Azərbaycan-Ermənistan sərhədində nə baş verib? Bakıdan şərh
Azərbaycan-Ermənistan sərhədində gərginlik
Aprelin 11-də Azərbaycan və Ermənistan sərhədində baş verən döyüş nəticəsində hər iki tərəf canlı qüvvə itkisinə məruz qalıb. Bakı və Yerevan bir-birini qarşıdurma yaratmaqda ittiham edir. Bəs həqiqətən Azərbaycanla Ermənistan sərhədində nə baş verib? Siyasi şərhçi Hacı Namazov deyir ki, digər toqquşmalardan fərqli olaraq, biz bu dəfə baş verənlərin sözün əsl mənasında bütün başlanğıcını gördük.
- Qaranlığı udan işıq – Foto-hekayə
- “Qulağı, zövqü şikəst nəsil yetişdiriblər”. Cavanşir Quliyev “arzuolunmaz” mahnılar siyahısı haqda – VİDEO
- “Azıblar?” İki Azərbaycan əsgəri Ermənistan ərazisinə keçib
Siyasi icmalçı Hacı Namazov aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində baş verən insidenti JAMnews-a şərh edib.
Ekspert şərhi
“Əvvəllər də olduğu kimi Azərbaycan və Ermənistan orduları arasında baş verən istənilən toqquşmada hər iki ölkənin müdafiə nazirlikləri qarşı tərəfi təxribatda ittiham edir.
Ancaq digər toqquşmalardan fərqli olaraq, bu dəfə sosial şəbəkələrdə yayılan kifayət qədər uzun video sayəsində baş verənlərin tam başlanğıcını gördük.
Kadrlarda görünənlər həm Bakının, həm də Yerevanın bəyanatlarını qismən izah edir. Amma təhlilə ilkin səbəbdən başlamaq lazımdır.
Belə ki, Tex (əvvəllər Dığ) kəndində Azərbaycan ordusunun üç postu bir-birinə yaxın yerləşirdi. Bu, köhnə Laçın dəhlizinə girişi bağlamaq məqsədilə martın sonunda Azərbaycan Silahlı Qüvvələrinin dislokasiya yerini dəyişməsindən sonra baş verib.
Həmin gündən Ermənistan tərəfi azərbaycanlıların bu ölkənin suveren ərazisinə daxil olduğunu iddia edir, Azərbaycanı hüdudlarından çıxmağa çağırır.
Burada bəzi suallar yaranır. Sərhəd haradan keçir? De-yure sərhəd mövcud deyil və de-fakto olaraq heç kim onun haradan keçdiyini dəqiq bilmir. Yəni, Azərbaycan ordusunun həqiqətən sərhədi keçib-keçmədiyini sizə heç kim dəqiq deyə bilməyəcək.
Ermənistan Tex kəndinin erməni kəndi olmasına istinadən deyirlər ki, bura Ermənistandır. Ancaq burada nəticə çıxarmağa tələsməzdim. Səbəbini sizə deyəcəyəm:
• Ermənistanla Azərbaycan arasında heç vaxt dövlət sərhədi olmayıb. Sovet respublikaları arasında sadəcə inzibati sərhəd var idi və o, yerli iqtisadi təşəbbüslərə görə dəfələrlə, bəzən hətta xəritələrdə dəyişiklik edilmədən dəyişirdi.
• Azərbaycan ərazilərinin 30 illik işğalı zamanı Ermənistan təmas xəttinə qədər bütün əraziləri özününkü hesab edirdi və vaxtilə sərhədyanı sayılan kəndlər, qəsəbələr işğal olunmuş torpaqlara doğru genişlənmişdi. Yəni erməni kəndləri, obyektləri artıq bəzi yerlərdə qismən sərhədi keçmişdi.
Bunun gözəl nümunəsi kimi bir hissəsi Azərbaycan ərazisinə düşən Qafan aerodromunu göstərmək olar. Bu aerodrom işğal illərində tikilib. Yaxud bir hissəsi Azərbaycanın nəzarətinə keçən və 44 günlük müharibədən dərhal sonra gömrük postunun yaradıldığı yol.
• Hazırda müxtəlif saytlarda və digər mənbələrdə gördüyümüz xəritələr yüksək ehtimalla birinci dərəcəli həqiqət adına iddia edə bilməz. Oradakı cizgiləri dəyişmək hazırlıqlı mütəxəssislər üçün çətin deyil.
Beləliklə, Tex kəndində üç Azərbaycan hərbi postu var. Qəfildən onlardan birinin bir neçə metrliyində Ermənistan ordusu xüsusi texnika ilə səngər qazmağa başlayır.
Vurğulayım ki, orada sərhədçilər deyil, ordu dayanır. Sərhədçilər nisbətən dinc insanlardır və iki sərhəd zastavası arasında həmişə bir neçə metr məsafə olur. Amma burada hərbçilər var. Hərbçilərin isə qarşı tərəfdən istənilən təxribat cəhdinə atəş açmaq əmri var. Burnunuzun dibində mühəndislik işlərindən daha yaxşı təxribatı olar?
Bir daha demək istəyirəm ki, bütün bunlar Ermənistan tərəfinin çəkdiyi kadrlarda görünür.
Amma azərbaycanlılar dərhal atəş açmır, danışıqlara gedirlər. Orada nəsə səhv gedir, qarışıqlıq yaranır, video keyfiyyətsiz olduğu üçün səbəbi anlaşılmır. Sonra nə olduduğunu, biz artıq bilmirik. Bizim bundan başqa təkzibedilməz faktımız yoxdur. Video həmin anda kəsilir. Hansı səbəbdən, bilmirəm.
Vəssalam, dünən baş verənlərin təfərrüatları bundan ibarətdir. Bəli, qarşıdurmadan, atışmadan, qurbanlardan qaçmaq lazımdır. Qarşı tərəfin hər cür təxribatından qaçmaq lazımdır.
Ancaq hər iki tərəfdən qurbanların olduğu halda bu ifadə nə qədər ikrah doğursa da, şər deməsən, xeyir gəlməz. Artıq bu gün Azərbaycan və Ermənistan arasında həm xarici işlər nazirləri, həm dövlət rəhbərləri səviyyəsində danışıqların gözlənildiyinə dair birdən-birə üç məlumat yayıldı. Həm Moskva, həm də Brüssel tərəfindən.
Sadəcə ümid etmək olar ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi gecikmədən başlayacaq və sülh şəraitində keçəcək.
Bəs bundan sonra nə olacaq? Yaşayarıq, görərik”.