Azərbaycanda beynəlxalq təşkilatların fəaliyyətinin dayandırılması: Müxaliflərin və media mənsublarının baxışları
Beynəlxalq təşkilatların və mediaların bağlanması ilə bağlı düşüncələr
Azərbaycandakı beynəlxalq təşkilatların fəaliyyətinin dayandırılması və beynəlxaq mediaların akkreditasiyalarının ləğv edilməsi barədə azərbaycanlı müxaliflər və media mənsubları şərh veriblər.
Beynəlxalq Şəffaflıq Təşkilatının (“Transparency International”) milli bölməsi statusuna malik “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi və Avropa İttifaqının (Aİ) ən böyük təhsil proqramı olan “Erasmus+”un tələbə mübadiləsi proqramı Azərbaycanda fəaliyyətini dayandırır.
Həmçinin, Azərbaycan hökümətinə yaxın olar “Caliber” nəşri martın əvvəlində BMT-nin bir neçə təşkilatının da Azərbaycanda fəaliyyətinin dayandırılması istiqamətində Prezident Administrasiyasından verilən qərarla bağlı material dərc etmişdi.
Daha sonra hökümətə yaxın növbəti media olan APA rəsmi Bakının bu addımları atmasını yeni reallıqların yaranması, köhnəlmiş təşkilatlarla əməkdaşlığın effektivliyini itirməsi ilə əlaqələndirmişdi.
Həmçinin “BBC News” və “Sputnik”in Azərbaycandakı nümayəndəlikləri, o cümlədən “Bloomberg” agentliyinin, “Amerikanın səsi” radiosunun müxbir akkreditasiyaları ləğv edilib.
Müxalifər hesab edir ki, Azərbaycan hakimiyyəti dünyada baş verən proseslərdən öz lehinə sui-istifadə edir
İsa Qəmbər: “Hakimiyyət Azərbaycanın çağdaş dünya ilə əlaqələrini məhdudlaşdırmaq istəyir”
Müxalif Müsavat Partiyasının başqanı İsa Qəmbər “JAMnews”a açıqlamasında Azərbaycandakı avtoritar hakimiyyətin cəmiyyəti tam nəzarətə götürmək, onun fəallığını tam şəkildə məhdudlaşdırmaq üçün mümkün bütün addımlara gedəcəyini dilə gətirir.

O bildirir ki, Azərbaycan hakimiyyəti ABŞ Prezidentinin Amerikanın dünyada fəallığını azaltmaq, Amerikanı dünya ölkələrinə təqdim etdiyi layihələri dayandırmaq xəttindən də həvəslənərək, ölkə daxilində beynəlxalq birliyin, Qərbin müxtəlif institutlarının, təşkilatlarının, layihələrinin dayandırılması xəttini seçib və bu, Azərbaycanın maraqlarına uyğun deyil.
“Müzakirəlik mövzular ola bilər. Ancaq, tutaq ki, azərbaycanlı gənclərin Avropanın yüksək səviyyəli universitetlərində təhsil almasına şərait yaradan, Azərbaycan elminin, təhsilinin dünya ilə əlaqələrini gücləndirən “Erasmus” kimi bir layihənin dayandırılması, xüsusilə, təhsilin səviyyəsinə təsir göstərəcək. Bu, çox ziyanlı addımdır”.
Partiya başqanı bənzər fikirlərin “Transparency International” təşkilatının Azərbaycanda fəaliyyətini dayandırması ilə bağlı da səsləndirilə biləcəyini deyir:
“Açığı, bu təşkilat ölkədə korrupsiyanın qarşısını alan təşkilat deyil. O, monitorinq təşkilatıdır, rəy öyrənilməsi təşkilatıdır və, təbii ki,dünya ölkələrində korrupsiyanın səviyyəsini müəyyənləşdirmək üçün önəmli təşkilatdır. Amma o, korrupsiyanın azalmasına aid işlər görən təşkilat deyildi.
Bu təşkilatların hər birini ləğvi doğru deyil, ancaq “Erasmus”un qapadılması ciddi itkidir və hakimiyyətin atdığı növbəti yanlış addımdır. Bunu hakimiyyət də düşünməli və kompensasiya edəcək addımlar haqqında fikirləşməlidir”.
“Azərbaycan hakimiyyəti təkcə iqtisadiyyatı deyil, digər sahələri də monopoliyaya götürmək, ictimai fəallığı məhdudlaşdırmaq, Azərbaycanın çağdaş dünya ilə əlaqələrini məhdudlaşdırmağa yönəlik xətt üzrə hərəkət edir”, – İsa Qəmbər belə deyir
Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinin tutduğu bu yol onu beynəlxalq təşkilatların həm haqlı, həm də haqsız tənqidlərindən müdafiə etməyəcək.
Hüquq müdafiəçisinin fikrincə, İlham Əliyev Qarabağ müharibəsindən sonra əlinə keçmiş fürsəti dəyərləndirir
Əhməd Məmmədli: Sərf etməyəcəyi təqdirdə Azərbaycan Avropa Şurası və AİHM-in yurisdiksiyasından da imtina edə bilər.
Hüquq müdafiəçisi Əhməd Məmmədli “JAMnews”a açıqlamasında deyir ki, davam edən proseslər onu göstərir ki, İlham Əliyev dünyada baş verənlərdən öz xeyrinə sui-istifadə edir:
“Bu,həmişə belə olub. Əliyev artıq görür ki, ABŞ-də Tramp administrasiyası onun maraqlarına cavab verir və Avropada hakimiyyətə sağ qüvvələr gəlir və başı öz problemlərinə qarışacaq. Bu səbəblə də o, mediaların akkreditasiyalarını ləğv edir, beynəlxalq təşkilatların ofisini qapadır.

Beləliklə də Qərbi sadəcə ticarət təşkilatı olaraq görmək istəyir. İlham Əliyev çıxışlarında da Qərblə bağlı danışanda insan haqları məsələsini dilə gətirmir, o ancaq ticarət əlaqələri, texnoloji əməkdaşlıqdan bəhs edir”.
Məmmədlinin fikrincə, İlham Əliyev, hətta, onunla qismən əməkdaşlıq edən alternativləri də ölkədə görmək istəmir:
“Görünən odur ki, Əliyev müharibədən sonra əlinə keçən fürsəti həm ölkə daxilində, həm də ölkə xaricində sonuna qədər dəyərləndirmək istəyir. Təzyiqlərin səbəbi də budur.
O ABŞ-nin ona qarşı sanksiyalar irəli sürməyəcəyindən əmindir, Avropada da İtaliya, Macarıstan kimi dövlətlər onu müdafiə edəcək.
Sərf etməyəcəyi təqdirdə Azərbaycan Avropa Şurası və AİHM-in yurisdiksiyasından da imtina edə bilər”.
Hüquq müdafiəçisi prosesin son nəfəslik qalmayana qədər davam edəcəyini düşünür. O hesab edir ki, hətta, hazırda fəaliyyət göstərməyən qurum və şəxslərin də gələcəkdə həbs edilmə ehtimalı var.
Redaktor: “Biz, Azərbaycan hökümətinin verdiyi siyasi qərarlardan asılı olmaq istəmirik”
9 əməkdaşı həbs edilən, Azərbaycanda veb-saytına girişi qadağan edilən “Meydan TV”-nin redaktoru Orxan Məmmədin sözlərinə görə, “AbzasMedia” əməkdaşlarının həbs olunması ilə başlayan basqılar artıq yekunlaşmaq üzrədir. Onun fikrincə, Azərbaycan Qərbə bağlı heç bir təşkilatı ölkədə görmək istəmir, Qərblə bütün körpüləri yandırır.

Müstəqil mediaların ölkədə fəaliyyəti ilə bağlı danışan “Meydan TV” redaktoru bildirir ki, Azərbaycan daxilində fəaliyyət göstərmək tamamilə məhdudlaşdırılıb.
“Son 10 gündə “Meydan TV”-nin fəaliyyəti demək olar ki, iflic olub. Biz ilk dəfədir ki, Azərbaycandan material dərc edə bilmirik. Gələcək fəaliyyətimizdə vətəndaş jurnalistikasına üstünlük verəcəyik.
Amma gedişatın özü heç yaxşı şeylər vəd etmir”.
O, Azərbaycanın Şimali Koreya və ya Türkmənistanlaşacağını düşünmür. Amma redaktorun fikrincə, Azərbaycanın tutduğu xüsusi yol var:
“2014-cü ildə də yenə basqılar var idi, ölkə qapanmağa doğru getsə də, yenidən açılım etdi.
Mən bir jurnalist olaraq siyasi proqnoz verə bilmərəm, amma aydındır ki, gələcəkdə Azərbaycan yenidən açılıma getsə də, nə qrantlarla işləmək, nə də QHT fəaliyyəti əvvəlki kimi olmayacaq.
Biz Azərbaycan hökümətinin verdiyi siyasi qərarlardan asılı olmaq istəmirik, bu səbəblə də gələcəkdəki davamlı fəaliyyətimiz üçün addımlar atırıq”.
Orxan söyləyir ki, baş verən proseslərin nəticəsi olaraq Azərbaycan mediasının keyfiyyəti daha da azalacaq:
“Geriləmə “AbzasMedia”ya edilən hücumdan sonra başlamışdı və getdikcə pisləşir.
Hakimiyyətin sosial mediaları qapatmaq yolunu seçəcəyini düşünmürəm. Ona görə ki, onlar özlərinin propaqandalarını da bu vasitə ilə həyata keçirirlər. Bu səbəblə də ölkədə media fəaliyyətinə icazə verilməsə də Rusiya müstəqil mediasının 2 ildir tutduğu yolla gedəcək və tamamilə xaricdən fəaliyyət göstərəcəyik”.
Hökümət rəsmiləri beynəlxaq təşkilatların fəaliyyətinin dayandırılması və mediaların akkreditasiyalarının ləğv edilməsi ilə bağlı suallarımızı cavabsız qoydular.
Xatırlatma
2023-cü ilin sonlarından “Abzas Media” əməkdaşlarının həbsi ilə başladılan basqılar nəticəsində 20-dən çox jurnalist, o cümlədən “Abzas Media”, “Toplum TV” və “Meydan TV” kimi müstəqil media orqanlarının tam heyəti həbs olunub, redaksiyaları isə qapadılıb.
Bu proseslərin davamı olaraq ölkədə fəaliyyət göstərən beynəlxalq media təşkilatlarının akkreditasiyaları ləğv edilib, ofisləri qapadılıb.
Habelə, Beynəlxalq Şəffaflıq Təşkilatının, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi və Avropa İttifaqının (Aİ) ən böyük təhsil proqramı olan “Erasmus+” Azərbaycanda fəaliyyətini dayandırıb.