Azərbaycan-Ermənistan sərhədində gərginlik iki gündür davam edir
Azərbaycan-Ermənistan sərhədində artıq ikinci gündür ki, vəziyyət gərgindir. Hər şey iyulun 12-də sərhəddə yerləşən Azərbaycanın Tovuz rayonu və Ermənistanın Tavuş vilayəti ərazisində baş verən olayla başlayıb.
İki ölkənin müdafiə nazirlikləri bütün bu müddət ərzində ziddiyyətli məlumatlar verirlər.
Azərbaycan tərəfi hadisəni Ermənistan qoşunlarının “mövqe almaq üçün hücum cəhdi” kimi dəyərləndirib.
Ermənistanın Müdafiə Nazirliyi baş verənlərə görə məsuliyyəti Azərbaycan hakimiyyətinin üzərinə qoyub. Əvvəlcə Azərbaycan hərbçilərinin Ermənistan sərhədini pozması, daha sonra Ermənistanın yaşayış məntəqələri istiqamətində davamlı artilleriya atəşi haqda məlumat verilib.
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Twitter hesabında yazıb:
“Ermənistan-Azərbaycan sərhədində gedən atışmadan çox narahatıq. Hər iki ölkə üçün təmkin nümayiş etdirmək, bütün birbaşa kanallardan və ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiyindən yararlanmaq vacibdir”.
Rusiya XİN artıq vəziyyətin stabilləşdirilməsi üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edib.
Hazırda sərhəddə baş verənlərin bütün təfərrüatları haqda Azərbaycan və Ermənisyanın hərbi qurumlarının məlumatları əsasında.
• Ermənistan: təhsil – münaqişənin görünməz qurbanı
• Şərh: ən böyük biclik düzlükdür
Bakıdan informasiya
Müdafiə Nazirliyinin bəyanatı
Azərbaycanın Müdafiə Nazirliyi iyulun 13-də səhər bildirib ki, Ermənistanın Silahlı Qüvvələri “vəziyyətin gərginləşdirilməsi məqsədilə” bir sutka ərzində “iriçatlı pulemyot, qumbaraatan, snayper tüfəngləri, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından istifadə edərək” Azərbaycanın mövqelərini atəşə tutublar.
Nazirlikdən həmçinin bildirilib:
“Gecə döyüşləri zamanı bizim bölmələr artilleriya, minaatan və tanklardan istifadə edərək dəqiq atəşlə rəqibin hərbi hissəsi ərazisində dayaq məntəqəsini, artilleriya qurğularını, avtomobil texnikasını və canlı qüvvəni məhv edib… Hazırda əməliyyat vəziyyəti bizim qoşunların nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Rəqib itkilər haqda məlumatı gizlədir”.
Məmurlar nə deyir?
Azərbaycanın rəsmi şəxsləri eyni ruhda fikirlər səsləndirirlər: sərhəddə vəziyyətin gərginləşməsi Ermənistanın təxribatının nəticəsidir.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı bildirib:
“Düşmən sosial şəbəkələrdə yalan məlumatlar yayır. Guya onlar bizim hərbi texnikamızı, guya ordumuza məxsus PUA-nı vurublar, yaralılarımız çoxdur, guya onlara qan çatdıra bilmirik. Bu məlumatların hamısı yalandır. Bizim heç bir texnikamız və ordumuza məxsus PUA vurulmayıb, yaralılarımız da çox deyil. Xalqımızı düşmənin təxribatına inanmamağa çağırıram”.
İlham Əliyevin bəyanatı
İyuıun 13-də Azərbaycanın Təhlükəsizlik Şurasının iclası baş tutub. İclasa prezident İlham Əliyev sədrlik edib. O, yenidən sərhəddəki atışmanı təxribat adlandırıb.
“Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.
Türkiyənin dəstəyi
Türkiyə XİN rəhbəri Mevlut Çavuşoğlu TRT Haber-ə müsahibəsində vəziyyəti şərh edərkən bildirib:
“Ermənistan ağlını başına toplamalıdır! Biz Azərbaycanın yanında olmaq üçün bütün imkanlardan yararlanacağıq”.
Cəmiyyətin reaksiyası
Sərhəddə vəziyyətin gərginləşməsinə cavab olaraq indiyə qədər koronavirusla başı qarışıq olan Azərbaycan cəmiyyətində gündəm dəyişib – Qarabağ münaqişəsi ön plana keçib. İyulun 13-ə keçən gecə Bakı kənarında Lökbatan qəsəbəsində yüzə yaxın insan müharibə tələbi ilə küçəyə çıxıb. Onlar cəbhəyə göndərilmələrini tələb ediblər. Mitinq qısa zamanda polis tərəfindən dağıdılıb və bu da sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub, onlar polisin də mitinqçilərə qoşulmasını və birlikdə cəbhəyə getmələrini daha uyğun görüblər.
Yerevandan informasiya
Müdafiə Nazirliyi mətbuat xidmətinin açıqlaması
İyulun 12-də Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bildirib ki, günortadan sonra Azərbaycan hərbçiləri UAZ avtomobilində Tavuş istiqamətində Ermənistan sərhədini pozmağa cəhd göstəriblər:
“Ermənistan tərəfinin xəbərdarlığından sonra UAZ avtomobilini qoyaraq rəqib hərbçilər öz mövqelərinə qayıdıblar. 13:45-də Azərbaycan SQ-in hərbçiləri artilleriya atəşi açaraq bizim dayaq məntəqəmizi ələ keçirməyə cəhd göstəriblər, amma tutduqları mövqedən geri atılıblar və canlı qüvvə itkisi veriblər. Ermənistan tərəfdən itki yoxdur”.
Mətbuat katibinin sözlərinə görə, bir saatdan bir qədər çox vaxt keçəndən sonra yenidən artilleriya atəşi açılıb və yenidən Ermənistanın dayaq məntəqəsi ələ keçirməyə cəhd göstəriblər:
“Cavab atəşilə Azərbaycan hərbçiləri tutduqları mövqedən geri atılıb, canlı qüvvə itkisi veriblər”.
İyulun 13-də səhər saatlarında Azərbaycan silahlı qüvvələri atəşi davam etdiriblər.
“İki-dörd saatlıq fasilədən sonra rəqib Ermənistan mövqelərini yenə atəşə tutaraq təxribat xarakterli əməllərini davam etdirib. Ermənistan Silahlı Qüvvələri tərəfində onlara adekvat cavab verilib. Rəqib tərəfdən itkilərin çoxalması istisna deyil”, – Şuşan Stepanyan bilidirib.
Ermənistan baş nazirinin şərhi
Nikol Paşinyan Azərbaycanın əməllərini hərbi təxribat kimi dəyərləndirib və əmin edib ki, Ermənistan bunu cavabsız qoymayacaq:
“Azərbaycanın hərbi-siyasi rəhbərliyi regional stabilliyin pozulmasının gözləniləməz fəsadlarının bütün məsuliyyətini daşıyacaq…
Artıq uzun zamandır ki, Azərbaycan hakimiyyəti “anti-erməni kartını” oynamaq istəyir… Ola bilər ki, biz Azərbaycanın hərbi-siyasi rəhbərliyinin iş üslubu ilə üz-üzəyik, hansı ki, onlar sərhəddə vəziyyəti gərginləşdirməklə daxili problemləri arxa plana atmağa çalışırlar. Bu kontekstdə insan həyatına qarşı, o cümlədən də Azərbaycan hərbçiləri arasında aşkar nifrət göz qabağındadır. Bu, özünü onda göstərir ki, onları perspektivsiz əməlləri törətməyə göndərirlər”.
Baş nazir vurğulayıb ki, Azərbaycan BMT baş katibinin pandemiya dövründə qlobal atəşkəs çağırışına məhəl qoymayıb.
Müdafiə nazirinin açıqladığı təfərrüatlar
Ermənistanın müdafiə naziri artıq vəziyyəti ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə müzakirə edib.
Nazir David Tonoyan bildirib ki, Ermənistanın Silahlı Qüvvələri ehtiyac olduğuqca Tavuş istiqamətində Azərbaycanın əməllərinə cavab verəcək, o cümlədən də yeni, daha sərfəli mövqelər tutmaq yolu ilə.
Nazir bildirib ki, iyulun 13-dən 15-20 dəqqiqə fasilələrlə atışma davam edir. İki saatlıq fasilə yalnız 3.30-dan 5:30-a qədər davam edib.
Nazir UAZ-la bağlı məsələni və Azərbaycan əsgərlərinin yollarını azmış olması ehtimalını şərh edib. Onun sözlərinə görə, bu versiya inandırıcı deyil:
“Bu halda onlar bizimlə əlaqəyə çıxa bilərdilər və onların geri qayıda bilməsi üçün atəş açmamaq haqda razılıq əldə edilə bilərdi. Amma onlar dərhal atmağa başlayıblar”.
Bu məqama qədər Ermənistan tərəfi itki verməyib. Postdakı iki polis atəş altında qalıb və yüngül yaralanıb.
Ombudsmenin reaksiyası
Tavuş vilayətində atışmanı Ermənistanın ombudsmeni Arman Tatoyan Facebook səhifəsində şərh edib:
“Dinc əhalinin bilavasitə yaxınlığında həyata keçirilən və dinc əhali üçün – onların sağlamlığı və əmlakı üçün real təhlükə kəsb edən atışmanı qətiyyətlə pisləyirik”.
Tatoyan artıq bu məsələ ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib.
Dağlıq Qarabağdan reaksiya
Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusundan bildirilib ki, son iki gündə Qarabağ-Azərbaycan təmas xəttində vəziyyət sakitdir:
“Müdafiə ordusu qarşısına qoyulan vəzifəni yerinə yetirir və həmişə lazım olduğu təqdirdə rəqibin istənilən təxribatının qarşısını almağa hazırdır”.
KTMT-də təcili iclas
Xarici işlər naziri Zohrab Mnakatsanyan sərhəddəki hadisəni Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi ilə müzakirə edib.
KTMT-nin əsası 1992-ci ildə, SSRİ dağılandan dərhal sonra qoyulub. Təşkilat Rusiyanın liderliyi altında fəaliyyət göstərir, üzvləri Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.
Ermənistanın xarici işlər naziri təşkilat üzvünə qarşı hərbi təxribatın yolverilməzliyini vurğulayıb. Daha sonra KTMT mətbuat xidmətindən bildirilib ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi məsələsi ilə bağlı daimi şüranın təcili iclası keçirilir.