Azərbaycanda “talançı ovu” – bunda təəccüblü olan nədir?
Azərbaycanda son beş ay ərzində beş müxtəlif rayonun icra hakimiyyəti başçısı korrupsiya və talan ittihamı ilə həbs olunub. Ölkədə belə şey çox uzun zamandır ki, olmayıb.
Cəmiyyətdə uzun illərdirdir ki, bütün icra hakimiyyəti başçılarının rüşvət aldığı və hakimiyyətləri altında olan rayonlarda dərəbəylik yaratdıqları və buna görə cəzalandırılmadıqları haqda fikir formalaşıb. Bu vəziyyət artıq norma kimi qəbul edilir.
Buna görə də hökumət birdən-birə korrupsiyaçıların və talançıların “ovuna” başlayanda, bu, çoxlarına qəribə gəldi.
- “Virusla sınaq” – Azərbaycan hökuməti və cəmiyyəti bu sınaqdan necə çıxdı?
- Azərbaycanın koronavirus üzərində parlaq qələbəsi: müammadırmı?
- Neft və koronavirus – Azərbaycan iqtisadiyyatının iki bəlası
Bütün bu məmurlara qarşı irəli sürülən ittihamlar çox oxşardır – korrupsiya, sosial müavinətlərin və rayonun abadlaşdırılması üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi, əməkhaqqı kartlarının ələ keçirilməsi. Onların hamısı Yeni Azərbaycan Partiyasının üzvüdür və uzun illər bu vəzifədə olublar.
Yeri gəlmişkən, bu vəzifə seçkili yox, təyinatlıdır – icra hakimiyyəti başçılarını prezident təyin edir.
Beş halın hamısında başçıların cinayətlərinin üstü sakinlərdən daxil olan şikayətlər əsasında “açılıb”.
Əhalinin bir hissəsi baş verənlərə “axır ki, ədalət öz yerini tapdı” ruhunda reaksiya verib.
Amma ədalətin bu gözlənilməz qələbəsinə şübhə ilə yanaşanlar daha çoxdur. Xüsusən də neft qiymətinin ucuzlaşması səbəbilə Azərbaycanın devalvasiya astanasında olması fonda.
Üstəlik COVID-19 pandemiyası üzündən ölkədə karantin rejimidir və çoxları işsiz qalıb. Yəni cəmiyyətdə vəziyyət bütün mənalarda sağlam deyil.
Düzdür, bu beş nəfərdən ilkinin həbsi 2019-cu ilin dekabrında, hələ nə pandemiya, nə də ciddi maliyyə problemi olmadığı zaman baş verib.
İqtisadçı Qubad İbadoğlu xatırladıb ki, Azərbaycanda ümumilikdə 87 icra hakimiyyəti başçısı var və ona qalsa, gərək onların hamısı – ayda biri həbs olunsun. Ümumilikdə o, həbsləri korrupsiya ilə səmərəli mübarizə üsulu hesab etmir:
“Əgər indiyə qədər 5 icra başçısı həbs olunubsa, onlar eyni əməllə yenə həbslər davam edirsə, deməli korrupsiya ilə belə mübarizə effektli deyil. Həbs olunan icra başçılarının əsasən sahibkarlardan rüşvət, əmlak, torpaq almaq və yoxsul təbəqənin sosial təminatı üçün ayrılan yardım və işsizlik müavinətini mənimsəməkdir. Deməli, mərkəzləşdirilmiş fiskal tənzimlənmə sistemində yoxsullar və işsizlərin müdafiəsi üçün həyata keçirilən sosial siyasət ünvanlı olmayıb, effekt verməyib. Eyni siyasəti davam etdirməyə dəyərmi? Nə zaman bu hakimiyyət fiskal əskmərkəzləşdirmə islahatlarına başlayacaq? İcra başçıları özləri özlərini təyin etmir ki? Onları təyin edən və təqdimatını hazırlayanlar niyə məsuliyyətdən kənarda qalırlar. Həbs olunan icra başçılarının 10-15 illik stajı vardır. Məgər onlar son 5 ayda rüşvət toplamaqla məşğul olublar? Bəs onlar əvvəllər xalqın (sahibkarın, yoxsul və işsizin) qanını soranda niyə adekvat qərarlar olmayıb, bu fəaliyyətsizliyə görə kimlər məsuliyyət daşıyır?”
İbadoğlu icra hakimiyyətlərini ləğv etməyi və bütün səlahiyyətlərin bələdiyyələrə verilməsini təklif edir.
“Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatı dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatında Azərbaycan avtoritar ölkələr sırasına aid edib. Təşkilat hesab edir ki, prezident İlham Əliyev hakimiyyətin yüksək eşelonlarında apardığı dəyişiklikləri həyat yoldaşı, ölkəninn birinci vitse-prezidenti Mehriban Əliyevanın xeyrinə həyata keçirir.
“İqtisadiyyatın zəifləməsi və klan siyasətinin güclənməsi fonunda ictimai dəstəyi itirən Əliyev “köhnə qvardiyaya” aid məmurları aradan götürür, bununla da elita daxilində sui-qəsd ehtimalını azaltmağa çalışır. Kənarlaşdırılan şəxslər ya Əliyevin xanımının əleyhinə çıxş edib, ya da ən azı ona qarşı loyal olmayıblar”, – “Freedom House” baş verənləri belə izah edir.
Keçmiş siyasi məhbus Qiyas İbrahimov isə əmindir ki, karantinlə bağlı bütün digər manipulyasiyalar kimi (gah məhdudiyyətləri yumşaldır, gah da sərtləşdirəcəkləri ilə təhdid edirlər), rayon icra hakimiyyətləri başçılarının həbsi də hökumətin xalqın diqqətini neft ucuzlaşan qiymətindən və böhran təhlükəsindən yayındırmaq, ictimai qəzəbin qızışmasına imkan verməmək üçün istifadə etdiyi fəndlərdir.