“Azərbaycan pislə daha pis arasında seçim edib” – ekspertlər üçtərəfli bəyanat haqda
İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli bəyanatın ildönümündə azərbaycanlı ekspertlər onun müsbətləri və mənfiləri haqda fikir yürüdürlər. Onlar həmçinin regiondakı vəziyyətin bundan sonra inkişafı perspektivlərilə bağlı sualları da cavablandırıblar.
Düz bir il əvvəl, 2020-ci il noyabrın 10-da Rusiya və Azərbaycan prezidentləri, o cümlədən də Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Bu sənəd ikinci Qarabağ müharibəsinə son qoyub. Poskonflikt mərhələsində bütün sonrakı hadisələr bu bəyanata əsaslanıb.
Azərbaycanlı ekspertlər – müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli və keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov üçtərəfli bəyanatın imzalanmasının müsbət və mənfi nəticələri haqda danışıb, həmçinin regionda hadisələrin gələcək inkişaf perspektivlərilə bağlı fikirlərini bölüşüblər.
- Niyə Rusiya sərhədlərin 1920-ci illərin xəritələrinə əsasən müəyyən edilməsində israr edir – Bakıdan şərh
- Qarabağın statusu – hansı perspektivlər və variantlar mövcuddur? Bakıdan baxış
- Ermənistan-Azərbaycan problemləri: İlham Əliyev və Nikol Paşinyan onları necə görür?
“Azərbaycan pislə daha pis arasında seçim edib”
“2020-ci il noyabrın 10-a keçən gecə Azərbaycan pislə daha pis arasında seçim etməli oldu. Məsələ burasındadır ki, üçtərəfli bəyanat imzalananadan sayılı saatlar sonra Rusiya sülhməramlıları Qarabağ ərazisinə daxil oldular. Başqa sözlə, onlar artıq bunu gözləyirdilər.
Mən istisna etmirəm ki, Azərbaycan sənədi imzalamağa razılıq verməsəydi və hücumu davam etdirsəydi, bu qüvvələr bizim razılığımız olmadan bizim ərazimizə girəcəkdilər.
Amma bir mühüm məqam da var: Rusiya qoşunlarının ölkə ərazisində olması hələ də Azərbaycan parlamenti tərəfindən ratifikasiya edilməyib və bu da onların Qarabağda, beynəlxaqlq səviyyədə tanınan ərazimizdə iştirakını legitim saymağa imkan vermir”.
Rusiya Qarabağdan gedəcəkmi?
JAMnews-un “Rusiyanın dörd ildən sonra regiondan gedişi realdırmı? Bu variant nə dərəcədə mümkündür və bunun üçün nə lazımdır” sualının cavabında siyasətçi deyib:
“Nəzəriyyədə dörd ildən sonra Azərbaycan Rusiya sülhməramlılarının mandatını uzatmaya bilər. Amma artıq dediyim kimi onların bu mandatı yoxdur. Bu, məsələnin nəzəri tərəfi.
Təcrübədə Rusiya qüvvələrinin regiondan çıxarılması üçün Azərbaycan və Ermənistan aralarındakı bütün problemləri həll etməli, sülh sazişi imzalamalıdırlar. Həmçinin Azərbaycan Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların inteqrasiyasına dair aydın proqram təklif etməlidir. Ancaq bundan sonra ölkə Rusiyadan sülhməramlıların çıxarılmasını tələb edə bilər. Amma sözün düzü, mən bütün bunları çətinliklə təsəvvür edirəm.
Ermənistanın da rusların gedişində qətiyyən maraqlı olmadığını da nəzərə almaq lazımdır. Sonuncu müsahibəsində Nikol Paşinyan birmənalı olaraq bildirdi ki, Rusiya qüvvələri regionda həmişə qalmalıdır. Bununla da Ermənistan regionla bağlı bütün məsuliyyəti RF üzərinə qoymaq istəyir”.
“Alternativ” Laçın dəhlizi haqda
“Üçtərəfli bəyanatın altıncı maddəsində Ermənistanı Xankəndi [ermənilər bu şəhəri Stepanakert adlandırırlar — JAMnews] ilə birləşdirən alternativ yolun inşası haqda qeyd olunub.
Mənə məlum olduğu qədəri bu yolla bağlı texniki sənədlər artıq hazırdır və razılaşdırma mərhələsindədir.
Əlbəttə, idealda “alternativ” Laçın dəhlizinin inşasının maliyyələşdirilməsində Ermənistan da iştirak edə bilərdi, amma mən düşünmürəm ki, bu ölkə bu layihəyə pul ayıracaq. Azərbaycan bu yolu öz ərazisində inşa edəcək.
Alternativ yol Azərbaycana işğaldan azad edilmiş Şuşaya növbəti təhlükəsiz yol əldə etmək imkanı verəcək”, – Natiq Cəfərli bildirib.
“Rusiya Azərbaycanla birbaşa toqquşmaya getməzdi”
“2020-ci il 10 noyabr üçtərəfli bəyanatını imzalamaqla Azərbaycan Qarabağın erməni əhalisinə bu ərazidə yaşamaq və bu torpaqların yerləşdiyi ölkə cəmiyyətinə reinteqrasiya şansı verdi.
Mən bəzi politoloqların əks halda – əgər Azərbaycan bu sənədi imzalamasaydı – Rusiyanın bizim ölkə ilə birbaşa konfrontasiyaya gedəcəyi ilə bağlı mülahizələrini ciddi hesab etmirəm. Bu mümkün deyildi.
Bəli orada hansısa insanlar, hərbi texnika peyda ola bilərdi, amma Azərbaycanla birbaşa konfrontasiya Rusiya üçün bilavasitə Türkiyəyə qarşı hərbi əməliyyatlar demək olardı”, – Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
Ərazi bütövlüyünün tanınması kimə sərf edir?
Azərbaycanın keçmiş XİN rəhbərinin fikrincə, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilk növbədə Ermənistanın özünə sərf edir:
“Gəlin, belə düşünək: Ermənistan indiyə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımır. Amma bununla belə bu ölkənin baş naziri Azərbaycanın Ermənistan sərhədlərini pozduğunu elan edir. Hansı sərhəddən söhbət gedir?
Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, başqa sözlə, bu ölkə ilə sərhədləri tanımırsa, hansı sərhədlər pozula bilər?
Buna görə də ərazi bütövlüyünün tanınması ilk növbədə Ermənistanın özünə lazımdır. Çünki əks halda Azərbaycan sovet dövründın qalma hansısa permanent sərhədləri niyə gözləməlidir. Bir də: Zəngəzur sovet hakimiyyəti tərəfindən 1929-cu ildə Ermənistana verilib. Hərbi qüvvəsi Ermənistanı üstələyən Azərbaycan hansı sərhədləri və hansı zamanı nəzərə almalıdır?”
Regionun gələcəyi haqda
“Burada başqa bir şey yoxdur. Regionda sülh yalnız o zaman olacaq ki, Ermənistan öz qonşuları ilə sülh içində yaşamağı öyrənəcək.
Ermənistan hazırda öz əsas qonşuları – Azərbaycan və Türkiyə ilə düşmənçilik edir. Bu ölkələrdən birincinin əhalisi 10 milyon nəfərdir, ikincinin isə 80 milyondan çox. Əhalisi iki milyondan bir qədər çox olan Ermənistan qonşuları ilə sülh içində yaşamağı öyrənməlidir.
Bir şeyi bilmək lazımdır: bu mənimdir, bu isə mənim deyil və mənim olmayana göz dikməmək lazımdır. Regionda sülhün bütün sirri bundadır”, – Tofiq Zülfüqarov deyib.