qətlə yetirilib və 487 nəfər ağır yaralanıb, 1275 nəfər əsir düşüb, 150 nəfərin taleyi hələ də məlum deyil.
Mübahisələr və versiyalar
Xocalıda baş verənlərlə əlaqədar Azərbaycan və Ermənistan tərəflərinin versiyaları olduqca fərqlidir.
• Ümumi qiymət
Azərbaycanda Xocalı qətliamını azərbaycanlılara qarşı soyqırımı və bəşəriyyətə qarşı cinayət adlandırırlar. “Xocalı üçün ədalət” kampaniyası Azərbaycan tərəfindən dünyanın müxtəlif ölkələrində “informasiya müharibəsi” çərçivəsində həyata keçirilir.
Ermənistanda hadisələrin Azərbaycan versiyasını çox şişirdilmiş hesab edirlər və düşünürlər ki, bu hərbi cinayəti təxribat məqsədilə azərbaycanlılar özləri törədiblər.
• Faciəyə gətirib çıxarmış amillər
Ermənistanda ittihamlara cavab olaraq bildirirlər ki, dinc əhalinin geri çəkilməsi üçün dəhliz saxlanmışdı (Ağdama gedən dəmir yolu boyunca) və hücumdan əvvəl bununla bağlı səsgücləndiricilərlə elan edilmişdi. Şahid ifadələri var ki, bəzi xocalılılar həmin dəhlizlə heç bir maneə olmadan çıxıb gediblər.
Azərbaycanda buna cavab olaraq deyirlər ki, sakinlərdən az qala heç birinin həmin dəhliz haqqında məlumatı olmayıb. “Human Rights Watch” da öz hesabatında yazır ki, rəyi soruşulan şahidlərdən heç biri bu dəhliz haqında məlumatlı olmayıb.
Dinc sakinlərin təxliyəsi məsələsi daha az hallarda müzakirə olunur – axı onların böyük hissəsi hücuma qədər şəhərdən çıxarılmışdı. Həmin vaxt Xocalıda təxminən üç min nəfər yaşayırdı.
• Faciənin təfərrüatları
Azərbaycanda hesab edirlər ki, köməksiz dinc sakinlər erməni hərbçilər tərəfindən işgəncə verilərək, qəddarcasına qətlə yetiriliblər. Buna sübut olaraq məşhur reportyor Çingiz Mustafayevin qeydə aldığı videoyazı nümayiş etdirilir.
Ermənistanda buna cavab olaraq bildirirlər ki, Mustafayevin videoçəkilişi hadisələrdən müəyyən müddət sonra edilib və Azərbaycanın nümayiş etdirməkdən imtina etdiyi birinci yazı da mövcuddur, həlak olanların meyitlərini isə vəhşi heyvanlar, yaxud da azərbaycanlılar özləri təxribat məqsədilə eybəcərləşdirə bilərdilər.
“Human Rights Watch” öz araşdırmasında yazır:
«Geri çəkilən iyirmiyə yaxın müdafiəçi ilə birlikdə sakinlər kütlə şəklində erməni silahlı qüvvələrinin əlinə keçmiş şəhərdən qaçırdı. Onlar Azərbaycanla sərhədə yaxınlaşarkən erməni silahlı postuna tuş gəliblər və qəddarcasına güllələniblər».
Britaniyalı jurnalist Tomas de Vaal da özünün “Qara bağ” kitabında yazır ki, xocalılılarla birlikdə şəhəri Xocalı hava limanının mühafizəçiləri də tərk etməyə çalışıblar və onlar cavab atəşi açmağa cəhd edərkən dərhal öldürülüblər.
• Xocalı hadisələrinə reaksiya
Azərbaycanlıların Xocalı qətliamını müstəqil şəkildə təşkil etdikləri ilə bağlı ittihamlara cavab olaraq Azərbaycanda Ermənistanın keçmiş baş nazirindən, o vaxtkı müdafiə naziri Serj Sarkisyandan sitat gətirirlər:
«Mən fikirləşirəm ki, əsas məsələ tamam başqa idi. Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu [stereotipi] sındırmağı bacardıq. Bax, bu baş verdi. Onu da nəzərə almaq lazımdır ki, həmin oğlanların arasında Bakıdan və Sumqayıtdan qaçan insanlar da var idi».
Ermənsitanda isə, öz növbəsində, Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibova istinad edərək iddia edirlər ki, o, Rusiyanın “Nezavisimaya qazeta”sına müsahibəsində qətliamın törədilməsində Azərbaycan müxalifətini ittiham edib. Mütəllibovun özü bunu qəti şəkildə inkar edir.
Azərbaycanda 26 fevral matəm günüdür. Ənənəyə görə, ölkənin rəsmi şəxsləri və adi vətəndaşları faciə qurbanlarının abidəsinin önünə çiçək qoyurlar. Matəm tədbirləri həmçinin müxtəlif müəssisələrdə, məktəblərdə və universitetlərdə keçirilir.
• Xocalı: olduğu kimi. Tomas de Vaalın “Qara bağ” kitabından
• Xocalıda nə baş verib: Tatul Akopyanın “Qarabağ gündəliyi: yaşıl və qara” kitabından bir parça