Azərbaycan XİN rəhbəri Ermənistanın altı təklifi haqda: “Bu, təkliflər adlandırıla bilməz”
İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə keçirilən son görüş zamanı Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə ikitərəfli komissiyanın ilk görüşünün aprelin sonuna qədər keçirilməsi haqda razılıq əldə edilmişdi. Vaxt bitsə də, görüş baş tutmadı. Ləngimə səbəbləri haqda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov danışıb. Bakının təklif etdiyi beş prinsipə cavab olaraq Yerevanın irəli sürdüyü altı təkliflə bağlı XİN rəhbəri deyib: “Bu, təkliflər adlandırıla bilməz”.
- “Moskva Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlara qarşıdır” – Bakıdan şərh
- “Bakı çox dözməyəcək və baş verənləri səssiz seyr etməyəcək” – politoloqun şərhi
- Azərbaycan Ermənistanla sərhəddə sərhəd məntəqələrinin yerlərini müəyyən edib
Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli görüşdəAzərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması ilə bağlı razılıq əldə edilib. Həmçinin bildirilib ki, komissiyanın birinci iclası 2022-ci il aprelin sonuna qədər baş tutacaq. Artıq mayın ortasıdır, amma hələ heç bir görüş keçirilməyib.
İkitərəfli komissiya haqda
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ikitərəfli komissiyanın iclasının ləngiməsi ilə bağlı jurnalistlərin suallarına cavab verərək bildirib:
“Görüş keçirməzdən öncə mənim Ermənistan xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Bu zaman biz komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik. Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin digər qonşu ölkələrlə delimitasiya prosesindən bir sıra xüsusiyyətlərini, fərqləri nəzərə alaraq, təklifimiz ondan ibarət oldu ki, komissiya fərqli formatda təşkil edilməlidir”.
Bayramovun sözlərinə görə, Azərbaycan tərəfi təklif edib ki, Azərbaycan tərəfdən komissiyaya rəhbərlik edən şəxs Baş nazirin müavini səviyyəsində olsun.
“Hələ ilk telefon danışığımız zamanı Ermənistan xarici işlər naziri bunu anlaşıqlı qəbul etdi və dedi ki, bunu Ermənistanda müzakirə etmək üçün əlavə vaxt lazımdır. Daha sonra Ermənistan tərəfi bu təklifin onlar üçün də məqbul olduğunu qeyd etdi. Komissiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Hələ ki ilk iclas keçirilməyib. Azərbaycan tərəfi hələ aprel ayında bu iclasın keçirilməsinə hazır idi. Biz yenə də hazırıq”.
Beş prinsipə cavab olaraq altı təklif
Azərbaycanın XİN rəhbəri bildirib ki, Azərbaycan tərəfi hələ 2022-ci ilin fevralında sülh danışıqları üçün əsas prinsipləri Ermənistana təqdim edib.
“Ermənistan tərəfi bildirib ki, bu baza prisiplərində məqbul olmayan heş nə yoxdur”, – Bayramov əlavə edib.
Nazirin sözlərinə görə, daha sonra Ermənistan-Azərbaycan münaqişəsinin nizamlaması üzrə Azərbaycanın irəli sürdüyü beş prinsipə cavab olaraq Ermənistanın altı təklifi haqda məlumat verilib:
“Ancaq maraqlı məqam bundan ibarətdir ki, hər kəs Ermənistanın qeyd etdiyi sənədi görüb. Sənədə baxarkən orda görünür ki, bu, təkliflər adlandırıla bilməz. Ermənistan tərəfinin sənədi Azərbaycanın təkliflərinə reaksiya formasında idi”.
Nazir vurğulayıb ki, bu altı bəndlərdən biri sualdan ibarət olub: “Niyə Azərbaycan 21 fevral qeyd edilən baza prinsiplərini mart ayının əvvəlində Ermənistana təqdim edib?”
“Azərbaycan ilk gündən bunu qeyd etmişdi ki, baza təklifləri vasitəçilər vasitəsilə təqdim olunub. Bunu vasitəçilərdən soruşmaq lazımdır. Növbəti bənd ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı hər hansı bir ərazi iddiaları yoxdur və hələ 1992-ci ildə hər iki ölkə MDB-yə üzv olarkən bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Bu da haradasa Azərbaycanın qeyd etdiyi baza prinsipinin təkrarlanmasıdır”, – Bayramov bildirib.
Nazir qeyd edib ki, təklif olunan maddələrdən birində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların yerinə yetirilməsinin vacibliyi qeyd olunub:
“Digər bənd odur ki, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqları təşkil etmək üçün Minsk qrupu həmsədrlərinə müraciət edir. Bu həmin o məqamda baş verir ki, Ukrayna hadisələri fonunda Minsk qrupu həmsədrləri arasında heç bir əlaqə yoxdur və demək olar bu qrup iflic bir vəziyyətdədir”.
Qarabağdakı sülhməramlılar haqda
Azərbaycanın XİN rəhbəri jusranistlərin Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqda suala da cavab verib.
“Təbii ki, vaxtaşırı hansısa suallar olur və əsasən o suallar hələ də Qarabağ bölgəsində Ermənistanın hərbi birləşmələrinin mövcudluğu ilə bağlıdır, qanunsuz olaraq həmin ərazilərə səfərlər edilməsi ilə bağlıdır. Belə məqamlar olan halda onlar həm sülhməramlıların buradakı komandanlığı, həm də digər səviyyələrdə qaldırılır və müzakirə mövzusu olur. Azərbaycan tərəfi məsələlərin məhz bu müstəvidə həll edilməsinin tərəfdarıdır”, Ceyhun Bayramov bildirib.