Azərbaycanda bloklanmış saytlar: Senzurasız ölkə?
Azərbaycanda bloklanmış saytlar 2017-ci ildə yaranmış problemdir. Bu məsələ ilə bağlı qəti məhkəmə qərarı hələlik yoxdur. Bununla belə, ölkə prezidenti bildirir ki, Azərbaycan internetdə senzurasız ölkədir. Az əvvəl isə bütün ölkə ərazisində sosial şəbəkələr qapadılmışdı.
- Prezident üçün Telegram. “Bəşər tarixində ən böyük rəqəmsal miqrasiya”
- Gürcüstan DTX-ı Facebook-da koronavirus haqda statuslarla maraqlanır. Siyasətçilər və jurnalistlər diqqət mərkəzinə gəlib
- Azərbaycanda andeqraund incəsənəti – yardım əvəzinə senzura
Hər şey nədən başlayıb?
2017-ci ilin mayında Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hakimiyyətə “sərf etməyən” materiallar yayan beş saytın bağlanması üçün məhkəməyə müraciət edib.
Həmin saytlar sırasında “Azadlıq” qəzeti (müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəsmi orqanı), “Azadlıq Radiosu”, “Meydan TV”, “Turan TV” və “Azərbaycan Saatı” proqramı var.
“Azadlıq Radiosunun” Azərbaycan redaksiyası ilə eyni zamanda bu media orqanının beynəlxalq versiyasına çıxış da bloklanıb.
Yasamal rayon məhkəməsi nazirliyin iddiasını təmin edib və saytlar bütün Azərbaycan ərazisində bloklanıb.
Bakı Apellyasiya Məhkəməsi birinci instansiya qərarını qüvvədə saxlayıb. Amma 2019-cu ilin sentyabrında Azərbaycanın Ali Məhkəməsi rayon məhkəməsinin qərarını ləğv edib və işi baxış üçün apellyasiya məhkəməsinə qaytarıb.
Bu iş üzrə qəti qərar hələ qəbul edilməyib.
Sonsuz məhkəmə
Bloklanmış saytlardan biri “Meydan TV”-nin redaktoru Aynur Elgünəşin fikrincə, məhkəmə araşdırmasının bu qədər ləng getməsinin səbəbi hakimiyyətin saytlara Avropanın məhkəmə instansiyalarına müraciət etməsinə mane olmaq istəyidir.
“Artıq neçə ildir ki, sayta qarşı qaldırılmış cinayət işinin də nəticəsi yoxdur və bizi təzyiq altında saxlayırlar”, – Elgünəş JAMnews-a müsahibəsində bildirib.
Bu saytın əməkdaşlarının üzərindən ölkədən çıxış məhdudiyyəti az əvvəl götürülüb.
Azərbaycanda bloklanmış saytlar: nəticələr nədən ibarətdir?
Aynur Elgünəş qeyd edib ki, bloklanmadan sonrakı ilk aylar ərzində sayta daxil olanların sayı demək olar, yarıbayarı azalıb. Amma zaman keçdikcə insanlar bloklanmış saytları açmağa imkan verən VPN proqramlarından istifadə etməyi öyrəniblər.
“İndi bununla bağlı vəziyyət daha yaxşıdır. Bizim sosial şəbəkələrdəki aktiv fəaliyyətimizi də qeyd etmək lazımdır. Onların köməyi ilə öz materiallarımızı oxuculara çatdırırıq. Amma insanların azad şəkildə saytı oxuya bilməməsi hələ də bizim üçün böyük problem olaraq qalır”, – o qeyd edib.
Bağlı olan Twitter-də oxuyun
2020-ci il sentyabrın 27-də Qarabağda aktiv hərbi əməliyyatlar başlayandan bütün Azərbaycan ərazisində internetə giriş məhdudlaşdırılıb. Bəzi sosial şəbəkələrin azərbaycanlılar üçün mövcudluğu dayandırılıb. Amma insanlar dərhal VPN-dən istifadə etmək lazım olduğunu anlayıb.
Maraqlıdır ki, ikinci Qarabağ müharibəsində ən mühüm məlumatlar Twitter-də paylaşılırdı. Bu məlumatları ölkə prezidenti İlham Əliyev və onun köməkçisi Hikmət Hacıyev yayırdı. Baxmayaraq ki, ölkədə Twitter-ə giriş bloklanmışdı.
İnternetdə senzurasız ölkə
2020-ci il noyabrın 9-da BBC-ə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev ölkədə internetdə senzuranın olmadığını bildirib.
“Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır”, – Əliyev bildirib.