Azərbaycan Xocalı faciəsinin 25 illiyini qeyd edir
Bu gün, Fevralın 26-da Azərbaycanda Qarabağın azərbaycanlıların məskunlaşdığı şəhəri Xocalıda törədilən faciənin xatirə günü qeyd olunur.
Bu gün səhər Bakıda prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva da daxil olmaqla 40 mindən çox insan yürüşdə iştirak edib.
İnsanlar əllərində qurbanların portpertlərini, faciədə günahı olanların məsuliyyətə cəlb olunması və bu hadisələrə beynəlxalq qiymət verilməsi tələbi ilə azərbaycan, rus, ingilis və fransız dillərində plakatlar və transporantlar tutublar.
Azərbaycan tərəfinin baş verənlərlə bağlı versiyası:
1992-ci il fevralın 25-dən 26-a keçən gecə keçmiş Sovet Ordusunun Qarabağa dislokasiya edilmiş 366-cı motoatıcı alayının köməyilə erməni silahlı dəstələri azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərinə hücum edib və ələ keçirib. Bu əməliyyat dəhşətli faciə ilə nəticələnib, yüzlərlə insanın həyatı bahasına başa gəlib və bu hadisə Qarabağ Müharibəsinin ən qanlı səhifələrindən biridir.
Erməni tərəfinin baş verənlərlə bağlı versiyası:
Hazırda Ermənistanın prezidenti olan Serj Sarkisyan Britaniyalı jurnalist Tomas de Vaala müsahibəsində bildirib:
“Xocalıya qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat eləmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu [stereotipi] qıra bildik. Görün nə baş verdi. Bir də onu nəzərə almaq lazımdır ki, o oğlanların arasında Bakıdan və Sumqayıtdan qaçan insanlar vardı”.
Dünyanın 10-dan çox ölkəsinin parlamenti və ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanı Xocalı hadisələrini genosid kimi tanıyıb.
Beynəlxalq insan haqları təşkilatı Human Rights Watch faciə ilə bağlı öz araşdırmasını aparıb. Hesabatda hadisələr belə təsvir olunub:
“Şəhər erməni silahlı qüvvələrinin əlinə keçəndən sonra bəzən geri çəkilən müdafiəçilərin müşayiəti ilə insan kütlələri şəhəri tərk edirdi. Onlar Azərbaycan sərhədinə yaxınlaşandan sonra onlar erməni silahlı postuna rast gəliblər və qəddarca güllələniblər”.
Moskvada yerləşən digər hüquq müdadiə təşkilatı “Memorial”ın hesabatında deyilir:
“Dağlıq Qarabağ Respublikası rəsmilərinin və hücum iştirakçılarının sözlərinə görə, hücumun əvvəlində Xocalı əhalisi geri çəkilmək üçün “humanitar dəhlizin” olduğu haqda xəbərdar ediliblər”.
Amma bu məlumatı verən şəxslər istisna etmirlər ki, atışma və səsgücləndiricinin çox da güclü olmaması səbəbindən Xocalı əhalisinin böyük əksəriyyəti “azad dəhliz” haqda xəbəri eşitməyə bilərdilər”.
Human Rights Watch yazır ki, sorğu edilən şahidlərin heç birinin şəhəri tərk etmək üçün dəhlizin mövcudluğundan xəbəri olmayıb.
[yes_list]
- Qurbanların dəqiq sayı ilə bağlı indiyə qədər vahid fikir yoxdur. Azərbaycan Respublikasının rəsmi statistikasına görə, erməni silahlı dəstələrinin əməlləri nəticəsində şəhərdə olan 3 min nəfərdən 106-ı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib. 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər əsir götürülüb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamam məhv edilib. Britaniyalı jurnalist Tomas de Vaal həlak olanlarla bağlı Azərbaycanın parlament komissiyasının açıqladığı rəqəmi – 485 nəfər (yolda donaraq ölənlər də daxil olmaqla) – ən həqiqətəuyğun hesab edir.
- Erməni tərəfinin itkiləri az olub. Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin xəbərinə görə, Xocalıya hücum zamanı 7 erməni həlak olub, 20 nəfər yaralanıb. Erməni tərəfinin xəbərinə görə, həmin gün 10-12 nəfər həlak olub.
- Xocalı faciəsi Azərbaycanda hakimiyyət dəyişikliyinə səbəb oldu. 1992-ci il martın 6-da respublikanın birinci prezidenti Ayaz Mütəllibov istefaya getməyə məcbur qaldı.
[/yes_list]