Martın 1-dən Ermənistan, Azərbaycan, Ukrayna, Qazaxıstan, Rusiya və Belarus vətəndaşları üçün Gürcüstana təyyarə ilə giriş qaydaları sadələşdirilib.
Əsas şərt – səyahətçilərin əlində uçuşdan maksimum 72 saat əvvəl verilmiş koronavirus testinin mənfi nəticəsi və ya vaksinasiya haqda sertifikat olmalıdır. Bu şərtlər altında karantin və ya özünütəcridə göndərilmədən maneəsiz ölkəyə daxil olmaq mümkündür.
Amma Gürcüstana gələndən üç gün sonra öz hesabına təkrar PCR test vermək lazımdır. Qayda pozularsa iki min lari həcmində cərimə yazılır [600 dollara yaxın].
Gürcüstana quru yolu ilə giriş hələlik ancaq işgüzar səfərə gələnlər və biznes-dəvəti olanlar, o cümlədən də Gürcüstan vətəndaşı ilə nikahı olanlar, bir də müvafiq arayış təqdim edənlər üçün açıqdır.
Gürcüstana eyni giriş qaydaları fevralın əvvəlindən Avropa İttifaqı, İsrail, İsveçrə, ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn vətəndaşları üçün də qüvvədədir.