Azərbaycan və İran münasibətlərində gərginlik. Nə baş verir?
Azərbaycan və İran arasındakı münasibətlər son aylarda pisləşib, əgər kritik dərəcədə korlandığını deməsək. Qarşı tərəfin yürütdüyü siyasətlə razı olmadığını artıq Azərbaycan prezidenti də, İranın dini lideri də ifadə edib. Bu qonşu ölkələr arasında nə baş verib və bütün bunlar nə ilə nəticələnə bilər? hadisələrin xronologiyası və ekspert şərti.
- İranın yeni radikal prezidenti və Qafqaz: nə gözləməli? Bakı, Yerevan və Tbilisidən dəyərləndirmə
- Eldar Namazov: “ABŞ və Fransa təxribat yaratmağa çalışır”
- Rusiya XİN rəhbərinin Qafqaza səfərinin arxasında nə gizlənir? Bakı və Yerevandan şərhlər
İki iranlı sürücünün həbsi
Azərbaycan və İran arasındakı münasibətlərin pisləşməsi rəsmi Bakının öz KİV-i vasitəsilə Tehranı Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağa birbaşa təchizatların çatdırılmasında günahlandırmasından başlayıb. İranın yük maşınlarının Laçın dəhlizi ilə Xankəndi (Stepanakert) istiqamətində getdiklərini sübut edən foto və video-materiallar dərc olunub.
Azərbaycan öz ərazisindən keçən Qafan-Gorus yolunda polis və gömrük postları yerləşdirəndən sonra iki sürücü – İran vətəndaşı sərhədi qanunsuz keçməkdə günahlandırılaraq həbs edilib.
Diplomatik təmaslar
Bu hadisədən sonra sentyabrın ortasında İran və Azərbaycan hakimiyyətlərinin nümayəndələri arasında sıx diplomatik görüşlər keçirilib. Azərbaycan tərəfdən danışıqları prezident köməkçisi Hikmət Hacıyev aparıb. O, İranın Bakıdakı səfiri ilə iki dəfə, daha sonra isə Azərbaycana işgüzar səfərə gələn İranın xarici işlər nazirinin müavini ilə görüşüb.
Daha sonra baş verən hadisələrdən görünən odur ki, bu təmaslar real heç bir nəticə verməyib.
Xəzərdə təlimlər
Sentyabrın ikinci oongünlüyündə Azərbaycan Xəzər dənizində Türkiyə ilə birgə hərbi təlimlər keçirib. Rəsmi Tehranın buna reaksiyası gecikməyib.
İranın XİN-in mətbuat katibi Səid Xatibzadə ölkəsinin Türkiyə qoşunlarının Xəzər dənizi sularında olmasından narahat olduğunu ifadə edib: “Xəzər dənizinin hüquqi statusuna əsasən, beş ətraf dövlətdən başqa heç bir dövlətin burada hərbi iştirakı ola bilməz. Bu qanunsuzdur”.
Azərbaycan hakimiyyəti bu ittihamlara cavab verərkən bildirib ki, Türkiyə hərbçilərinin cəlb olunması ilə təlimlər ölkənin ərazi sularında keçirilib və sahilyanı ölkələr üçün heç bir təhlükə kəsb etməyib.
“Kartof” diplomatiyası
Azərbaycanın Ərzaq Təhlükəsizliyi Agentliyi İrandan idxal olunan kartofun tərkibində təhlükəli ziyanverici aşkarlandığını elan edib.
“Hər partiyanın ekspertizası zamanı karantin ziyanvericisi (Phthorimaea operculella — kartof güvəsi) aşkarlanıb”, – qurumun mətbuat xidmətinin məlumatında bildirilib.
Bir neçə gün sonra eyni agentlik İrandan idxal olunan kartofa təhlükəsizlik sertifikatının verilməsini ümumiyyətlə dayandırıb.
Din xadimləri “döyüşə” girir
Ərdəbil şəhərinin imam cümməsi və İranın ali dini lideri Ayətullah Əli Xameneyinin nümayəndəsi Həsən Amili Azərbaycanın ünvanına kəskin bəyanat səsləndirib:
“İranın milli təhlükəsilik üzrə Ali Şurası silahlı qüvvələrə Arazın bu tayında silah tətbiq etməyə icazə verməlidir [İranla Azərbaycan arasında sərhədin böyük hissəsi Araz çayından keçir — JAMnews]”, – o deyib.
“SEPAH (İslam İnqilabının Mühafizə Korpusu) sərhəd boyunca təlimlərin keçirilməsinə icazə verməlidir ki, onlara kimin kim olduğunu, bizim gücümüzü göstərək. Qoy İranın qüdrətini göstərməyə, öz gücümüzlə kim olduğumuzu nümayiş etdirməyə icazə versinlər. Anlasınlar ki, şirin quyruğ ilə oynamaq olmaz!” – Amili əlavə edib.
Ona Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Allahşükür Paşazadə cavab verib.
“Amilinin məlum çıxışı əlbəttə ki, İran-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət etmir. Təəssüf ki, Ərdəbil məscidinin imamı separatçıların vandalizminə göz yummağa üstünlük verib. Biz, inanclılar müharibə yox, sülh, barışıq haqda danışmalıyıq”, – Azərbaycanın dili lideri bildirib.
İrandan xoş niyyət jesti
Sentyabrın 24-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musavi bildirib ki, Qarabağa qanunsuz yükdaşımalar həyata keçirən özəl nəqliyyat şirkətlərinə xəbərdarlıq edilib.
“Azərbaycan tərəfindən rəsmi informasiya alandan sonra bir sıra addımlar atılıb. İran şirkətlərinə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı olduqları haqda xəbərdarlıq edilib”, – o qeyd edib.
Azərbaycanla sərhəddə hərbi təlimlər və Əliyevin reaksiyası
Sentyabrın sonunda rəsmi Tehran ölkənin şimal-qərbində – Azərbaycanla sərhəd rayonlarda geniş miqyaslı hərbi təlimlər keçirmək qərarını açıqlayıb. Bu regiona ağır texnika cəlb edilib.
İran hakimiyyətinin bu qərarına Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində reaksiya verib.
“Sərhədlərimizin yaxınlığına keçirilən hərbi təlimlərə gəlincə, bu, çox gözlənilməz hadisədir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr baş verməyib. Hər şeydən əvvəl mən deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirməək haqqına sahibdir. Bu, onun suveren hüququdur. Heç kim ona heç nə deyə bilməz.
Amma biz bunu zaman çərçivəsində analiz edəndə görürük ki, belə bir şey heç vaxt olmayıb. Niyə məhz indi və niyə bizim sərhədimizdə? Bu sualı mən yox, Azərbaycan cəmiyyəti verir. Bu haqda dünya azərbaycanlıları soruşurlar.
Həmçinin niyə bu rayonda təlimlər işğal dövründə keçirilməyib sualı verilir. Niyə ermənilər Cəbrayılda, Zəngilanda və Füzulidə olanda təlimlər təşkil edilməyib? Niyə bu, biz torpaqları azad edəndən və 30 illik işğala son qoyandan sonra edilir?
Bu ədalətli suallardır. Əlbəttə, biz istəyirik ki, regionda uzunmüddətli əməkdaşlığa zərbə vurmağa qadir olan vəziyyətlər olmamasın.
Bir daha qeyd etmək istəyirəm ki, burada da Azərbaycan çox məsuliyyətli və təmkinli hərəkət edir. Ümid edirəm ki, bizim qanuni addımlarımıza bu emosional reaksiya müvəqqəti xarakter daşıyır”, – o qeyd edib.
İrab səfirliyi qarşısında aksiya
2021-ci il oktyabrın 1-ə keçən gecə Azərbaycan millətçiləri İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçirib.
Onlar diplomatik nümayəndəliyin qarşısına İran bayrağının rənglərində üç aftafa qoyublar.
Bu aksiyanın iştirakçıları polis tərəfindən saxlalınıb və inzibati məsuliyyətə cəlb olunublar.
İran təlimlərinin uğursuzluğu
Azərbaycan KİV-nin İrandakı mənbələrə istinadən yaydığı məlumata əsasən, geniş miqyaslı təlimlər başlayandan bir sutka sonra rəsmi Tehran təlimləri dayandırmaq qərarına gəlib.
Elə həmin mənbələrin məlumatına görə, bu qərarın səbəblərindən biri təlimlə zamanı gözlənilməz hadisələr olub. Belə ki, İran ordusunun hərbi vertolyotu yanlışlıqla öz ordusunun yük maşınına atəş açıb, nəticədə üç hərbçi yaralanıb. Təlimlər zamanı İran silahlı qüvvələrinə aid tank dinc sakinin maşınını əzib, sürücü hadisə yerindəcə həlak olub.
İranın dini liderindən və XİN rəhbərindən təhdidlər
Hərbi məktəb məzunları qarşısında çıxış edən İranın dini lideri ayətullah Xamenei deyib ki, İranın şimal-qərbində, bəzi qonşu ölkələrdəki hadisələr xaricilərin hərbi iştirakı olmadan həll olunmalıdır. “Qoy hamı yadda saxlasın, öz qardaşlarına quyu qazanlar özləri o quyuya düşəcəklər”, – Xamenei qeyd edib.
“Kimsə öz təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünürsə, qoy bilsin ki, tezliklə buna görə onu şillə gözləyir”, – o əlavə edib.
Bununla belə o, heç bir ölkənin adını çəkməyib, ancaq Amerikanı Əfqanıstan və Avropada məğlubiyyətə görə ittiham edib. Amma “İranın şimal-qərbindəki hadisələrə” vurduğu eyham onun kimi nəzərdə tutduğuna dair şübhə yeri qoymur.
Xarici işlər nazirlikləri arasında “atışma”
Xameneinin çıxışının ardınca İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian da bəyanat səsləndirib.
“Biz heç vaxt İran sərhədlərinin yaxınlığında saxta sionist rejimin olmasına və onun təxribatçı əməllərinə, o cümlədən də regionun və onun sərhədlərinin geosiyasi dəyişikliklərinə dözməyəcəyik”, – o, yerli telekanala müsahibəsində bildirib.
“Dağlıq Qarabağın azad edilməsinin ardınca acınacaqlı hadisələr baş verdi… İsrail bu imkandan istifadə etməyə və Azərbaycanın bir sıra regionlarında öz iştirakını təmin etməklə İran sərhədlərinə yaxınlaşmağa çalışdı”, – nazir bildirib.
“Biz bu haqda diplomatik kanallarla Azərbaycan hakimiyyətinə bildirmişik”, – o deyib.
Oktyabrın 4-də onun bəyanatına Azərbaycan XİN-dən cavab gəlib.
“Biz hər hansı üçüncü qüvvələrin Azərbaycan-İran sərhədinin yaxınlığında iştirakı və təhrikedici əməlləri haqda bəyanatı rədd edirik, çünki bunlar əsassızdır.
Azərbaycan ərazisində həm bizim dövlətimizə, həm də qonşu ölkələrə təhlükə yaradacaq hər hansı, o cümlədən də terrorçu qüvvələrin mövcud olması müzakirə mövzusu ola bilməz.
…Məlumdur ki, məhz Azərbaycan onilliklər boyu ərazisinin bir hissəsinin hərbi işğalından və beynəlxalq səviyyədə tanınan sərhədlərinin pozulmasından əziyyət çəkib. O cümlədən də İranla sərhədlərimizin 130 kilometrindən çoxu uzun illər ərzində Ermənistanın işğalı altında qalıb. Təəssüf ki, bu illər ərzində dost İran dövlətindən sərhədlərimizin bir hissəsinin işğalı ilə əlaqədar bu günkü kimi belə qətiyyətli reaksiya eşitmədik”, – Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib.
Siyasi icmalçı Şahin Rzayevin şərhi
Azərbaycan-İran münasibətlərindəki hazırkı gərginlik iki formal olaraq dost qonşu ölkə arasında ilk və son böhran deyil. Daha betərləri də olub. 2001-ci ilin avqustunda İran vertolyotlarının Xəzər dənizində Azərbaycan və İran sektorlarının sərhədində yerləşən mübahisəli “Serdar/Cengal” yatağına hücumunu xatırlamaq olar. O zaman İran vertolyotlarının hücumuna cavab olaraq Bakıda Türkiyənin F-16 qırıcılarının – “Türk Şahinləri”nin hava paradı keçirildi. Bundan sonra Tehranın iddiaları əhəmiyyətli dərəcədə azaldı.
Daha sonra Buş və hətta Obama administrasiyası dövründə İranın nüvə obyektlərinə zərbə layihəsi vardı. Amma o zaman Azərbaycan rəhbərliyi birmənalı şəkildə bildirdi ki, dost İrana qarşı müharibə aparılması üçün öz ərazisindən istifadə olunmasına imkan verməyəcək.
İndi isə İran Azərbaycan və Türkiyə sərhədlərinin yaxınlığında hərbi təlimlər keçirir. Əlbəttə, hər bir dövlət öz ərazisində istənilən təlimi keçirmək suverenliyinə sahibdir. Amma bu təlimlər kifayət qədər yüksək siyasi səviyyədə anti-Azərbaycan bəyanatlarla müşayoət olunur. Bizi az qala “sionizm yuvası” və sairə adlandırırlar.
Bütün bunlar onnu göstərir ki, İranın təlimlərinin konkret hədəfi var. Bu, bir növ demarş, Azərbaycanı qorxutmaq məqsədli jestdir.
Bu cür kəskin aqressiv reaksiyanın səbəbi, zənnimcə, ikinci Qarabağ müharibəsinin nəticələrindədir. Nəticədə İran Azərbaycanın işğal altında olan əraziləri ilə 130 kilometrə yaxın nəzarətsiz sərhədi itirdi. Bu ərazilərdən İrana çox ucuz qiymətə faydalı qazıntılar və əlvan metallar gətirilirdi. Əks istiqamətdə isə Azərbaycan hakimiyyətinin məlumatına əsasən narkotik daşınırdı.
İkincisi (bəlkə də elə birincisi), İran Ermənistan-Türkiyə münasibətlərinin yumşalması ehtimalından çox narahatdır. Axı Türkiyə ilə Ermənistan arasında sərhəd açılsa və Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat yolu işləməyə başlasa, İran böyük gəlirdən məhrum olacaq. Onlar İran ərazisindən Naxçıvana nəqliyyata görə gəliri itirəcəklər, bu bir. Türkiyə malları, xırda biznes İran biznesini Ermənistan ərazisindən sıxışdıracaq, bu da iki.
Tehranın qorxduğu bir məqam da var, şimal-qərb əyalətlərində, yəni tarixi İran Azərbaycanında milli şüurun yüksəlməsi. Bəzi həmkarlar mənə sual verirlər ki, İran Azərbaycanda farsdilli etnik azlıqlar amilindən istifadə edə bilərmi? Mənə bu sualı təsadüfən vermirlər, bilirlər ki, mən də farsdilli etnoslardan birinin (Abşeron tatı) nümayəndəsiyəm.
Səmimi cavab verirəm ki, bu, tam cəfəngiyyatdır. İran çoxmillətli dövlətdir və dövlətin təməl ideologiyası fars millətçiliyi deyil, şiə islamçılıqla bağlıdır. Buna görə də əgər İran Azərbaycanda fəallıq göstərmək və casuslar cəlb etmək istəsə də, bunlar farsdilli azlıqlar yox, radikal şiələr olacaq. Məsələn, 2004-cü ildə Abşeronun güclü şiə icması olan Nardaran qəsəbəsində olduğu kimi. Amma nə o zaman, nə də sonra bu cür cəhdlər əhəmiyyətli nəticələr verməyib. İndi xüsusən heç bir nəticə verməz, çünki Qarabağ uğrunda döyüşlərdə Azərbaycanın şiə icması digər icmaların nümayəndələri ilə çiyin-çiyinə döyüşüb.
Qısa proqnoz. Səbirli olmaq lazımdır. Təxribatlara uymamaq. Təlimlər keçəcək və İran tezliklə onsuz da çox olan daxili problemlərinə qayıdacaq.