Azərbaycanda iddiaçılar şikayətlərini geri çəksə də, ictimai fəal mühakimə olunub
Abid Qafarov azadlıqdan məhrum edilib
Azərbaycanlı ictimai fəal Abid Qafarov məhkəmə qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilib. İddiaçılar şikayətlərini geri çəksələr də hökm oxunub. İki hüquq müdafiə təşkilatı məhkəmə instansiyasının qərarını qınayan bəyanatla çıxış edib. Hüquq müdafiəçilərinin fikrincə, Qafarovun həbsi siyasi sifarişdir.
- Siyasi məhbus altı ay ərzində üçüncü dəfə mühakimə olunub
- Avropada yaşayan bloqer Azərbaycan hakimiyyətini ona qarşı sui-qəsd təşkilində ittiham edir
- Almaniyadan deportasiya olunanlar Azərbaycanda həbs edilir
Azərbaycanın “İşgəncələr Əleyhinə Aradırma Mərkəzi” və “İnsan Haqları və Qanunların Təbliği” təşkilatları ictimai fəal Abid Qafarovun azadlıqdan məhrum edilməsilə bağlı birgə bəyanatla çıxış ediblər.
Bəyanatda A.Qafarovun həbsinin sifarişli olduğu qeyd edilib.
“Hüquq müdafiə təşkilatları olaraq hakimiyyəti vətəndaşların azad söz-ifadə və siyasi fəaliyyət hüquqlarını tanımağa dəvət edirik. Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə aparılan məhkəmə prosesi kobud qanun pozuntuları şəraitində keçib və müdafiə tərəfinə öz arqumentlərini təqdim etmək üçün heç bir imkan yaradılmayıb. Bununla da Konstitusiyanın vətəndaşlara tanıdığı müvafiq hüquq kobudcasına pozulub”, – bəyanatda deyilir.
Bəyanatda bu həbsin əvvəllər Tərtər cinayətinin fəal araşdırmaçısı İlham Aslanoğluya tətbiq edilmiş sifariş motivli həbs cəza kompaniyasının davamı olduğu qeyd edilir:
“Hər iki işin təhlilində nəzərə çarpan absurd məqam budur ki, müttəhimlərin çıxışlarına istinad edilərək təhqir və böhtan kimi dəyərləndirilən ifadələrində ittihamçıların şəxsinə yönəlik heç bir ad çəkilməyib, konkret ünvan göstərilməyib, yalnız ümumi frazalardan istifadə edilib. Təəssüflə qeyd edirik ki, “Tərtər işi” cinayətinin araşdırılmasında, işıqlandırılmasında xüsusi fəallıq göstərən ictimai-siyasi fəalların ard-arda həbs edilməsi ölkənin hüquq və məhkəmə sisteminin xüsusi təhdid şəbəkəsinin təsirində olduğu qənaətini yaradır”.
Son olaraq ölkə rəhbərliyinin Azərbaycan Konstitusiyasına və beynəlxalq konvensiyalardan irəli gələn təməl insan hüquqlarını tanımağa və siyasi motivlər əsasında həbs edilmiş bütün ictimai-siyasi fəalların azadlığa buraxılmasını təmin etməyə dəvət olunub.
Nə baş verib?
İyulun 13-də “Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, “Youtube”dakı “KimTV” kanalının aparıcısı Abid Qafarova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Abid Qafarov 1 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin “iftira” və “təhqir” maddələri ilə təqsirli bilinib.
Vəkil Elçin Sadıqov jurnalistlərə deyib ki, ekspertizanın rəyi saxta olub: “Sifariş əsasında hazırlanmışdı. Hesab edirik ki, məhkəmə də sifarişlə qurulmuşdu”, – “Toplum TV” vəkilə istinadən yazıb.
İddiaçıların şikayətdən imtinası
Abid Qafarovu məhkəməyə verən bir qrup ikinci Qarabağ müharibəsi iştirakçısı olub.
Onların iddiasına görə, Abid Qafarov mayın 27-də Yasamal Rayon Məhkəməsinin qarşısında çıxış edərkən qaziləri “müti” adlandırmaqla onları təhqir edib.
Ancaq sonradan həmin qazilər məhkəmədə bildiriblər ki, tərəflər arasında barışıq olub, onlar daha Abid Qafarovdan şikayətçi deyillər.
Onlar iddialarını geri götürməklə bağlı ərizə də yazıblar. Buna baxmayaraq, hakim Tərlan Əkbərov icraatındakı bu işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı qərar çıxarıb.
Abid Qafarov “Tərtər işi” ilə bağlı sosial şəbəkələrdə silsilə videomüraciətlər yayıb.