“Azərbaycan üçtərəfli bəyanatın 4-cü maddəsinin yerinə yetirilməsində israrlıdır” – Azərbaycanın XİN rəhbəri
Ceyhun Bayramovun Türkiyə mediasına müsahibəsi
Ermənistan Zəngəzur dəhlizi ilə bağlı razılaşmaların yerinə yetirilməsini ləngidir – Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Türkiyə mediasına müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycan bu halda öz eksklavı Naxçıvanla nəqliyyat əlaqəsi qura biləcək. “Sadəcə Ermənistana regional əməkdaşlıqdan kənarda qalmamaq şansı verilib”, – deyə o əlavə edib.
- Erməni maraqları nəzərə alınmayan regional proseslər? Rəy
- Ermənistan hava məkanını Azərbaycan üçün açıb? Bakı və Yerevandan şərh
- Azərbaycan və Türkiyə qarşılıqlı hərbi yardımla bağlı razılığa gəlib
Zəngəzur dəhlizi haqda
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə mediasına müsahibə verib. O, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması haqda danışıb.
“Ermənistan Zəngəzur dəhlizi ilə bağlı razılaşmaların yerinə yetirilməsini ləngidir”, – deyə Bayramov bildirib, amma bununla yanaşı qeyd edib ki, Azərbaycan istənilən halda öz eksklavı – Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqəsi quracaq.
Azərbaycanın XİN rəhbərinin sözlərinə görə, artıq İran ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yol layihəsi çərçivəsində Araz çayı üzərində ilk körpünün inşası başlayıb.
“Sadəcə Ermənistana regional əməkdaşlıqdan kənarda qalmamaq şansı verilib. Əgər Yerevan doğru qərar qəbul etməsə, o zaman özlərinə ziyan dəyəcək”, – azərbaycanlı nazir bildirib.
Sülh sazişinin hazırlanması haqda
Ceyhun Bayramov deyib ki, Ermənistan “sülh sazişinin hazırlanması üzrə işçi qrupun yaradılmasından da yayınır”.
“2022-ci ilin əvvəlində Azərbaycan Ermənistanla gələcək sülh sazişinin təməl prinsiplərini irəli sürdü. Onlar Ermənistana yönləndirildi.
Bu sənədin bütün maddələri beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslanıb”, – nazir qeyd edib.
“Amma Ermənistan sözdə bu prinsipləri qəbul edir, təcrübədə isə prosesi hər cür ləngidir, sülh sazişi üzrə işçi qrupun yaradılmasından yayınır”, – deyə o əlavə edib.
Xarici işlər naziri bildirib ki, Azərbaycan “öz vəzifələrinə sadiqdir, qarşı tərəfdən də bunu gözləyir”.
“Azərbaycanın mövqeyi Rusiya və Aİ-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların tam həyata keçirilməsindən ibarətdir”, – Bayramov deyib.
Erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması
Azərbaycanın XİN rəhbəri öz müsahibəsində erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması məsələsinə də toxunub:
“Azərbaycan Ermənistan qoşunlarının Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdən çıxarılmasına israr edir”.
Nazir xatırladıb ki, Azərbaycan, Ermənistan və RF liderlərinin imzaladığı üçtərəfli bəyanatın dördüncü maddəsinə əsasən, Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsinə paralel olaraq erməni silahlı dəstələri ərazidən çıxarılmalı idi.
“Azərbaycan bu maddənin yerinə yetirilməsində israrlıdır”, – Bayramov deyib. – “Biz Ermənistandan bunu tələb edirik”.