Gürcüstan vasitəsilə Serbiyadan Ermənistana silah təchizatı haqda – olub, ya yox?
Ermənistan-Azərbaycan sərhədində az əvvəl baş verən kəskin eskalasiya zamanı Serbiyadan Ermənistana mümkün silah təchizatı rəsmi Bakının qəzəbinə səbəb olub. Azərbaycanın haqqın.az nəşri silahın Gürcüstan ərazisindən daşındığı haqda yazandan sonra bu ölkə də qalmaqala cəlb olunub.
Gürcüstan XİN-i qəti şəkildə məlumatı inkar edib, Gürcüstan müxalifətinin isə açıq qalan sualları var.
Bakıdan informasiya
Aərbaycanda Serbiyadan Ermənistana silah təchizatı ilə bağlı informasiyanın iki variantı var – rəsmi və çoxlarının hökumətyönlü hesab etdiyi haqqın.az nəşrinin yaydığı.
Rəsmi informasiya
Rəsmi səviyyədə Azərbaycanın yalnız Serbiyaya qarşı iradları var, Gürcüstanın adı çəkilmir.
Azərbaycan XİN-in press-relizində bildirilir ki, “əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən, Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla, böyük həcmdə silah-sursatın göndərildiyi” qarşı tərəfin diqqətinə çatdırılıb.
XİN-ə dəvət olunan Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç bu haqda heç bir informasiyaya sahib olmadığını qeyd edib və rəsmi Bakının suallarını Serbiya hökumətinə çatdıracağını vəd edib.
Eyni zamanda Serbiyanın Nova.rs nəşrində rəsmi səviyyədə olmasa da, Ermənistana silah təchizatının həyata keçirildiyi təsdiqlənib.
“2020-ci ildə Ermənistana silahı bir özəl şirkət çatdırıb, dövlət şirkətləri bunda iştirak etməyib. Söhbətin hansı şirkətdən getdiyini deyə bilmərəm. Məlumdur ki, bu şirkət əsasən may və iyun aylarında milyon avrodan daha az məbləğə tüfəng və tapança təchizatı edib”, – Nova.rs nəşrinə ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç deyib (Serbiya qanunlarına görə bu nazirlik silah ixracına icazə verilməsi prosesində iştitak edir).
Lyaiç deyib ki, Ermənistana qarşı heç bir sanksiya mövcud deyil və bu halda alıcını rədd etmək çətindir.
O, həmçinin xatırladıb ki, silah ixracına daha dörd dövlət strkturunun: xarici işlər, daxili işlər, müdafiə nazirlikləri və BİA xüsusi xidmət orqanının təsdiqindən sonra icazə verilir.
“Hesab edirəm ki, biz belə bir şeyin tətkarlanmamasına imkan verməməliyik, bunun qarşısını almaq üçün hər şey etməliyik”, – Lyaiç deyib.
Nə Azərbaycanın, nə də Serbiyanın heç bir rəsmi bəyanatında silahlarrın Gürcüstan ərazisindən daşındığı haqda bildirilməyib.
Azərbaycanın haqqın.az xəbər portalında dərc olunan informasiya
Haqqın.az nəşrinin iyulun 19-da dərc etdiyi redaksiya məqaləsində deyilir ki, Serbiya bilavasitə Azərbaycan-Ermənistan sərhədində 2020-ci il 12-16 iyulda baş verən eskalasiya günlərində Ermənistana iri partiya müxtəlif çaplı minamyot sursatı göndərib.
Məqalə müəllifləri bildiriblər ki, Azərbaycan hökumətində silahın məhz Gürcüstan ərazisindən daşındığı haqda məlumat var.
Daha sonra informasiya portalı ikinci məqaləni dərc edib və bu dəfə silah təchizatını həyata keçirən konkret biznesmenlər haqda məlumat verib və beynəlxalq sanksiyalarla onlarla əməkdaşlığın qadağan olduğunu bildirib.
Həmin məqalədə Ermənistana hərbi texnika daşıyan konvoyun fotosu dərc olunub və nəşrin bildirdiyinə görə bu foto Gürcüstan ərazisində çəkilib.
Gürcüstandan informasiya
Gürcüstanın Xarici İşlər Nazirliyi haqqın.az saytının yazdıqlarını dezinformasiya adlandrıb. Media üçün yayılan press-relizdə deyilir ki, sözügedən nəşr “cəmiyyətləri yanıldır və süni şəkildə ölkələr – strateji tərəfdaşlar arasında problem yaradır”.
Müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndəsi Salome Samadaşvili Gürcüstan XİN-dən daha ətraflı məlumat istəyib.
“Biz bilirik ki, Rusiyanın siyasəti regionumuzda qeyri-stabilliyi dəstəkləməkdir. Rusiya hər iki ölkəyə – həm Ermənistana, həm də Azərbaycana silah təchiz edir.
Azərbaycan mediasının məlumatı Gürcüstan hökumətinin Rusiyadan gələn sorğuları rədd edə bilməməsinə dəlalət edə bilər”.
Samadaşvili vurğulayıb ki, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əsasən Gürcüstanın öz ərazisindən heç bir münaqişə tərəfinə hərbi yüklərin daşınmasına icazə vermək hüququ yoxdur.
Suala cavab verərkən, iqtidarda olan “Gürcü arzusu” partiyasından olan deputat Qiya Volskiy Gürcüstan ərazisindən toqquşma tərəflərindən birinə silah daşıyan hərbi konvoyun keçməsi ehtimalını qətiyyətlə istisna edib.
“Bizim ölkəmizin sərhədləri boyu hərbi əməliyyatlar Gürcüstanın maraqlarında deyil”, – Volski deyib, Azərbaycan və Ermənistan xalqlarını əlavə təxribatlardan kənar durmağa çağırıb.
Müxalif “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Qiqi Bokeriya isə yenə də XİN-in bəyanatını Gürcüstan tərəfindən kifayət qədər ciddi reaksiya olmadığı qənaətindədir.
“Əgər [Azərbaycan mediasının] informasiyası həqiqətdirsə, bu, yalnız iki qonşu ölkə əleyhinə, strateji tərəfdaş olan Azərbaycana qarşı atılmış addım deyil,addımdır. Həm də Gürcüstan vətəndaşlarının həyatına təhlükə yaradan addımdır.
Yox, əgər bu, yalandırsa, icra hakimiyyəti və cəmiyyət tərəfindən bu məlumatın yalan olduğunu sübut edəcən təcili və konkret reaksiya olmalıdır”.