Azərbaycan sayağı idman iqtisadiyyatı
Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılışıdır. Bu idman hadisəsi ölkə üçün nə qədər vacibdir və neçəyə başa gələcək (daha doğrusu, artıq başa gəlir)?
İdman iqtisadiyyatı
Ötən il Avropa oyunları keçiriləndən sonra anti-böhran planının işlənib hazırlanması üzrə işçi qrupunun üzvü, eyni zamanda ölkənin əsas iqtisad universitetinin rektoru Ədalət Muradov öz məqaləsində bildirib ki, Azərbaycan idman iqtisadiyyatını formalaşdırıb. Müəyyən mənada o haqlı idi, çünki Azərbaycan Avropa Oyunlarına təkcə rəsmi şəkildə 3,8 milyard dollar xərcləyə bilib, qeyri-rəsmi məbləğ isə iki dəfə çoxdur. Nəzərə alsaq ki, həmin vaxt büdcəmizin xərcləri ildə 18 milyard dollar təşkil edirdi, bu, illik xərclərin təxminən 21 faizinə bərabərdir.
Başqa sözlə desək “idman iqtisadiyyatı”na xərclər təhsil və ya səhiyyəyə olan xərclər kimi büdcənin əsas istiqamətlərindən birinə çevrildi. Tendensiya 2016 və 2017-ci illərdə zəiflədi, hərçənd Azərbaycan özünün ölkədə hər il idman tədbirlərinin təşkili siyasətini davam etdirdi.
Nazirin etirafları
2016-cı ildə keçirilən Formula-1-dən fərqli olaraq (bu yarışda Azərbaycanın nə qədər xərclədiyi və gələcəkdə xərcləməyi planlaşdırdığı hələ də məlum deyil), İslam Oyunları ilə bağlı ölkənin idman və gənclər naziri gözlənilməz səmimiyyət nümayiş etdirdi və bildirdi ki, bu oyunlara 100 milyon dolların xərclənməsi planlaşdırılıb ki, bunun da 60 milyon dolları artıq 2016-cı ildə xərclənib, 40 milyon dolların isə cari ildə xərclənməsi nəzərdə tutulur. Xərclərin strukturu barədə danışarkən nazir bildirdi ki, bura təxminən 60 xarici və 500 yerli mütəxəssisin xərcləri və oyunların açılış və bağlanış mərasimlərinin keçirilməsi daxildir.
Maraqlıdır ki, onun sözlərinə görə, təşkilatçıların əsas xərcləri məhz bu mərasimlərlə bağlıdır. Nazir bildirib ki, “açılış Avropa Oyunlarının açılışından zəif olmayacaq” (Avropa Oyunlarının açılışına 100 milyon manatadək xərclənmişdi). Düzdür, nazirin İslam Oyunları ilə bağlı etirafları bununla da bitdi. Digər tərəfdən, nazir bildirdi ki, tədbirə 6 min nəfər (dörd min idmançı və iki min texniki heyət) gələcək, onlar atletlər kəndində yaşayacaq, ən maraqlısı da odur ki, nazirin sözlərinə görə, bu kənd oyunlardan sonra sahibkarlara qaytarılacaq.
Bu zaman nazir sahibkarların kim olduğunu dəqiqləşdirməyib, çünki kənd birinci Avropa Oyunları ərəfəsində və deyəsən dövlət sifarişi ilə tikilmişdi. Bunu 2013-cü il dövlət satınalmalarında da görmək olar, o zaman bu binaların elektrik enerjisi ilə təchizatı və kabellərin çəkilməsinə sifariş “Bakı Elektrik Şəbəkə” ASC-nə göndərilmişdi, çətin ki, dövlət şirkəti belə bir sifarişi özəl şirkətdən alsın.
Xərclər
“İslamiada”nın xərclərini təsəvvür etmək üçün ümumiyyətlə oyunlar vaxtı nələrin baş verdiyini anlamaq lazımdır.
Rəsmi bəyanata görə oyunlar 16 obyektdə keçirilir. Oyunlara 4 minə qədər idmançı, 2 min nəfər texniki heyət və min jurnalist qatılmalı idi. Bundan əlavə 12 min könüllünün xərcləri (ən azı 1-1,5 milyon manat), 90 əlavə təcili yardım briqadası, oyunların təhlükəsizliyini təmin etmək üçün işləyən 12 min polis işçisi, Bakı Metropolitenin uzadılmış iş günü, əlavə 3 ekspress xətdə 490 sürücü və s. Nəticədə ən yaxşı halda təxminən 7 milyon manat alınır.
Birinci İslam Oyunlarında 55 ölkə iştirak edib. Azərbaycanın Təşkilat Komitəsi bu rekordu qırmaq və 57 dövlətə çatmaq məqsədini qarşısına qoydu, amma 7 ölkə müxtəlif səbəblərdən əvvəlcədən iştirakdan imtina etdi. Bunların arasında heç vaxt iştirak etməyən Özbəkistan, maliyyə problemləri səbəbindən qatılmayan Misir və Livan və Küveyt var.
Əvvəlcə iştirakdan imtina edən daha 3 dövlət sonradan razılıq verdi. Bu zaman onların iştirakının şərtləri elə də açıqlanmadı, amma bundan bir qədər əvvəl nazir hökumətin onlara endirim etmək niyyətində olduğunu bildirmişdi. Atletlər kəndində bir nəfərin gündəlik xərcləri 50 dollara başa gəlir, hökumət endirimi məhz bu məbləğdən etməyi planlaşdırırdı. Bununla bağlı başqa heç nə açıqlanmayıb.
Oyunlar ərəfəsində məlum oldu ki, Azərbaycan 55 ölkə göstəricisinə elə də nail ola bilmədi. İslam Əməkdaşlığı Təşkilatına üzv olan 57 ölkədən yalnız 54-ü iştirak etməyə razılıq verdi.
Bəs nəticədə hökumətin İslam Oyunlarının keçirilməsi ilə bağlı xərcləri necədir? Maliyyə Nazirliyinin məlumatına görə 2017-ci ilə olan büdcə layihəsində göstərilir ki, beynəlxalq idman tədbirlərinin keçirilməsinin xərcləri 32 milyon manat təşkil edir. 2016-cı ildə bu xərclər rəsmi olaraq 423 milyon manat təşkil edib. Biz az qala xərclərin 13 dəfə azalmağına sevinmişdik: görünür, hökumət nələrisə özəl podrata köçürüb və ya optimallaşdırma ilə bağlı tədbirlər görüb.
Amma Hesablama Palatası 2017-ci ilə olan büdcə layihəsi üzrə rəyini dərc edəndən sonra ümidlər puça çıxdı. Məlum oldu ki, 2017-ci ildə İslam Oyunları və Formula-1-in keçirilməsinə 317,3 milyon manatın xərclənməsi nəzərdə tutulur. Bu zaman əslində büdcədəki uyğunsuzluğu üzə çıxarmalı və rəy verməli olan Hesablama Palatası idman tədbirlərinə olan xərclərə 319 səhifədə cəmi bir sətir ayırıb. Halbuki büdcənin elə həmin maddəsində bir neçə yüz min manatın sosial mənzillərin tikintisinə xərclənməsinin planlaşdırılması haqqında ətraflı danışılır. Bu zaman Hesablama Palatasının məlumatına görə idman obyektlərinin tikintisinə 330,2 milyon manat yəni dövlət sərmayələrinin 13,2 faizi xərclənəcək (öz payına görə bu maddə ancaq enerji və nəqliyyata olan xərclərdən geridə qalır).
Bununla yanaşı, yerdə qalan 12,9 milyon manata onlar Qobustan, Buzovna, Puta və Türkan qəsəbələrində idman zalları, Yeni Günəşlidə şahmat məktəbi, Puta qəsəbəsində mini futbol meydançası, Şirvan, Şəki və Bərdədə Gənclər Evini tikməyi planlaşdırırlar. 317 milyon manata isə nəyin tikiləcəyi məlum deyil. Eyni zamanda hətta bunun xarici valyuta ilə nə qədər olduğunu anlamaq mümkün deyil, çünki hökumət ilk dəfədir ki, dövlət büdcəsi layihəsində milli valyutanın proqnozlaşdırılmış məzənnəsini qeyd etməyib. Amma 2016-cı ilin məlumatlarına əsaslansaq, bu, 195 milyon dollardır. Buna yuxarıda qeyd olunan 32 milyon manatı da əlavə etmək lazımdır. Nəticədə beynəlxalq idman tədbirlərinin keçirilməsinə 210-214 milyon dollar çıxır.
2017-ci ilə olan xərcləri dollara çevirsək, 177 milyon dollar alınacaq. Bu zaman biz Hesablama Palatasının informasiyası və nazirin dediklərinin sayəsində iki iri idman tədbiri olan İslam Oyunları və Formula-1-in xərclərini az-çox dəqiq bölə bilərik. Nazir haqlıdırsa, belə çıxır ki, 40 milyon İslam Oyunlarına, 137 milyon dollar isə Formula-1-ə xərclənəcək.
Beləliklə, hazırda ortada idman və gənclər nazirinin İslam Oyunlarının keçirilməsinin xərcləri kimi göstərdiyi 100 milyon dollar və 2017-ci ildə Formula-1 üçün 137 milyon dollar var. Bəs gəlirlər??
Gəlirlər
Deməli, rəsmi proqnozlara əsasən, sınaq açılışında, Oyunların açılış və bağlanış mərasimlərində 23 min, 30 min və 60 min nəfərin iştirakı gözlənilir. Ümumilikdə 500 min bilet satılmalıdır. Biletlərin qiyməti 2-5 manat, açılış mərasimində 20-200, bağlanışda isə 10-100 manat arasıdır.
Bilirik ki, satışın birinci ayı ərzində (martın 19-dan) cəmi 40 min bilet satılıb. Oyunlar ərəfəsində neçə biletin satıldığı məlum deyil, amma oyunlar hələ başlamağa macal tapmamış biletlərin başına qəribə hadisələr gəlir. Belə ki, Təşkilat Komitəsi rəsmi şəkildə bildirib ki, bütün futbol oyunlarına biletlər demək olar ki, satılıb, Azərbaycan yığmasının oyunlarına isə biletlər ümumiyyətlə qalmayıb. Bununla belə ölkə yığmasının birinci oyunu yarıboş tribunalarla keçdi.
İstənilən halda bilavasitə yarışların özündən təşkilatçılar 1-1,5 milyon manat, açılışdan 1,5 milyon manat və bağlanışdan 3 milyon manat qazana bilərlər. Yəni ən yaxşı halda 6-7 milyon manat alınır.
Oyunlar üçün digər gəlir mənbələri sponsor köçürmələri və televiziya yayımı hüququdur. Sponsorların (daha doğrusu, sponsorların və tərəfdaşların) sayı cəmi 13-dür, halbuki 20-30 gözlənirdi. Bunların arasında iki dövlət şirkəti var – Azal və SOCAR, yerdə qalanların əksəriyyəti isə bilavasitə oyunlar üçün xidmətlərlə bağlıdır (ərzaq və su təchizatçıları, biletlərin onlayn satışının dəstəyi, rabitə əlaqəsinin təminatı), yəni onlar oyunlardan daha çox qazanacaqlar, nəinki xərcləyəcəklər. Televiziya yayımlarından alınan gəlirə gəlincə isə inandırıcı deyil ki, Tanzaniya, Mozambik, Cad, Mali və Cənubi Sahara və Mərkəzi Afrikanın digər ölkələrində yayımlanan agentlik çox pul ödəyə bilsin.
Beləliklə də hökumətə ancaq turistlərdən nə isə qazanmağa ümid etmək qalır (rəsmi məlumatlara görə, birinci rübdə artım 25% təşkil edib). Qalan şeylərdə isə idman iqtisadiyyatının Azərbaycan analoqu növbəti dəfə ziyana işlədiyini nümayiş etdirə bilər, prinsipcə iqtisadiyyatımızın bütün digər sahələri kimi.