Azərbaycan. “Abzas Media işi” üzrə səkkizinci həbs
Azərbaycanda həbslər – Anar Məmmədli
Azərbaycanda altıncı aydır istintaqı davam edən “Abzas Media işi” ilə bağlı daha bir nəfər – səkkizinci şəxs həbs edilib. Bu, tanınmış azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədlidir. O, da qaçaqmalçılıqda ittiham olunur. Bu, hüquq müdafiəçisinin ikinci həbsidir. ABŞ Dövlət Departamenti və Human Rights Watch beynəlxalq təşkilatı onun dərhal azad edilməsinə çağırıb.
- Gürcüstan: “Xarici agentlər qanunu”na etiraz edən fəal Lazare Qriqoriadis azadlığa buraxılıb
- Qubad İbadoğlu ev dustaqlığına buraxılıb
- Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb
Aprelin 30-da Bakının Xətai rayon məhkəməsinin qərarı ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli barəsində 3 ay 28 gün ilkin həbs qətimkan tədbiri seçilib. O, bir gün əvvəl saxlanılmışdı.
“Anar Məmmədli saxlanılıb, araşdırma aparılır, ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Əmiraslanlı hüquq müdafiəçisinin saxlanıldığını təsdiqləmişdi.
Anar Məmmədlinin və valideynlərinin mənzillərində axtarış aparılıb. Vəkil Elçin Sadıqov hüquq müdafiəçisinin “Abzas Media işi” üzrə istintaqa cəlb edildiyini bildirib.
“Mən orderi və vəkillik şəhadətnaməmi təqdim etdim, amma polis məni Anar Məmmədli ilə görüşməyə və axtarışda iştirak etməyə icazə vermədi”, – deyə vəkil bildirib.
Hüquq müdafiəçisinin bacısı Şəfa Məmmədovunn sözlərinə görə, mənzillərin sahiblərinə də axtarışda iştirak etməyə imkan verilməyib və onlar əməliyyatçıların iki mənzildən nə götürdüklərini görməyiblər. Amma ehtimal edirlər ki, polis axtarış zamanı pul da “aşkarlamış” ola bilər.
“Mən bilmirəm onlar nə qədər pul qoyub, sonra da “tapdıblar”, ancaq deyə bilərəm ki, mənzillərdə nağd pul olmayıb”, – deyə o bildirib.
Beynəlxalq reaksiya
ABŞ Dövlət Departamenti Anar Məmmədlinin saxlanılmasına münasibət bildirib.
“Biz Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin həbslərinin davam etməsindən, xüsusən Anar Məmmədlinin həbsindən çox narahatıq”, – deyə Dövlət Departamentinin nümayəndəsi Turan-ın müxbirinə bildirib.
“Biz Azərbaycan hökumətini ədalətsiz olaraq saxlanılan hər kəsi dərhal azad etməyə çağırırıq. Biz Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına, xüsusən ifadə azadlığından istifadə edənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”, – deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Məmmədli dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti İlham Əliyevlə söhbətində “Azərbaycanı beynəlxalq öhdəliklərinə və insan hüquqları sahəsində öhdəliklərinə riayət etməyə və Azərbaycanda ədalətsiz olaraq həbs edilən şəxsləri azad etməyə” çağırmasından bir gün sonra saxlanılıb.
ABŞ-ın Azərbaycandakı səfirliyi də hüquq müdafiəçisinin həbsinə münasibət bildirib.
“Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin – ən son Anar Məmmədlinin – həbslərinin davam etməsi bizi çox narahat edir.
Biz Azərbaycan hökumətini haqsız yerə həbs edilən bütün şəxsləri dərhal azad etməyə çağırırıq. Biz Azərbaycan hökumətini insan haqlarına və ifadə azadlığından istifadə edənlər də daxil olmaqla hamının əsas azadlıqlarınahörmət etməyə çağırmaqda davam edirik”, – ABŞ səfirliynin mətbuat katibi Amerikanın Səsinin sorğusuna cavabda bildirirb.
“Anar Məmmədlinin saxlanması müstəqil jurnalistlər və fəalların həbsləri silsiləsinin sonuncusudur və Avropa İttifaqı üçün narahatlıq doğurur”. Bu barədə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Xidmətinin mətbuat katibi Peter Stano X platformasında yazıb.
“Əsas hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısı azad edilməlidir”, – deyə o qeyd edib.
Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı da tanınmış hüquq müdafiəçisinin saxlanılmasını pisləyib və onu dərhal azad etməyə çağırıb.
“Azərbaycana ciddi diqqət yetirilməsinə baxmayaraq, jurnalistlərin və vətəndaş fəallarının həbslərindən sonra, hətta indi, ölkənin qarşıdakı COP29 tədbirinə hazırlaşdığı vaxtda hakimiyyət görkəmli vətəndaş fəalı Anar Məmmədlini saxlayıb. O, dərhal azad edilməlidir”, – Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Reyçel Denber X sosial şəbəkəsində yazıb.
Anar Məmmədlinin rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi seçkilərin müşahidə və monitorinqində fəal iştirak edir və dəfələrlə Azərbaycan hakimiyyətinin keçirdiyi seçkiləri tənqid edib.
Məmmədli 2013-cü ilin oktyabrında keçirilən prezident seçkilərini açıq şəkildə tənqid etdiyi üçün elə həmin il dekabrın 16-da həbs olunub. Beynəlxalq etirazlara baxmayaraq, o, 2014-cü ilin mayında 5 ildən çox müddətə azadlıqdan məhrum edilib.
2014-cü il sentyabrın 29-da Məmmədli hələ həbsdə olarkən insan hüquqları sahəsində “görkəmli” fəaliyyətinə görə Avropa Şurası Parlament Assambleyası tərəfindən “Vatslav Havel” İnsan Hüquqları Mükafatına layiq görülüb.
Həmin ilin oktyabrında isə Norveç Helsinki Komitəsi onu digər həbs edilmiş hüquq müdafiəçiləri Rəsul Cəfərov, Leyla Yunus və İntiqam Əliyevlə birlikdə “Andrey Saxarov” adına Azadlıq Mükafatı ilə təltif edib.
2016-cı il martın 17-də 2,5 ilə yaxın həbsdən sonra Anar Məmmədli digər tanınmış siyasi məhbuslarla birlikdə Azərbaycan prezidenti tərəfindən əfv edilib və azadlığa buraxılıb.
Azadlığa çıxandan sonra hüquq müdafiəçisi fəaliyyətini davam etdirib.
“Abzas Media” işi üzrə altıncı həbs (Yenilənib)
“Abzas Media işi” üzrə ötən il noyabrın 20-dən başlayaraq müstəqil internet nəşrinin əməkdaşları – direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kəkalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.
“Abzas Media” yüksək vəzifəli məmurların korrupsiya əməllərinə dair araşdırmaları ilə tanınır.
Bu günlərdə parlamentin fəaliyyətini monitorinq edən Meclis.info platformasının rəhbəri İmran Əliyev də bu iş üzrə cəlb olunub. Onun da hüquq müdafiəçisi Anar Məmmədli kimi “Abzas Media” ilə heç bir əlaqəsi yoxdur.
Onların hamısı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. Məhkəmə istintaq zamanı ittiham tərəfinin ittihamlarını əsaslı hesab edərsə, bu iş üzrə həbs olunanları 8 ilə qədər həbs gözləyir.