Azərbaycanda korrupsiya ittihamı ilə bir neçə yüksək vəzifəli məmur saxlanılıb. Bu dəfə hərbçilər
Azərbaycanda bir neçə yüksək vəzifəli hərbçi vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamı ilə saxlanılıb. Onlardan biri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Əfqan Nağıyevdir. Bu, son yarım ildə yüksək vəzifəli məmurların çoxsaylı həbslərindən biridir. Hakimiyyət baş verənləri korrupsiya ilə mübarizənin gücləndirilməsi kimi izah edir, cəmiyyətin böyük hissəsi isə bu versiyaya inanmır.
- Neft və korrupsiya – Azərbaycan iqtisadiyyatının iki bəlası
- Gürcüstanda küçə heyvanları: humanizm problemi həll etmirmi?
Əfqan Nağıyev “Vətənə xidmətə görə” ordeni də daxil olmaqla çox sayda mükafatla təltif olunub. Onun saxlanılması ərəfəsində qalmaqallı hadisə baş vermişdi: azərbaycanlı balıqçılardan (ola bilər ki, brakonyerlərdən) ibarət qayıq Xəzər dənizinin Azərbaycana aid ərazi sularından çıxaraq Qazaxstanla dəniz sərhədinə yaxınlaşıb. Orada Qazaxıstan sərhədçiləri onları atəşə tutub və balıqçılardan biri ölüb. Bu hadisədə başqaları ilə yanaşı Nağıyevi də günahlandırıblar – ehtimal olunur ki, o, əməkdaşları ilə birlikdə balıqçılardan rüşvət alaraq onlara brakonyerliklə məşğul olmağa imkan verib. Bütün bunlar haqda 1news agentliyi məlumat verib.
Azərbaycanda “korrupsionerlərin ovu” 2019-cu ilin dekabrından fəallaşıb. O zaman ölkə rayonlarından birinin icra hakimiyyəti başçısı həbs olunmuşdu. Onu korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsində günahlandırmışdılar. Onun ardınca analoji ittihamla daha dörd rayonun icra başçısı həbs edildi, az əvvəl isə mədəniyyət və turizm nazirinin memarlıq məsələləri üzrə müavini saxlanıldı. Nazir müavini bütün digər ittihamlarla yanaşı uzun illər boyu Bakıda qədim binaların sökülməsinin əsas günahkarı elan edildi.
Hakimiyyətin versiyasına görə, birdən-birə yüksək vəzifəli məmurlar arasında çoxlu korrupsionerlər olduğu aşkarlanıb və planlı şəkildə onları “təmizləməyə” başlayıblar. Amma xalq arasında çoxları bu “birdən-birə” məsələsinə inanmır. Azərbaycan məmurlarının korrupsiyalaşmış olması cəmiyyətin nəzərində aksiomadır və hamı bu vəziyyətlə qarşısı alınmaz bəla kimi çoxdan barışıb. Buna görə də hazırkı həbsləri bəziləri “tamaşa” adlandırır, digərləri isə hökumət daxilindəki “hesablaşma”, amma demək olar ki, heç kim bunun ədalətin bərpası ilə əlaqəli olduğunu düşünmür.
Sosial şəbəkələrdəki bəzi şərhlər:
“Maraqlıdır ki, Sərhəd Xidməti rəisinə toxunmurlar. Eləcə də mədəniyyə nazirinə. Guya özləri yaxşıdır, ətrafları rüşvətxordur?”.
“Necə böyük xoşbəxtlik! İndi, nəhayət, bizdə hər şey qaydasında olacaq, sərhəddə də, mədəniyyətdə də! Ağlamalı günümüzə gülürük”.
“Hökumət öz oyunlarını oynayır: onlara tabe olmayanları və ya öz maraqlarını güdənləri susdurmağa çalışır”.