Azərbaycanda jurnalistlər üçün "qırmızı xətt" haradan keçir?
JAMnews jurnalistlərlə söhbətləşib onların “söz azadlığı indeksinin” ən dibində qərar tutan Azərbaycanda necə yaşayıb işlədiklərini öyrəndi.
“Düşünürəm ki, Azərbaycanda həqiqi jurnalist olmaq istəyən insan dərk etməlidir ki, bu, ona çox baha başa gələcək. Ən azından, o, işsiz qalacaq. Həyatı, azadlığı, ailə üzvlərinin rahat yaşaması isə sual altındadır. Ya vicdan bahasına, ya kompromiss bahasına yaşamalıdır, – hökumətyönümlü media-konsernə işləyən jurnalist [adının çəkilməsini istəmədi] deyir.
«Prezidenti, dövlət siyasəti, ailə üzvləri və onların fəaliyyəti maksimal dərəcədə təriflənir»
Özümdən deyim, jurnalistika sahəsində yeni olanda müstəqil bir qəzetdə işləyirdim. Pulumuz az idi, amma dolana bilirdik. Və, ən əsası, istədiyimizi yazırdıq. O vaxt heç kim bizə demirdi ki, filankəs haqqda yazın, tərifləyin və s.
Hazırda işlədiyim yer guya özəldir, həqiqətdə böyük bir quruma tabedir. Yəni, məzmunca dövlət agentliyindən fərqlənmir. Prezident haqqında materiallara xüsusi diqqət, prezident, dövlət siyasəti, ailə üzvləri və onların fəaliyyəti maksimal dərəcədə təriflənir.
Cəmiyyəti maraqlandıran problemlərdən, əlbəttə, heç bir şey verə bilmərik. Bizə baxan yalnız ölkəmizdəki firavanlığı, hərtərəfli inkişafımızı görməlidiir. Vəziyyət o həddə çatıb ki, şəxsi həyatımıza müdaxilə edilir, hətta əməkdaşların sosial şəbəkələrdə akyivliyi izlənilir. Dövlət siyasətini təınqid edən şərhlərə, hansısa məmurun qohumuna qarşı yazılan posta görə dəfələrlə işdən çıxarılma halları olub. Söz azadlığımız elə bura qədərdir.
Biz, ümumiyyətlə, rəhbərlik tərəfindən təsdiqlənməmiş yazı yaza, dərc edə bilmərik. “Özbaşınalıq” etmək istəyən jurnalistin burada işləməyi mümkünsüzdür”
Sərhədsiz Reportyorlar təşkilatının 2017-ci il üçün açıqladığı “Dünyada söz azadlığı indeksi’ndə Azərbaycan 180 ölkə arasında 162-ci yerdədir.
Hakimiyyət təmsilçiləri iddia edirlər ki. Azərbaycanda jurnalistlərin işləməsi üçün “bütün şərtlər” təmin olunub, bundan savayı, xüsusi diqqət yetirilir: bu yaxımlarda iki bina tikilib ki, həmin binalardakı mənzillər jurnalistlərə pulsuz paylanıb.
“Yenə gəldi jurnalistlər, nə qədərdi sizin pulunuz? Verək, canımızı qurtaraq»
Hökümətyönümlü media qurumlarından birində çalışan jurnalist [adının çəkilməsini istəmədi] deyir ki, onun işində olan ən xoşagəlməz məqamlardan biri ölkədə reket-jurnalistlərin mövcudluğudur. Onlar bu və ya digər problemi işıqlandırmamaq üçün pul tələb edirlər. Pul tələb edənlərə görə isə insanlar ümumilikdə jurnalistlərə etibar etmirlər.
“Yenə gəldi jurnalistlər, nə qədərdi sizin pulunuz? Verək, canımızı qurtaraq” tipli şeylər eşidirik.
Daha bir qıcıqlandırıcı amil redaksiyalarda özünüsenzuradır.
“Sayta verilmiş yazının kimlərinsə zəngindən sonra silinməyi və yaxud hansısa səbəblərdən dərc olunmaması adama pis təsir edir. Yenə də Azərbaycanda jurnalist olduğun reallığını xatırlayıb, bununla uyğunlaşmağa məcbur olursan.”
“10 il əvvəl jurnalistika daha azad idi”
“10 il əvvəl Azərbaycan mətbuatında kəskin yazılar dərc olunurdu, son dövlər belə hallara rast gəlmirik. Azərbaycanda heç bir media qurumuna müstəqil deyə bilmərəm, çünki hamısının özünə uyğun qırmızı xətti var. Şiddətə məruz qalmasam da, haqqında yazdığım şəxslər tərəfindən təzyiqlərə məruz qalmışam.
3-4 il əvvəl dəmir yolu ətarafındakı evlərin söküntüsü ilə bağlı reportaja getmişdim. İnsanların şikayətini yazanda polis məni bölməyə aparmışdı. Əvvəl elə bildilər ki, xaricdə fəaliyyət göstərən media orqanının jurnalistiyəm. Jurnalist vəsiqəmi göstərəndən sonra məni sərbəst buraxdılar. Bölmədən isə tapşırdılar ki, bu ərazidən uzaqlaşın və bu haqda yazmayın”.
“Onlar qırmızı xətti keçdiklərinə görə həbsdədir”
“İnsanların yazdıqları yazıya, fikrinə görə həbs olunması xoş deyil. Onların arasında mənim də çox istədiyim Əfqan Muxtarlı, Seymur Həzi var ki, onların haqsız yerə həbsdə olduğunu düşünürəm. Mənim seçimim isə, Azərbaycanda işləyib və burada azadlıqda qocalmaqdır. Jurnalistikanın qırmızı nöqtəsini keçmək isə mənə lazım deyil”.
Öz tədqiqatları ilə məşhur olan jurnalist Əfqan Muxtarlı 2017-ci ilin may ayının 30-da həbs olunub. Məhkəmə onu sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə təqsirli bilib. Hazırda o həbsxanadadır.
Mehman Hüseynov, Fikrət Fərəməzoğlu, Rəşad Ramazanov, Elçin İsmayıllı, Nicat Əiiyev, Araz Quliyev, Ziya Əsədli, Seymur Həzi hazırda jurnalist fəaliyyətinə görə həbsdədir.
• Öz tədqiqatları ilə məşhur olan jurnalist Əfqan Muxtarlı 2017-ci ilin may ayının 30-da həbs olunub. Məhkəmə onu sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə təqsirli bilib. Hazırda o həbsxanadadır.
• Mehman Hüseynov, Fikrət Fərəməzoğlu, Rəşad Ramazanov, Elçin İsmayıllı, Nicat Əiiyev, Araz Quliyev, Ziya Əsədli, Seymur Həzi hazırda jurnalist fəaliyyətinə görə həbsdədir.
• Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirir ki, Azərbaycan da ən çox jurnalistin həbs olunduğu ölkələr sırasındadır, hazırda bu ölkədə 10 jurnalistin həbs çəkdiyi bildirilir.
• Hazırda ölkədən çıxışına qadağa qoyulmuş və bunu ictimailəşdirən 9 jurnalist var.
• Ancaq hakimiyyət təmsilçiləri ölkədə heç bir jurnalistin peşəsinə görə cəzalandırılmadığını vurğulayır.
Qərb mediasında ənənəvi olaraq belə bir fikir formalaşıb ki, jurnalist elə jurnalistdir, vətəndaşlıq arxa plandadır
Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət hesab edir ki, Azərbaycanda jurnalist olmaq ona görə çətindir ki, torpaqlarının bir hissəsi hələ də işğal altındadır:
“Hazırda Azərbaycanda jurnalist olmaq çətindir. Xüsusən də Azərbaycanın torpaqlarının bir hissəsinin işğal altında olması, 1 milyona yaxın insanımızın qaçqın-köçkün vəziyyətində yaşaması jurnalistikanın əl-qolunu açmasına əngəl olan faktorlar arasındadır.
Biz, adətən, jurnalist yoxsa vətəndaş arasında seçim qarşısında qalırıq. Hazırda Qərb mediasında ənənəvi olaraq belə bir fikir formalaşıb ki, jurnalist elə jurnalistdir, vətəndaşlıq arxa plandadır. Amma bir tərəfdən baxırıq ki, vətəndaşlığımız jurnalistikadan arxa plana keçə bilməz”.
“Bu insanlar azadlığa çıxanda jurnalist ya siyasətçi olacaqlarını müəyyənləşdirməlidirlər”
“Hazırda həbsdə olan şəxslərin bəziləri bir tərəfdə jurnalist kimi, digər bir tərəfdə siyasətçi kimi təqdim olunurlar. Hakimiyyətin də onların həbsi barədə öz versiyası var. Belə ki, onlar konkret cinayət faktları üzrə həbs olunublar. Təbiidir ki, hakimiyyət də israrla öz dediyini təsdiqləyir və sübut üçün də ortaya dəlillər qoyur.
İndi belə adamların həbsdə olması Azərbaycanda jurnalistikanın mütləq həbslə hədələnməsi anlamına gəlmir. Sadəcə olaraq, o adamlar həbsdən çıxandan sonra papaqlarını qarşılarına qoyub fikirləşməlidirlər ki, biz ya siyasətçiyik, ya da jurnalistik ”.
Azərbaycanda qadağan edilmiş iki ən məşhur sayt “Azadlıq” radiosunun yerli filialı və MeydanTV-dir. Hüquq-mühafizə orqanları onların fəqliyyətini “cəmiyyət və dövlət üçün təhlükəli” hesab ediblər.
ANS media-konserni o vaxt Türkiyə hökumətinin silahlı çevriliş cəhdində şübhəli hesab etdiyi siyasətçi Fəthullah Gülənlə müsahibəni anons etdiyi üçün bağlanmışdı.
İri media-konsern olan APA prezidentin çıxışının bir fraqmentinin Azərbaycan dilindən rus dilinə düzgün tərcümə olunmamasından sonra bağlanmışdı.
“Bizə etibar edib, ürəyini açan adamları sonra ya həbsdə, ya işdən qovulmuş görürük”
Hazırda bağlı olan saytardan birində işləmiş İslam Şıxəli şikayətlənir ki, insanlar jurnalistlərə etibar etmir, hesab edirlər ki, onların problemlərindın danışmağa qorxacaqlar. Biləndə ki, media-resurs iqtidaryönlü deyil, sakitləşirlər və inanırlar ki, məqaləni, yaxud reportajı dərc edəcəklər.
Lakin bundan sonra başqa probem yaranır – reportajın qəhrəmanı üçün təhlükə.
“Bu yaxınlarda başıma belə bir şey gəlib ki, yaxşı yerdə işləyən şikayətçini çəkib ictimailəşdirmişdim. Adam dollarla kredit götürmüşdü, devalvasiyadan sonra borcu 2-3 dəfə artmışdı. Sonra təkrar bir mövzuda həmin adamdan bir şey soruşmaq istəyirdim. Məlum oldu ki, bizə müsahibə verdiyinə görə onu işdən çıxarıblar. Bizə etibar edib, ürəyini açan adamları sonra ya həbsdə, ya işdən qovulmuş, ya da təzyiqə məruz qalmış görürük.
Belə şeylər adamı bir az peşman eləyir. İnsanların problemini işıqlandırmaya bilməzsən, amma sonra polis həmin fotodan, videodan həmin insanı müəyyən eləyir, incidir və s. Anonim şəkildə də verə bilmirik, çünki birbaşa şikayətin mahiyyətindən yayınırsan və insanlara inandırıcı olmur. Konkret şikayətçi adı çəkməyəndə rəsmi qurumlardan da mövqe öyrənə bilmirsən.
«Mən polislərin gözündə Bakının gözəlliklərindən film çəkən adamam”
Bəzən polisdə problem yaşanır. Deyirlər ki, sizin sayt bloklanıb axı, necə göstərirsiniz? Yaxud da rəsmi mövqe alanda deyirlər ki, sizə müsahibə vermirik, sizin sayt bağlanıb, siz kimsiz biz sizə cavab verək?!
Azərbaycanda Turan İnformasiya Agentliyində işləyirəm desən, səni çox da incitməzlər. Məsələn Meydan.Tv, Azadlıq Radiosunun adını çəksən, incidə, bəzi hallarda bölməyə izahat üçün apara bilərlər. Sərbəst jurnalistəm (freelancer) desən, sözsüz ki, daha rahat olur.
Küçə sorğularında polis yaxınlaşıb nə çəkirsən deyəndə məcbur qalırsan ki, düzünü deməyəsən. Məsələn mən polislərin gözündə Bakının gözəlliklərindən film çəkən adamam”.
Normal toplumlarda azad jurnalistikanı yaşadan onun reklam gəlirləridir”
Media hüququ üzrə ekspert Xalid Ağəliyev ölkədəki media qurumlarının asılılığının səbəbini onların maddi azadlığının olamaması ilə əlaqələndirir:
“Normal toplumlarda azad jurnalistikanı yaşadan onun reklam gəlirləridir. Belə ki, şirkətlər biznes reklamını doğruları yazan, buna görə ən çox izlənilən mediaya verir, həmin medialar da bunun sayəsində ayaqda qalır, hökumətlərin basqılarına tab gətirə bilirlər.
Biznes, reklam siyasilərin birbaşa və ya dolayısı nəzarətindədir. Onlarda azad jurnalistlərə, tənqid edən jurnalistlərə öz qapılarını bağlayıblar. Belə olan şəraitdə azad jurnalistika kasıbdır, bu amil də jurnalistika peşəsinin cəlbediciliyini öldürür”.