Azərbaycanda benzin bahalaşıb
Azərbaycanda “Aİ-95” premium markalı benzin 25 faiz bahalaşıb. “Aİ-98” super benzinin də qiyməti qalxıb, amma 15 faiz. Ekspertlərin fikrincə, bahalı benzin markalarının qiymətinin qalxması həyat əhəmiyyətli ərzaqların qiymətlərinə təsir etməməlidir. Amma artlıq bu gün məlum olub ki, qoyun ətinin qiyməti 20 faiz artıb.
- Rusiya və Azərbaycan arasında pomidor-alma müharibəsi davam edir
- Ermənistanda pensiyaçılar kartla ödəniş etsələr, keşbek alacaqlar
- Azərbaycanda çörək yenə 30 faiz bahalaşa bilər
Nə baş verib?
2022-ci il iyulun 13-ə keçən gecə Azərbaycanda “Aİ-95” premium markalı benzin 25 faiz bahalaşaraq 2 manata olub. Bununla eyni zamanda “Aİ-98” super benzinin də qiyməti 15 faiz yüksəlib. Bu benzinin bir litri artıq 2 manat 30 qəpiyə satılır.
Ekspertlərin fikrincə, Azərbaycanda avtomobil sahiblərinin 90 faizindən çoxu litri əvvəl də olduğu kimi 1 manata olan “Aİ-92” markalı benzindən istifadə edir. Bu səbəbdən bahalı benzin markalarının bir az da bahalaşması həyat əhəmiyyətli ərzaqların qiymətinə təsir etməməlidir.
Qoyun əti də bahalaşıb
Amma artıq bu gün KİV-də qoyun ətinin 20 faiz bahalaşması haqda məlumatlar yayılıb. İndi qoyun ətinin kilosu 15 manatadır.
Sosial şəbəkələrin Azərbaycan seqmentində istifadəçilər bahalı benzin markalarının bahalaşmasının ardınca dərhal qoyun ətinin qiymətinin yüksəlməsilə bağlı zarafat edirlər.
“Qoyunları bazarlara bahalı xarici maşınlarda daşıyırlar bəyəm?” – istifadəçilərdən biri sual edir.
“Yox, qəssab bahalı xarici maşında gəzir”, – digəri cavab verir.
Bu gün digər ərzaq və malların qiymətlərində artım müşahidə olunmayıb.
Benzinin bahalaşmasının səbəbi
Azərbaycanda premium benzinin bahalaşmasını ölkə ərazisində istehsal olunmaması və qiymətinin dünya bazarında neftin qiymətindən asılı olması ilə izah edirlər.
Hökumətə yaxın telekanallar və onlayn-nəşrlər bahalaşmadan bir neçə gün əvvəl yanacaq qiymətlərinin dünya bazarının konyukturasından çıxış edərək tənzimləməyin vacibliyi haqda süjetlər göstərir, məqalələr dərc edirdilər.
İqtisadçıların fikrincə, premium markalı benzinin qiymətinin qalxmasının birbaşa səbəbi ölkənin yanacaq bazarında SOCAR-ın timsalında dövlət inhisarıdır. Baqa heç bir şirkət Azərbaycana yanacaq gətirmir və dövlət neft şirkəti öz şərtlərini diktə edir.
Ekspert şərhi
İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, əslində son iki həftədə dünya bazarında neftin ucuzlaşması müşahidə olunur. Bundan əvvəl fevralda Rusiya-Ukrayna müharibəsi fonunda neft bahalaşmağa başlamışdı.
“Mayda qiymətlər ən yüksək həddə çatdı. Brent markalı neftin bir barreli 135 dollar səviyyəsində satışa çıxarılırdı. İndi isə tənəzzül riskləri və hökumətlərin mühafizəkar siyasətləri, OPEC-ə daxil olmayan ölkələrlə razılaşmaların əldə edilməsi, o cümlədən də bazarda tələbat və təklifin dəyişməsi, İranın Çinə dempinq qiymətlərilə neft təklif etməsi fonunda qiymətlər enməyə başlayıb. Bu gün qiymət bir barrelə görə 100 dollara qədər enib. Bütün bunlar bazarda qiymətlərin korreksiyasından xəbər verir. Buna görə də bu cür izahatı doğru hesab etmirəm”, – Həsənov deyib.
Ekspert vurğulayıb ki, “Aİ-95” və “Aİ-98” markalı benzinlərin qiymətləri bazar tərəfindən tənzimlənməlidir:
“Bu günlərdə KİV-də bu növ yanacaqların qiymətinin yüksəlməsinin dəstəklənməsi ilə bağlı təbliğat kompaniyasının aparılması şübhə yaratmaya bilməz”.
Ekspertin fikrincə, vətəndaşları aldadırlar:
“Bizdə və digər ölkələrdə yanacaq qiymətlərinin müqayisəsi hansısa metodologiya əsasında aparılmalıdır – ya ailə büdcəsi strukturunda yanacağın xüsusi çəkisi əsasında, ya da ailənin gəlirləri ilə müqayisədə. Əks halda Azərbaycanda və ABŞ-da qiymətlərin müqayisəsi absurd olur. Bu gün ABŞ-da orta aylıq gəlir 2500 dollardıq, Azərbaycanda isə 400-500 dollar. Ölkənin regionalarında isə gəlirlər daha da azdır – hardasa 200 dollar təşkil edir. Buna görə də ABŞ-la müqayisə yersizdir”.
Həmçinin Həsənovun fikrincə, Azərbaycanda benzinin qiymətini yüksək enerji asılılığı olan ölkələrdə müqayisə etmək də doğru deyil.
“Dövlət özü gözəl anlayır ki, dürüst oyun oynamır. Çünki bazarda ancaq bir yanacaq təchizatçısı var. Belə olan halda qiymətlər bazara əsasən formalaşa bilməz. Bu, hamıya aydındır”, – ekspert “Turan” agentliyinə bildirib.
Onun sözlərinə görə, bu gün qonşu Gürcüstan və Türkiyədə benzin Azərbaycandan bahadır. Amma bu ölkələr neft istehsalçısı deyil:
“Bir növ mal üzrə ölkələr arasında analogiya aparmaq olmaz. Bəli, Gürcüstanda benzin bizdəkindən bahadır. Amma Gürcüstanda 5 min dollara satılan avtomobil bizdə 12-13 min dollara satılır. Və yekun olaraq Gürcüstanda ailə büdcəsində nəqliyyat xərclərinin xüsusi çəkisi azərbaycanlı ailə ilə müqayisədə ya aşağıdır, ya da eynidir. İnsanları aldatmaq olmaz”.