Azərbaycanda inflyasiyanı niyə cilovlamaq olmur?
Azərbaycanda inflyasiya – 2023
İnflyasiyanın səviyyəsini azaltmaq üçün Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə artırıb. Ekspertin fikrincə, bazarda real qiymət artımı açıqlanan rəsmi rəqəmləri xeyli üstələdiyi üçün indiyədək hökumət Azərbaycanda inflyasiyanı cilovlaya bilməyib.
- Azərbaycan və İran arasında diplomatik duel
- “Xalqa Rusiya yox, Avropa lazımdır” – Gürcüstan prezidentinin parlamentdəki çıxışı
- Roma Statutunun ratifikasiyası: Ermənistan hakimiyyəti Rusiyaya qarşı çıxacaqmı?
Azərbaycan Mərkəzi Bankı (AMB) yenidən uçot dərəcəsini 8.5-dən 8.75 faizə qaldırıb. Qurum ən son bir ay əvvəl – 2023-cü ilin fevralında uçot dərəcəsini artırmışdı. Azərbaycan hökuməti bu addımı inflyasiyanı cilovlamaq istəyi ilə izah edir.
Azərbaycanda inflyasiya
Baş nazirin sözlərinə görə, 2022-ci ildə Azərbaycanda inflyasiya 13.9 faiz təşkil edib: “Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22 faizdən çox olub”, – Azərbaycanın baş naziri Əli Əsədov bildirib və əlavə edib ki, “Azərbaycandakı inflyasiya, əsasən, idxal edilib”.
Avrozonada inflyasiya artımı nəzərəçarpacaq dərəcədə azalıb. Azərbaycan hakimiyyəti də cari il üçün 8% inflyasiya proqnozlaşdırır.
“Baş verənlərin səbəbi məmurların inhisarçılığıdır”
İqtisadçı Nazim Bəydəmirli isə “Azadlıq Radiosu”na bildirib ki, 2022-ci ildə ərzaq qiymətlərində reallıqda 60 faizlik artım olub. Onun sözlərinə görə, dövlət inflyasiya dərəcəsini həmişə aşağı göstərir ki, həmin hissəsini kompensasiya etmək üçün vətəndaşlara az vəsait ödəsin:
“Çünki pensiya və əmək haqlarının artımı inflyasiya səviyyəsinə uyğun artırılır. Digər tərəfdən, inflyasiya səviyyəsi ona görə az göstərilir ki, yaxşı işlədikləri ilə bağlı görüntü yaratsınlar”.
Bəydəmirli Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiyanın yüksək olduğunu qəbul edir:
“O ölkələrdən gələn məhsulların da qiyməti real olaraq artır. Belə olan şəraitdə Azərbaycanda həmin məhsullarda qiymətlər adekvat olaraq artmalıdır, çünki valyuta kursu da dəyişmir. Qiymətlərin isə buna adekvat olmayan şəkildə artmasının səbəbi inhisarçılıq və məmur monopoliyasıdır”.
Uçot dərəcəsi niyə yüksəlir?
Ekspert vurğulayıb ki, Mərkəzi Bank kommersiya banklarına kredit verilməsini bahalaşdırmaq üçün uçot dərəcəsini artırır:
“Amma Azərbaycanda Mərkəzi Bank kommersiya banklarına öz resurslarından, demək olar ki, vəsait vermir.
Əgər başqa ölkələrdə ümumi daxili məhsulun istehsalında bankların xüsusi çəkisi nisbətən yuxarıdırsa, bizdə bu, aşağıdır – 30 faiz civarındadır. Bu da onu göstərir ki, Mərkəzi Bankın uçot dərəcəsini qaldırıb-endirməsinin kredit faizlərinə heç bir aidiyyəti olmur. Çünki kredit resursların verilməsi müşahidə olunmur”.
“Kreditlər yüksək faizlə verilir”
İqtisadçının sözlərinə görə, Azərbaycanda bank sektoru o dərəcədə inhisara alınıb ki, iri kommersiya banklarının ölkənin Mərkəzi Bankının resurslarına ehtiyacı yoxdur, onların öz pulları kifayət qədərdir:
“Onların da marağında deyil ki, uçot dərəcəsi aşağı düşsün, çünki adekvat olaraq kredit faizləri də aşağı düşür.
Banklar müstəqil deyillər və monopolistlərin holdinqlərinin maliyyələşməsində iştirak edirlər, kənar şəxslərə isə yüksək faizlə kredit verirlər.
Yəni, yüksək faizlərin saxlanması həmin monopolistlərin marağına xidmət edir və Mərkəzi Bank uçot dərəcəsini qaldırsa da, sıfıra endirsə də, bunun heç bir əhəmiyyəti yoxdur”.