CPJ Azərbaycanda jurnalistlərin həbs müddətinin uzadılmasını pisləyib
Azərbaycanda jurnalistlərin həbsi
“Son həftələrdə Azərbaycan hakimiyyəti ölkədə qalan bir neçə müstəqil KİV-in daim sıxışdırılması çərçivəsində 11 jurnalistin ilkin həbs müddətini uzadıb”. Bu barədə Nyu-Yorkda yerləşən Jurnalistəri Müdafiə Komitəsinin (CPJ) bəyanatında deyilir.
- “Türk Dövlətləri Təşkilatı Orta Asiyanı Rusiya və Çinin təsirindən ayırıb Avropaya yaxınlaşdıra bilər”. Bakıdan baxış
- “Onlar tapşırıq yerinə yetirirlər”. Azərbaycanın hökumətyönlü mediası Gürcüstanda “rus qanunu”nun qəbulunu niyə və necə dəstəklədi?
- “Əhalinin gəliri xərclərini qarşılamır”. Azərbaycanda bahalaşma
Bu jurnalistlər ötən ilin noyabrından etibarən Qərb donorlarından maliyyələşmə almaqla əlaqədar valyuta qaçaqmalçılığında ittiham edilərək həbs olunublar. “İttihamlar Azərbaycanla Qərb arasında münasibətlərin pisləşməsi və ölkənin bu ilin noyabrında COP29 iqlim konfransına hazırlaşması fonunda irəli sürülüb”, – deyə komitə qeyd edib.
“Azərbaycan hökuməti jurnalistləri susdurmaq və qorxutmaq üçün həbs və səfər qadağalarından istifadə etməyə son qoymalıdır. Hakimiyyət bütün ittihamları və hərəkət məhdudiyyətlərini aradan qaldırmalı, hələ də həbsdə olanları dərhal azad etməlidir”, – komitənin Nyu-Yorkdakı proqramlarının direktoru Karlos Martines de la Serna deyib.
Komitə iyunun 10-dan ilkin həbs müddətinin uzadıldığı jurnalistlərin siyahısını təqdim edir.
– Araşdırmaçı jurnalist Hafiz Babalı (iki ay, bir həftə uzadılıb, 9 iyul);
– “Toplum TV”nin videoredaktoru Müşfiq Cabbar (üç ay uzadılıb, 4 iyul)
– “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli (üç ay uzadlıb, 3 iyul)
– “Kanal 13”ün direktoru Əziz Orucov (üç ay uzadlıb, 25 iyun)
– “Kanal 13”ün jurnalisti Şamo Eminov (üç ay uzadlıb, 25 iyun)
– “Meclis.info” saytının təsisçisi İmran Əliyev (iki ay uzadlıb, 13 iyun);
– “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və layihə meneceri Məhəmməd Kekalov (hər biri üç ay uzadılıb, 12 iyun);
– “Abzas Media”nın jurnalisti Nərgiz Absalamova (üç ay uzadılıb, 11 iyun);
– “Abzas Media”nın jurnalisti Elnarə Qasımova (iki ay uzadılıb, 10 iyun).
“Hakimiyyət Ələsgər Məmmədlinin qalxanabənzər vəz xərçəngi şübhəsilə əlaqədar əlavə müayinələrdən keçə bilməsi üçün ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin çoxsaylı vəsatətlərini rədd edib. Qohumlarının dediklərinə görə, polis nəzarətində olduğu müddətdə tibbi müayinə tam aparılmadığı üçün Məmmədli Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasına şikayət verib.
“Toplum TV”nin jurnalistləri Fərid İsmayılov və Elmir Abbasov məhkəməyə qədər ölkədən çıxmamaq barədə iltizam alınmaqla azad ediliblər”, – deyə bəyanatda xatırladılıb.
“Bütün jurnalistlər Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə təqsirli bilinərsə, onları səkkiz ilədək həbs təhlükəsi gözləyir. Azərbaycan qanunvericiliyi xarici qrantların rəsmi təsdiqini tələb edir ki, bundan da müntəzəm imtina edirlər. Hakimiyyət daxili maliyyə mənbələrini sıxışdırmaq üçün reklam verənlərə təzyiq göstərir.
İyulun 5-də polis “Arqument.az” müstəqil xəbər portalının rəhbəri və “Toplum” TV-nin keçmiş jurnalisti Şəmşad Ağanı “Toplum TV işi” üzrə ayrıca dindirib və ona bildirilib ki, ölkədən çıxışına qadağa qoyulub. Jurnalist özü bu haqda yerli KİV-ə deyib”, – CPJ bəyanatında qeyd edir.
Komitə ən azı 20 digər jurnalistin də ölkədən çıxışına qadağa qoyulmasının və bəzilərinin bank hesablarının dondurulmasının mümkünlüyü ilə bağlı xəbərləri araşdırır.
Komitə həmçinin bildirib ki, Daxili İşlər Nazirliyinə elektron məktub göndərərək məhkəmədən əvvəl həbs müddətinin uzadılması və səfər qadağasını şərh etməyi xahiş edib. Eyni zamanda Ələsgər Məmmədlinin tibbi müayinəsini şərh etməsi xahişilə Penitensiar Xidmətə müraciət edib, lakin heç bir cavab almayıb.