“Azərbaycan sadəcə gözləməli və qarışmamalıdır”. Bakıdan baxış
Azərbaycan və Ermənistan-ABŞ strateji tərəfdaşlığı
Yanvarın 14-də Vaşinqtonda Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Saziş müdafiə sisteminin modernləşdirilməsindən və Ermənistanın suverenliyini qorumaq üçün alətlərlə təmin olunmasından bəhs edir.
- Rusiya – İran yaxınlaşması Cənubi Qafqaz üçün nə deməkdir? Bakıdan baxış
- İşçi hüquqları müdafiəçisi Afiəddin Məmmədov 8 il azadlıqdan məhrum edilib
- Biz buna dözməməliyik! – “Batumelebi”nin direktoru Mzia Amaqlobelinin həbsi ilə bağlı JAMnews redaksiyasının bəyanatı
“Respublikaçı Alternativ” (ReAl) Partiyasının sədri Natiq Cəfərlinin sözlərinə görə, Vaşinqtonda imzalanan sənəd Azərbaycana qarşı yönəlməyib və Bakı yalnız bu imzalamanın nəticələrini gözləməlidir:
“Azərbaycan–Türkiyə arasında hərbi-strateji anlaşma, Şuşa Bəyannəməsi ölkəmiz üçün güclü, dayanıqlı, ən vacibi, işlək bir təhlükəsizlik çətiridir. Ermənistan rəsmi şəxsləri və ictimai fikir liderləri bu müqavilə ilə bağlı hay-küy salmışdılardılar ki, Şuşada imzalanan sənəd məhz Ermənistana qarşıdır.
Mən bir neçə dəfə elə Ermənistanda yayımlanan TV kanallara müsahibələrimdə onlara başa salmağa çalışdım ki, özünüz haqqında çox yüksək fikirdəsiniz, bu müqavilə kiçicik Ermənistana qarşı deyil. Sizə ordumuz bir kənara, elə yol polisimiz bəs edər.
Şuşa Bəyənnaməsi Azərbayacana daim Şimaldan və Cənubdan gələn təhdidləri yox etmək, Rusiya və İranı çəkindirmək üçün imzalanıb. Azərbaycan-Türkiyə stateji ittifaqı Cənubi Qafqazın əsas güc və təhlükəsizlik mənbəyidir.
Dünən Ermənistanın ABŞ-la imzaladığı əməkdaşlıq müqaviləsi ciddi müzakirə olunur – bir neçə vacib məqamı vurğulamaq lazımdır:
- Gedər ayaq Bayden administasiyasi ilə imzalanan bu sənədin işlək olması sual altındadır;
- Bu müqavilə Azərbaycana qarşı deyil, bizim bu sənədi belə təqdim etməyimiz yanlışdır. Sənəd Rusiya və İrana qarşı imzalanıb. Qoyaq elə Rusiya və İran narahat olub Ermənistanla münasibətlərini aydınlaşdırsınlar. Bizim mövqeyimiz belə olmalıdır ki, zatən Azərbaycan haqlı və hüquqi cəhətdən üstündür, biz Cənubi Qafqazda sülhün və əminamanlığın bərqərar olmasına çalışırıq;
- Ermənistanda Rusiya hərbi bazaları var, Ermənistanın Rusiyadan iqtisadi-siyasi asılılığı dəhşətli dərəcədədir. Rəsmi Yerevanın ABŞ-la müqaviləsi Rusiyanı əsəbləşdirib Ermənistana qarşı hansısa hərəkətə keçirəcəksə, əsas məsələ odur ki, biz bu məsələdən tam kənarda qalaq – özləri bilər;
- Bu gün Ermənistan Rusiyanın sanksiyalardan yan keçməsi üçün əsas mərkəzlərdən biridir, əsasən də, Rusiyanın qiymətli daşlar və qızıl alveri Ermənistan üzərindən gedir, Rusiya Ermənistan üzərindən özünə lazım olan yarımkeçiricilər və elektron avadanlıqlar alır. ABŞ, Qərb bunu görmürmü? Görür, sadəcə, sərf edir, özü də hamıya. İndi görək bu mexanizm dağılacaqmı? Düşünmürəm. Ermənistanın hər iki stulda oturmaq istəyi hər iki tərəfi qıcıqlandıracaq – bizə gözləmək düşür.
Ermənistanın Cənubi Qafqazda təhlükəsiz yaşamasına, inkişaf etməsinə tək bir ölkə – Türkiyə zənamət verə bilər. Gec-tez, məhz bu konsepsiya qalib gələcək.
Azərbaycan isə Tramp administrasiyası ilə stareji əməkdaşlıq müqaviləsi bağlamağa hazırlaşır, bunun anonsunu eşitmişik. Məncə, doğru qərar olacaq.
Bundan başqa, son 6-7 ayda, hətta Trampın qalib gələcəyi ehtimalının aşağı olduğu dövrlərdə belə, bir neçə dəfə ictimai çıxışlarımda demişdim və indi də bu fikirdə qalıram – Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan arasında normallaşma sənədləri məhz Trampın iştirakı ilə imzalanacaq. Çünki, ən rahat imzalana biləcək, 90%, hətta Ermənistanın ATƏT-in Minsk Qrupu kimi mənasız qurumun ləğvinə razı olması ilə 95% hazır sənəd var.
Trampın, “mən Dünyaya sülh gətirəcəm”, mesajını təsdiq edəcək ilk addım kimi Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan sənədləri imzalanacaq. Bundan sonra Cənubi Qafqazdan Rusiyanın, məhz Azərbaycan və Türkiyənin addımlarına görə sıxışdırılması daha da sürətlənəcək.
Ona görə də dünən Ermənistan-ABŞ arasında imzalanan sənədə təmkinli yanaşmalıyıq. Bu sənədin Azərbaycana qarşı olduğunu söyləmədən, Rusiya və İrandan Ermənistana qarşı gələcək “qapazları”, bu işə qarışmadan, gözləməliyik”.