Azərbaycan hökuməti “Nardaran hadisələri” zamanı saxlanılanlara təzminat ödəyəcək
“Nardaran hadisələri” və AİHM qərarı
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan vətəndaşlarının 10-dan çox ərizəsi əsasında üç iş üzrə qərarını açıqlayıb. Avropa Məhkəməsinin qərarı ilə Azərbaycan hökuməti 2015-ci ildə Nardaran hadisələri zamanı saxlanılan 8 nəfərə ümumilikdə 64 min avro təzminat ödəyəcək. Məhkəmənin qərarı təzminatın məbləğini əhəmiyyətsiz hesab edən və Azərbaycan hakimiyyətinin Avropa İnsan Hüquqları Konvensiyasından irəli gələn öhdəliklərini necə yerinə yetirməyə hazırlaşdığına aydınlıq gətirməyi tələb edən iddiaçıların etirazlarına baxmayaraq qəbul edilib.
- Ruben Vardanyan Qarabağı tərk edib? Bakıdan şərh
- Azərbaycan və Balkan ölkələri bir-birini nə ilə cəlb edir? Bakıdan təhlil
- Türkiyədə ata zəlzələdən sonra qızını dağıntılar altından tapıb. Amma çox gec
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 9-da Azərbaycandan göndərilmiş 10-dan artıq ərizə üzrə 3 yekun qərardadını elan edib. Qərardadların 2-si tərəflərin dostca anlaşmalarına, digəri isə hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsasən çıxarılıb – “Avropa Məhkəməsi Gündəliyi”nin məlumatında belə deyilir.
Bu işlərdə əsasən, işgəncəyə, pis rəftara məruz qalmamaq, ədalətli məhkəmə araşdırması, mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilmişdi. Bir işdə Konvensiyanın 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu iddia olunurdu.
Cabbar Cabbarov və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işində ərizəçilərin hamısı 2015-ci ildə “Nardaran hadisələri” zamanı Müsəlman Birliyi Hərəkatının üzvləri kimi Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həbs edilmiş, daha sonra müxtəlif cinayətlərə görə azadlıqdan məhrum olunmuşdular.
Ərizəçilərin hamısı saxlanılan və həbsdə tutulan zaman pis rəftara məruz qalmalarından, belə rəftar iddialarının effektiv araşdırılmamasından şikayət etmişdilər. Onlar AİHM qarşısında iddia edirdilər ki, həbs edilərkən, saxlanılan və bir yerdən başa yerə aparılan zaman pis rəftarla üzləşiblər. İddialarına görə, belə rəftarın məqsədi onlardan istənilən ifadələri almaq olub.
Nardaran hadisələri
“Nardaran hadisələri” kimi tarixə keçmiş qanlı olay 2015-ci il noyabrın 26-da də Bakının Nardaran qəsəbəsində baş verib. Qəsəbə sakinləri və polis arasında baş verən qarşıdurmada 7 nəfər həlak olub, 4 nəfər yaralanıb və 14 nəfər həbs olunub. Həlak olanlardan 2-si polis əməkdaşı 5-i isə qəsəbə sakinləridir.
İştişaşlar hakimiyyət Nardaranda Müsəlman Birliyi Hərəkatının liderlərinin saxlanılması üzrə xüsusi əməliyyat keçirdiyi zaman başlamışdı. O vaxtkı daxili işlər naziri Ramil Usubovun sözlərinə görə, qəsəbədə gizlənən “silahlı qruplaşma” zor tətbiq edərək konstitusiya quruluşunu devirmək niyyətində imiş.
Hadisələrdən sonra nardaranlılar qəsəbə ətrafında barrikadalar quraşdırıb, giriş-çıxışı bağlayıblar. Tərəflər insan tələfatında bir-birini günahlandırıblar.
Hadisədən 3 gün sonra Nardaran Ağsaqqallar Şurası İmam Hüseyn meydanının boşaldılması və barrikadaların sökülməsi haqqında qərar qəbul edib. Bundan sonra daha 19 nəfər həbs edilib.
Üzərindən 7 ildən çox keçməsinə baxmayaraq, bu günə qədər kəndə girib-çıxanda polis postundan keçməli olursan. Qəsəbəyə daxil olmaq üçün konkret hansı sakinin evinə getdiyini bildirmək lazımdır və yalnız bu məlumat təsdiqləndikdən sonra Nardarana girmək mümkündür.
Kommunikasiya zamanı hökumət ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edib. Hökumət ərizəçilərin hər birinə 8 min avro təzminat ödəməyi və ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını təklif edib.
Ərizəçilər bu təklifi qəbul etməyiblər, bildiriblər ki, hökumət onların hüquqlarının pozulduğunu etiraf etsə də, Konvensiyanın öhdəliklərinə necə əməl edəcəyini və pozulmuş hüquqların nəticələrinin aradan qaldırlması üçün hansı tədbirləri görəcəyini aydın ifadə edə bilməyib. Ərizəçilər həmçinin, hökumətin təklif etdiyi mənəvi zərər əvəzinin məbləğinin çox az olduğunu ifadə ediblər.
Bununla belə AİHM işin araşdırılmasının davam etdirilməsi üçün əsaslar görməyib, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
Qərara əsasən, hökumət 3 ay ərzində ərizəçilərə – Cabbar Cabbarov, Etibar İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılovun hər birinə 8 min avro ödəməlidir.
Ərizəçiləri AİHM qarşısında vəkil və hüquqşunaslar Elçin Sadıqov, Nemət Kərimli, Yalçın İmanov və Şəhla Hümbətova təmsil edib.