Azərbaycan: pandemiya və ekologiya
Eko-aktivist Cavid Qara ilə koronavirus COVID-19 pandemiyasının Azərbaycanda ekologiyaya müsbət və mənfi tərəflərindən danışdıq.
İqtisadi və digər faktorlar
Cavid Qara deyir ki, Bakıda hava çirklənməsi azalsa da, bu, müvəqqəti xarakter daşıyır, çünki pandemiya bitəndən sonra vəziyyət əvvəlki axarına qayıdacaq.
O, bunu daha çox iqtisadi faktorla əlaqələndirir.
“Azərbaycan iqtisadiyyatı haqqında danışmaq bir qədər çətindir, çünki hökumət iqtisadiyyatı necə bərpa edəcək, əmək tutumlu sahələrə fokuslanacaq, yoxsa neft satışına fokus olacaq… bundan çox şey asılıdır. Ola bilsin ki, iqtisadiyyatı aqressiv formada inkişaf etdirsin ki, bu da mənfi təsirlərə gətirib çıxara bilər”.
Növbəti faktor kimi, Azərbaycanda ictimai nəzarətin yetərli olmamasını göstərir. Belə ki, pandemiyadan sonra ekoloji qanunvericilikdə ciddi yumuşalmanın olması, eyni zamanda, kənd təsərrüfatının kütləvi şəkildə inkişaf etdirilməsi də təbiət ərazilərinin sıradan çıxması ilə nəticələnə bilər.
- Ölüm tarixçəsi. Azərbaycanda təcili yardım gəlmədiyi üçün qadın vəfat edib “İlk çağırışdan 15 saat 7 dəqiqə keçib”
- “Azərbaycanda təkcə cəsarət yetərli deyil”, – tanınmış hüquq müdafiəçisi 30 il hakimiyyətin dəyişmədiyi bir ölkədə siyasət haqda
- “Yalnız qızılgüllər – bu darıxdırıcıdır”. Bakı qəsəbələrindən birində gül biznesi haqqında foto-hekayə
Ekologiyanın qurban verilməsi
Cavid Qara karantin tədbirlərinə görə hərəkət məhdudiyyətinin tətbiqindən sonra eko-aktivist qrupların ekoloji cinayətlərin qarşısını ala bilmədiyini deyir:
“Son aylarda iri miqyasda meşələrin kürüməsi prosesi gedirdi, biz az da olsa onun qarşısını almağa çalışırdıq, müəyyən uğurlarımız da vardı. İndi həmin ərazilərə rahat gedə bilmirik”.
O, müəyyən müsbət halları sadalasa da, nəticədə ekologiyanın deyil, iqtisadiyyatın prioritet olacağını düşünür:
“Turizmin azalması ilə bağlı kömürə, tikinti azaldığına görə taxta materialına tələbat azaldığından meşələr daha az qırılır. Amma nəzarət mexanixmi yoxdur. Ekoloji tələblər yumuşalacaq və ekologiyanı iqtisadiyyata qurban verəcəklər”.
Fermerlərin əsas problemi
Ekoloji təmiz qidalardan danışan aktivist deyir ki, əsasən bölgələrdə turist axının, restoran-iaşə fəaliyyətinin, o cümlədən toy və yas mərasimlərinin keçirilməməsi ət məhsuluna olan tələbatı azaldıb.
“Hazırda mən kəndlərdəyəm, fermerlər ciddi narahatdır ki, bu qədər qoyun-quzunu, dananı, inəyi necə satacaqlar. Payız aylarında onların məhsullarına tələbat olmasa, məcbur qalacaqlar ki, dəyər-dəyməzə satsınlar. Qış vaxtı mal-qaranı saxlamaq əlavə xərc tələb edir”.
“Pandemiyadan sonra bütün istehsal sahələrinin eyni vaxtda fəaliyyətə başlaması ekoloji xaosa səbəb ola bilərmi sualına”, bunun inandırıcı olmadığı cavabını verir.
“Xəyali olaraq, hamısı eyni vaxtda başlasa belə, insanların alıcılıq qabiliyyəti eyni vaxtda bərpa olunmayacaq”.
Eko-aktivist sıçrayışla bərpaolunma gözləmir, çünki pandemiyadan sonra bir neçə il iqtisadi durğunluq davam edəcək, hətta pandemiya bir qədər də davam etsə, ölkələrin rezerv maliyyə ehtiyatları tükənə də bilər.