Azərbaycan – Rusiya: dostluq niyə heç cür alınmır
Rusiya və Azərbaycan arasında münasibətlər getdikcə pisləşir və politoloqlar bu münasibətlərin ciddi fəsadlar törədəcəyindən narahatdırlar, belə ki Bakı siyasət, iqtisadiyyat, miqrasiya və enerji məsələlərində “böyük qardaş”dan asılıdır.
Söhbət Dağlıq Qarabağ münaqişəsinin böyük rol oynadığı hərbi-siyasi sahədən; Rusiyanın Azərbaycan məhsulunun əsas istehlakçısı olduğu iqtisadiyyatdan; miqrasiyadan – çünki Rusiyada daimi şəkildə yarım milyondan çox Azərbaycan vətəndaşı olur; və energetikadan gedir – bu sahədə hər iki ölkə Avropaya enerji daşıyıcıları satır və bu sahədə Rusiya bazarın şərtlərinə təsir edə bilir və edir.
Münasibətlərin pisləşməsi səbəbləri
İyulun 20-də Bakıda məhkəmə rusiyalı bloqer Aleksandr Lapşini 3 il müddətinə azadlıqdan məhrum etdi. Öncə o qondarma Dağlıq Qarabağ respublikasına səfər edib, nəticədə də Azərbaycan XİN-in “qara siyahısına” düşüb, buna baxmayaraq, daha sonra Azərbaycana adının bir qədər fərqli yazıldığı Ukrayna pasportu ilə səfər edib. Nəticədə də sərhədi qanunsuz keçdiyinə görə həbs olunub.
Ümumiyyətlə bu il ölkələr arasında münasibətlər üçün uğurlu olmadı. May ayında Rusiya məhkəməsi Moskvada 2001-ci ildən fəaliyyətdə olan Azərbaycan diasporasının ən məşhur təşkilatı olan “Ümumrusiya Azərbaycan konqresi”ni bağladı. Buna görə Moskva Azərbaycan XİN-i, həmçinin prezidentin köməkçisi Novruz Məmmədov tərəfindən narazı reaksiya aldı.
Buna Rusiya XİN-i belə cavab verdi: “Bizim öz ölkəmizdə millətlər arası münasibətləri necə quracağımıza dair şübhəli məsləhətlərə ehtiyacımız yoxdur”.
İki ölkənin XİN-ləri başqa səbəblərdən də bir-birlərinin ünvanına tənqidi fikirlər səsləndirirdilər: məsələn, Qarabağda Azərbaycan casusu və təxribatçısı kimi ömürlük həbsə məhkum edilmiş Rusiya vətəndaşı Dilqəm Əsgərovun işiylə bağlı.
Rusiya Federasiyasının XİN-nin mətbuat katibi Mariya Zaxarova Azərbaycan mətbuatının davranışını ədəbsiz adlandırdı, buna cavab olaraq da Azərbaycanın əsas iqtidaryönlü resurslarından biri olan 1news.az mətbuat katibini qonşu məhəllədən olan diplomat adlandırdı.
Qarabağda iyulun 4-də təmas xəttində baş verən növbəti hərbi gərginlik və nəticədə Azərbaycan tərəfindən iki dinc sakinin, o cümlədən iki yaşlı uşağın həlak olması vəziyyəti bir az da ağırlaşdırdı.
Növbəti gün Rusiya XİN-i yaydığı bəyanatda Azərbaycanın Rusiya vətəndaşı olan etnik erməniləri ölkəyə buraxmamasını pislədi. Azərbaycanda bunu “araya söz qatmaq kimi” qəbul etdilər.
“Bu gün biz özünəməxsus soyuq müharibə ilə üzləşmişik, – rusiyalı hüquq müdafiəçisi və jurnalist, “Kavkazski uzel” nəşrinin baş redaktoru Qrigori Şvedov danışır. – Əslində isə Rusiya ilə Azərbaycanın münasibətləri artıq çoxdandır ki, düzəlmir. Biz XİN-nin Lapşini necə müdafiə etdiyini görürük, halbuki buna qədər başqa Rusiya vətəndaşlarına münasibətdə bunu etməyib”.
Ekspertin sözlərinə görə, Azərbaycana təsir və təzyiq amili Rusiyanın ona satdığı silah ola bilər: müəyyən gərginlik şəraitində vəziyyət dəyişə də bilər.
Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə son ayların hadisələrindən danışarkən xatırladır ki, bu cür qalmaqallar əvvəllər də yaranıb, sonra da hər şey barışıq görüntüsü ilə bitib. “Əslində isə tərəflər arasında dostluq heç vaxt olmadığı kimi, indi də yoxdur. Hər şey imperiya iddialarına, Rusiyanın Azərbaycanı özünə tabe etmək, bura sülhməramlı kontingenti adı altında qoşunları yeritmək istəyinə dirənir”, – diplomat hesab edir.
Ümumilikdə, Hacızadənin sözlərinə görə, Rusiyanın Azərbaycana çox sayda təzyiq üsulu var. Və burada məsələ təkcə hərbi üstünlükdə deyil, həm də ölkələrin iqtisadiyyatlarının sıx bağlı olmasındadır.
Bir zəncirlə bağlanmış
Federal Miqrasiya Xidmətinin məlumatına görə, Rusiyada bu ilin əvvəllərində 523 min Azərbaycan vətəndaşı varıydı, 2010-cu il üzrə əhalinin siyahıya alınmasına əsasən isə ölkədə 603 min etnik azərbaycanlı yaşayıb. RF Mərkəzi Bankının məlumatına görə isə, hər il Azərbaycana Rusiyadan 1,2 milyard dollar həcmində pul köçürmələri həyata keçirilir.
Bundan əlavə, Rusiya Azərbaycanın qeyri-neft ixracı sahəsində ən böyük müştərisidir. Ötən il ərzində Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, Rusiyaya 409 milyon dollarlıq mal (əsasən, meyvə və tərəvəz) göndərilib.
“Rusiya Azərbaycandan ümumi ixracın payında 10% tutur və bura 70% kənd təsərrüfatı məhsulları daxildir, buna görə də əlbəttə ki, iqtisadi asılılıq var, – iqtisadçı Natiq Cəfərli deyir. – Rusiya da tez-tez ərzağın gətirilməsinin qarşısını almaqla başqa ölkələrə təzyiq üçün iqtisadi rıçaqlardan istifadə edib”.
Ekspertin sözlərinə görə, ölkə rəhbərliyinin bundan xəbərdar olmasına baxmayaraq, Azərbaycan kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxarılması üçün heç nə etmir, halbuki bu, Rusiyadan asılılığı azaldardı.
“Azərbaycan artıq uzun illərdir ki, özünün ÜTT-yə daxil olmasını uzadır, bu qurumda üzvlük isə Avropa İttifaqının ixrac üçün əsas şərtlərindən biridir, – iqtisadçı deyir. – Amma ölkə bu addımı atmır, çünki ÜTT-nin şərtləri ərzağın keyfiyyəti və gömrüyün işi üzərində nəzarətin yaxşılaşdırılmasını tələb edir. Bütün bunların nəticəsində də Rusiyanın fluktuasiyaları zamanı Azərbaycan iqtisadi cəhətdən zəifləyir”.
Ekspertin sözlərini bu il martın axırları – aprelin əvvəllərində baş tutan hadisələr təsdiq edir, bu zaman bir neçə həftə ərzində azərbaycanlı sürücülər yüklərini Rusiya sərhədindən keçirə bilmirdilər. Onları rusiyalı yük maşınlarının sürücüləri bloklayaraq, azərbaycanlı həmkarlarını yeni “Platon” vergi toplama sistemi ilə bağlı olaraq etiraz aksiyalarına qoşulmağı məcbur ediblər. İş dava və maşınların xarab edilməsi ilə nəticələndi.
“Ümumilikdə iqtisadi cəhətdən Rusiya və Azərbaycanı ümumi oyun qaydaları bağlayır, hansıları ki, həm ölkə hakimiyyətləri, həm də Rusiya bazarında alver edən adi göysatanlar da anlayır. Tərəflərdən heç biri Avropaya can atmır”, – Cəfərli deyir.
Amma Rusiyaya dolanışıq üçün və ya həmişəlik təkcə savadsız işçilər (qeyd olunan “göysatanlar”) getmir.
İnternet-marketoloq olan Marina Əliyeva bu ilin axırlarına qədər Moskvaya köçməyi planlaşdırır. Buna qədər o, Rusiyada peşə üzrə bir neçə pullu kurs keçib. “İki səbəbdən gedirəm – orada buradan üç dəfə artıq maaş verirlər, bundan başqa da burada Rusiyada olan biznesin idarə olunması texnologiya və metodlarından istifadə olunmur, – o deyir. – Faktiki olaraq mən qazanmaq və karyera yüksəlişi üçün gedirəm”.
Rusiya-Azərbaycan münasibətlərinin daha bir aspekti enerji aspektidir. Burada iki ölkə artıq tərəfdaş deyil, rəqibdir.
Azərbaycan üçün son zamanlarda ən iddialı enerji layihəsi tikilməkdə olan “Cənub Qaz Dəhlizi”dir. Onun ümumi qiyməti 45 milyard dollardır. Planlaşdırılır ki, artıq 2020-ci ildə bu boru kəməri ilə Avropaya Gürcüstan və Türkiyə vasitəsilə, yəni Rusiyanı yan ötməklə qaz çatdırılacaq. Perspektivdə o, başqa bir “dolayı” qaz layihəsi olan TAP (Transadriatik qaz borusu) ilə birləşməlidir ki, bu da Avropanın Rusiya qazından enerji asılılığını azaldacaq.
Belə görünür ki, bu layihələrdən Moskvanın heç xoşu gəlmir. Avropada qaz borusuna qarşı etiraz aksiyaları keçirilir. Onların təşəbbüskarlarından biri, İtaliyanın “Beş ulduz hərəkatı” partiyası özünün Rusiya yönlü meyllərini gizlətmir.
Bundan əlavə, Rusiya özünün “Türk axını” layihəsini irəli sürür, bu layihə TAP-ın bazarına “göz dikib”, yəni faktiki olaraq alternativə alternativ yaradır.
Ümumilikdə demək olar ki, Rusiya Azərbaycanın iştirak etdiyi qaz layihəsinə neqativ yanaşır.
Ötən il “Qazprom”un sədr müavini Aleksandr Medvedev bildirib ki, Azərbaycanın boru kəmərini qazla doldurmaq imkanı yoxdur və Rusiya bu mənada hələ də Avropa üçün ən yaxşı alternativ olaraq qalır.