Azərbaycanda yerləşən tibb müəssisələrindən biri könüllüləri koronavirusa qarşı iki məlum vaksinin kombinə edilmiş tətbiqinin sınaqlarına dəvət edib. Tədqiqatda iştirak edəcək şəxslərin risklərinin sığortalanacağı bildirilir.
İki vaksinin kombinasiyası
Məlumata görə, tədqiqat iştirakçılarına Rusiyanın “Sputnik V” və İngiltərə-İsveç birgə istehsalı olan “R-COVİ” vaksinlərinin kombinasiyasından yaranmış peyvənd vurulacaq.
Azərbaycandakı tədqiqatlar 2020-ci ilin dekabr ayında “R-Pharm” Şirkətlər Qrupu, “AstraZeneca” şirkəti, N.F.Qamaleya adına ETİ və Rusiya Birbaşa İnvestisiyalar Fondu (RBİF) tərəfindən imzalanan əməkdaşlıq memorandumu çərçivəsində aparılır. Eyni tədqiqatın bir neçə Yaxın Şərq ölkəsində də aparılacağı qeyd olunur.
Sınaqlarda yaşı 18-dən yuxarı bütün vətəndaşlar iştirak edə biləcəklər. Tədqiqata başlamazdan əvvəl bütün potensial iştirakçılar lazımi müayinədən keçiriləcək. Pasiyentlər istənilən mərhələdə tədqiqat proqramından çıxmaq hüququna malikdirlər. Sınaqlarla bağlı risklərin sığortalanacağı bildirilir.
Elanın bu gün dərc edilməsinə və JAMnews-un əməkdaşının dəfələrlə qeyd olunan telefon nömrəsinə zəng etməsinə baxmayaraq, zənglərə cavab verilməyib. Söhbətin hansı risklərdən və onların necə qarşılanacağından getdiyi məlum deyil.
Ölkədə vaksinasiya necə gedir?
Hazırda Azərbaycanda Çin istehsalı olan “Sinovac” peyvəndi ilə vaksinasiya aparılır. Yaşı 40-dan yuxarı olan istənilən vətəndaş onlayn qeydiyyatdan keçərək, vaksinasiya prosesində iştirak edə bilər.
Bu günə qədər ölkədə 600 minə yaxın şəxs vaksinin ilk dozasını, təxminən 360 min şəxs isə hər iki dozasını vurdurub.
Daha iki növ vaksin
Aprelin 4-də Azərbaycanda koronavirus əleyhinə istifadə olunması üçün COVAX platforması çərçivəsində Cənubi Koreyadan 84 min doza “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksini gətirilib.
Azərbaycana 84 min doza “Vaxzevria” vaksini gətirilib
May ayının sonuna qədər Azərbaycana 432 min doza “Vaxzevria” vaksininin idxalı nəzərdə tutulub. Peyvəndi İngiltərə-İsveç birgə şirkəti istehsal edib.
Eləcə də, səkkiz həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksini gətiriləcək.
Yoluxma sayı artır
Vaksinasiya ilə paralel olaraq, ölkədə koronavirus pandemiyasının üçüncü dalğası yaşanır və gündəlik yoluxma sayı 2000 halı keçib.
Yoluxma sayının artması səbəbindən Bakıda və ölkənin bir neçə böyük şəhərində orta məktəblərdə əyani tədris dayandırılıb. Lakin uşaq bağçaları fəaliyyətini davam etdirir.