Noyabrın 8-də Xankəndi şəhərində ikinci Qarabağ müharibəsinin başa çatmasının üçüncü ildönümü münasibətilə hərbi parad keçirilib. Azərbaycan bu tarixi Zəfər Günü elan edib.
Paradı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qəbul edib. Xankəndidə keçirilən Zəfər paradına müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev komandanlıq edib.
Əvvəlcə müdafiə naziri general-polkovnik Zakir Həsənov İlham Əliyevə raport verib. Sonra ikinci Qarabağ müharibəsi və antiterror əməliyyatının iştirakçıları olan hərbi qulluqçular tribuna önündən keçiblər.
Xankəndidə keçirilən paradda hərbi əməliyyatlar zamanı ələ keçirilən hərbi texnika da nümayiş etdirilib. Karvanda ələ keçirilən hərbi texnikanın nömrə nişanlarından hazırlanmış konstruksiya daşıyan yük maşını da olub.
2020-ci ilin payızında Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə baş verib və 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı imzalanması ilə başa çatıb. Bu müharibə nəticəsində 7 ətraf rayon, eləcə də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi, o cümlədən Şuşa şəhəri yenidən Azərbaycanın nəzarətinə keçib. Şuşinin geri qayıtma tarixi – noyabrın 8-i Zəfər Günü elan edilib.
İlk qələbə paradı 2020-ci ilin dekabrında Bakıda keçirilib.
2023-cü il sentyabrın 19-20-də rəsmi Bakı Qarabağın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi issəsində antiterror əməliyyatı keçirdiyini elan edib. 24 saat davam edən əməliyyat nəticəsində bütün bu ərazilər, eləcə də keçmiş DQMV-nin mərkəzi olan Xankəndi şəhəri Azərbaycanın nəzarətinə qayıdıb. Erməni əhalinin əksəriyyəti Qarabağı tərk edib.