Azərbaycan və İran: müharibə astanasında?
Bakı və Tehran arasında gərginlik
Bakı ilə Tehran arasında son zamanlar müşahidə olunan gərginlik Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra daha da kəskinləşib. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti Bakıda “iranyönlü media”nın redaksiyalarında xüsusi əməliyyat keçirib, 7 nəfər saxlanılıb. Ölkənin Xarici İşlər Nazirliyi vətəndaşlara mümkün olduğu təqdirdə İrana səfər etməmək barədə xəbərdarlıq edib. Siyasi şərhçi Hacı Namazov hesab edir ki, qonşu ölkələrin müharibə astanasında olduğunu söyləmək hələ tezdir.
- Ceyranova işi: Gürcüstanda gənc qadını linç edənlərdən biri də günahkar bilindi
- Azərbaycanlı jurnalistlər “Media haqqında” Qanuna və Media Reyestrinə etiraz edir
- “Dua edək ki, kəndlər məhv olmasın. Amma investisiyasız xeyri olmayacaq” – Azərbaycan, Gürcüstan və Ermənistandan üç hekayə
Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra rəsmi Bakı diplomatik missiyanın fəaliyyətini dayandırmaq qərarına gəlib. Tehrandakı səfirliyin bütün əməkdaşları artıq Bakıdadır. yalnız İranın etnik azərbaycanlıların sıx məskunlaşdığı Təbriz şəhərində Azərbaycanın Baş Konsulluğu işləyir.
Azərbaycan XİN-in xəbərdarlığı
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi öz saytında ölkə vətəndaşlarının lüzumsuz olaraq qonşu İrana səfərlərinin tövsiyə olunmadığı barədə xəbərdarlıq yayıb.
“Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı Səfirliyinə qarşı silahlı terror hücumu olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Əsgərov Orxan Rizvan oğlu şəhid olub və iki nəfər yaralanıb.
İran İslam Respublikasındakı qeyri-sabit vəziyyət və ölkəmizin diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
Hal-hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur”, – XİN-in rəsmi xəbərdarlığında deyilir.
“İranyönlü media”ya qarşı xüsusi əməliyyat
APA informasiya agentliyi xəbər verir ki, bu gün Bakıda “İranın casus şəbəkəsi”nə qarşı xüsusi əməliyyat keçirilib. Mənbə bildirib ki, əməliyyat “SalamNews” informasiya agentliyinin və “İnterAz” telekanalının redaksiyalarında keçirilib.
“Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar”.
Agentliyin məlumatına görə, sözügedən media orqanları İran siyasətinin təbliği ilə məşğul olub və əsasən İran maraqlarını qoruyublar.
Məsələ ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb – xəbərdə deyilir.
Azərbaycanda “İran yönlü media”. Onlar kimdir?
Azərbaycan mediası “SalamNews” informasiya agentliyi və “İnterAz” telekanalı ilə bağlı onlarda olan məlumatları dərc edib.
Yayılmış məlumatlara görə, “İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada yerləşən kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub. 2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırova alıb.
Hazırda kanalın baş ofisi Türkiyəyə keçirilib və “Türksat” peyki üzərindən yayımı təşkil olunub. “Telekanalda İranın rəsmi şəxslərinin açıqlamaları, bu ölkənin maraqlarına xidmət edən məlumatlar çoxluq təşkil edir”, – mənbə qeyd edir. Kanalın yayım cədvəlinə həmçinin İran istehsalı olan televiziya serialları, İran şiəliyini təbliğ edən dini proqramlar da daxildir.
Kanalın sahibi Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun hətta İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.
“SalamNews” İnformasiya Agentliyi fəaliyyətə 2010-cu ilin mart ayının 1-dən başlayıb. İnformasiya Agentliyinin də təsisçisi “İnterAz” TV-nin sahibi Hacı Mətləb Bağırovdur.
Jurnalistlərin məlumatına görə, agentliyin 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir.
“SalamNews” İA əvvəlki dövrdə geniş İranyönümlü dini təbliğat aparsa da, hazırda İranın rəsmi şəxslərinin, dindarlarının müxtəlif açıqlamalarını yayımlayır, dini maarifləndirmə xarakterli materiallar verir.
Müharibə astanasında?
Prezident İbrahim Rəisi İranda hakimiyyətə gələndən bəri Bakı ilə Tehran arasında münasibətlər mehribanlığı ilə süçilmir – siyasi şərhçi Hacı Namazov deyir:
“Qonşu ölkələr arasında münasibətlərdə yüngül gərginlik Azərbaycanın bütün müstəqillik illəri boyu mövcud olub və tarixi baxımdan bu, təsadüfi deyil. Hamı bilir ki, İranda Azərbaycanın özündən çox azərbaycanlı yaşayır. Bu amil Tehranı hər zaman narahat edib.
Amma ikinci Qarabağ müharibəsi zamanı və ondan sonra bu münasibətlər daha gərgin mərhələyə qədəm qoydu. İran açıq şəkildə Ermənistanı müdafiə etməyə başladı və regionda sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyini bəyan etdi. Baxmayaraq ki, 30 ilə yaxın müddətdə bu dövlətlə bilavasitə sərhəddə Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalına İran nədənsə heç reaksiya verməyib. Hər halda belə bəyanatlar olmayıb.
Azərbaycanda işğal illərində İran sərhədindən və Qarabağdan praktiki olaraq qanundan və beynəlxalq hüquqdan kənarda qalan yaxşı əlaqələndirilmiş narkotik ticarəti marşrutunun işlədiyi barədə çox danışılır. İran silahlı qüvvələrinin 44 günlük müharibə zamanı Araz çayı sahilləri ilə irəliləyərkən Azərbaycan Silahlı Qüvvələrinə fəal şəkildə müdaxilə etdiyi barədə də iddialar var. Amma fakt budur ki, bu cür xəbərlər rəsmi dərc olunmur və onların yoxlanılması çətindir. Bütün bunlar ölkələr arasında ikitərəfli münasibətlərə böyük təsir göstərir.
Bu silsiləyə İranın Zəngəzurda konsulluq açmasını da əlavə edə bilərik ki, guya eyni Zəngəzur dəhlizinin tikintisi naminə Ermənistanın bu ərazisinin fərziyyədə Azərbaycan tərəfindən zəbt edilməsinin qarşısını alır”.
Namazov əmindir ki, işlər müharibəyə gedib çıxmayacaq:
“Əlbəttə, təsəvvür etmək çətindir ki, İranın Azərbaycanla münasibətləri o qədər pisləşəcək ki, ölkələr bir-biri ilə döyüşməyə başlayacaq. Amma Azərbaycan cəmiyyətində belə bir fərziyyə var ki, Qərblə İranın mübarizəsində Azərbaycan hərbi əməliyyatlar üçün poliqona çevrilə bilər.
Bütün bunlar fərziyyələrdir və ümid edirəm ki, Azərbaycan və İran hakimiyyəti belə bir ssenarinin qarşısını almaq üçün sağlam düşüncəyə malik olacaq”.
Siyasi icmalçı İranda müharibə olacağı təqdirdə Azərbaycana mümkün qaçqın dalğasından da danışıb:
“Qərb və İsrail Azərbaycanın iştirakı olmadan İran ərazisində hərbi əməliyyatlara başlasa belə bizə yenə də çətin olacaq. Böyük ehtimalla deyə bilərik ki, Azərbaycan birinci Qarabağ müharibəsi zamanı ölkəmizin üzləşdiyi qaçqın dalğası ilə müqayisəyə gəlməyəcək qədər nəhəng qaçqın axını ilə üzləşəcək”.