Azərbaycanda ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun qəbul edilib
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın Milli Məclisi (parlamenti) aprelin 14-də ilk oxunuşda “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqda” Qanun qəbul edib.
Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli qanun layihəsini təqdim edərkən bildirib: “Layihənin hazırlanması sosial tələbatdan qaynaqlanıb: Son illərdə Azərbaycanda qadınların tütünə olan marağı artıb. Kişilərin 67,5 faizi, qadınların isə 52,5 faizi tütün asılılığından əziyyət çəkir. Dözülməz olan odur ki, bütün bunlar narkotikdən asılılığa gətirib çıxarır, bu da cəmiyyətdə narazılıqlar doğurur. Sevindiricidir ki, layihə mətbuatda müzakirə olunub və cəmiyyət müsbət dəyərləndirib”, – APA agentliyi Rəcəbliyə istinadən xəbər verir.
Rəcəbli əlavə edib ki, qanunun qəbul edilməsi ölkədə tütünün istehsalının azaldılmasına dəlalət etmir, çünki xaricdə Azərbaycanda hazırlanan tütünə böyük ehtiyac var.
3 fəsil və 17 maddədən ibarət olan qanunda siqaret çəkməyin qadağan olunduğu yerlər sadalananıb və qanun pozucuları üçün nəzərdə tutulan sanksiyalar əks olunub.
Vətəndaşların bu məlumata reaksiyası müxtəlif olub:
Jurnalist, 41 yaş: “Düz eləyib qadağan eləyiblər. Öz təcrübəmdən deyim ki, xaricdə, analoji qanunların olduğu ölkələrdə olduğum zaman həmişə qanuna riayət edirəm və mənə heç nə də olmur. Ola bilər ki, bu qadağa sayəsində bu ziyanlı vərdişdən qurtula builərəm”.
Neftçi, 43 yaş: “Faydasız qadağadır. İnsan siqaret çəkmək istəyirsə, cəriməyə rəğmən də çəkəcək”.
Kafe sahibi, 39 yaş: “Əgər qadağa hamıya eyni dərəcədə aid olsa, o zaman bunu dəstəkləyirəm. Müştəriləri itirməkdən qorxmuram, bəlkə də siqaret çəkməyənlər sayəsində onların sayı daha da artacaq”.
Kafenin müştərisi, qadın, 37 yaş: “Əsl zamanında verilmiş qərardır. Əvvəllər bura uşaqla gələ bilmirdim, çünki siqaret tüstüsünə dözə bilmir. İndi rahatca burada nahar edə biləcəyik”.
Sosial şəbəkə istifadəçiləri: “Bu çox doğrudur! Bütün dünya bu təcrübədən yararlanır. Mən siqaret çəkən deyiləm, tüstüsünü də götürə bilmirəm. Niyə mən restorana, kluba, və ya nə bilim harasa, bir sözlə dincəlməyə gedəndə tütün tüstüsü ilə nəfəs almalıyam? Niyə paltarım iylənməlidi, axı dincəlmək üçün eyni pulu siqaret çəkən adam kimi mən də ödəyirəm. Çəkmək istəyirsən? Küçəyə, balkona, bunun üçün ayrılmış xüsusi yerə get, ürəyin istəyən qədər çək!”
“Bu, o qədər də doğru qərar deyil. Siqaret çəkən yemək, içmək əsnasında siqaret çəkmək istəyir. Deməli, restoranın imkanı varsa, ayrı-ayrı zalları olmalıdır. Siqaret çəkilməyən restoran variantını nəzərdən keçirmək belə gülüncdür, çünki bu halda restoran böyük ziyan çəkəcək”.