Azərbaycanda banklar niyə bağlanır?
2015-ci ilin əvvəlində Azərbaycanda 45 bank vardı. 2020-ci ilin avqustunda onların sayı artıq 26-dır.
Səbəblər çoxdur: kredit böhranının iki dalğasından başlayaraq. Bununla yanaşı ixtisarlar yalnız xırda bankları yox, həm də kifayət qədər böyük və məşhur bankları da əhatə edib.
Bankların bağlanmasının son dalğası 2020-ci il aprel-may aylarına təsadüf edib. Aprelin 27-də 4 banka: “Atabank”, “AGBank”, “NBCBank” və “Əmrah Bank”a müvəqqəti xarici idarəedicilər təyin edilib, aprelin 28-də isə “Atabank” və “Əmrah Bank”ın lisenziyaları geri alınıb. Mayın 12-də digər iki bankın da lisenziyaları ləğv olunub. Beləliklə, bankların sayı 30-dan 26-a enib.
Əgər hazırda bütün dünyada bağlanma və ya müflisləşmə səbəbi kimi adətən pandemiya və karantin göstərilirsə, Azərbaycan banklarında hazırkı vəziyyətə koronavirus əhəmiyyətli dərəcədə təsir etməyib.
Birdən-birə dörd bankın bağlanmasının səbəbi bəs nədir?
Səbəblərə keçməzdən əvvəl bu dörd bankın yerli bank sistemindəki rolu haqda danışmaq lazımdır. Azərbaycan bank sisteminin yüksək sentralizasiyasını nəzərə alsaq, bu bankların bazarda payı o qədər də yüksək deyildi. Faktiki 4 bankın payına ümumilikdə bank bazarının cəmi 5 faizi düşürdü (ən çox “Atabank”ın – 1,4%, ən az isə “Əmrah Bank”ın – 0,6% payı idi).
Yəni bank sektoru üçün ümumilikdə bu, böyük itki deyil. Amma rəqəmlərə sadə əmanətçilərin itkiləri nöqteyi-nəzərindən baxsaq, yalnız depozitlərin ümumi həcmi 700 milyon manat təşkil edir ki, bu da böhran dövrü üçün az deyil (praktiki olaraq hökumətin iqtisadiyyata ilk yardım paketinə bərabərdir).
Yaranmış vəziyyətin səbəblərini anlamaq üçün bir qədər keçmişə, daha dəqiq isə 2019-cu ilin martına getmək lazımdır. 6 gün fərqlə martın 12-də və 18-də 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində “Atabank” ASC üzərində iki məhkəmə prosesi baş tutub. Hər iki halda iddia təmin edilib.
İddiaların səbəbi aşağıdakılar olub. İddialara əsasən, 2016-cı ilin sentyabrında “Atabank” ASC-nin rəhbərliyinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təzyiqi ilə (“Ata Holding” və keçmiş vergilər naziri arasındakı əlaqələr haqda KİV-də dəfələrlə yazılıb) iki şirkət 61,18 milyon dollar həcmində kredit götürüb. Bununla belə həmin məbləğ onlara ödənməyib, kredit haqda müqavilələr isə vəsaitlərin nağdlaşdırılması üçün istifadə olunub.
Amma buna baxmayaraq, zaman keçəndən sonra həmin şirkətlərdən kreditləri geri qaytarmaq tələb olunub. Şirkətlər isə təbii ki, faktiki olaraq almadıqları kreditləri, üstündə də faizlərini qaytarmaq imkanında deyildi.
Proseslər zamanı məlum olub ki, “Atabank”da bu cür kreditlər az deyil və bunları ən azı 160 milyon manat həcmində dəyərləndirmək olar.
Problem onda idi ki, reallıqda bu cür kreditlər olmasa da, (yəni onlar məhkəmə qərarı ilə ləğv edilmişdi), formal olaraq bunlar bankın aktivlərində göstərilirdi.
Beləliklə, hesabatda reallığı əks etdirməyən kifayət qədər yaxşı vəziyyət yaranırdı. Restrukturizasiya hesabına isə onlar hətta bu kreditləri “problemli” kreditlər kimi də göstərə biliblər.
Amma bütün bunlar haqda yalnız proses iştirakçıları, bir də məhkəmə reyestrini vaxtaşırı yoxlayanlar bilirdi. Mətbuatda bu haqda yazılmasa da, şayiələr çoxalırdı.
2019-cu ilin oktyabrında vəziyyət artıq kökündən dəyişdi. Bəzi media orqanları “Atabankın dağıldığı” haqda məqalələr yazmağa başladılar. Bütün bunlar səssiz ötüşə bilməzdi və bank rəhbərliyinin zəmanətlərinə rəğmən vəsaitlərin geri axını başladı. 2019-cu ilin son rübündə bankın nə qədər vəsait itirdiyini bilmirik (bank məlumatları açıqlamayıb), amma bu zamana qədər onların əmanətçiləri bankdan 25 milyon manatı geri götürüblər.
Müvafiq olaraq, bankda öhdəliklər və aktivlər arasında balans pozulmağa başlayıb.
2019-cu ilin dekabrında bank fəaliyyəti sahəsində idarəçilik islahatı həyata keçirilib. Əgər 2015-ci il böhranından sonra banklar və kredit müəssisələri üzərində nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına verilmişdisə, 2019-cu ilin dekabrında bu struktur ləğv edildi və onun funksiyaları Mərkəzi Banka verildi. Mərkəzi Bank isə praktiki olaraq dərhal “bank sektorunun sağlamlaşdırılmasının” 2020-ci ildə əsas fəaliyyət istiqamətlərindən biri olacağı haqda elan dərc etdi.
Zərbə altına düşən ilk bank “Atabank” oldu. Artıq 2020-ci ilin yanvarında araşdırma apaıldığı elan olundu və əmanətçilərə əmanətlərini sığortalamaq tövsiyə edildi.
Bu tədbirlərdən sonra MB sədri Elman Rüstəmov elan etdi ki, əmanətçilərin pullarının qaytarılması üçün sadəcə “Əmanətlərin tam sığortası haqda” qanunun fəaliyyətinin uzadılmasını gözləyirlər, sonra lisenziya geri alınacaq.
Taleyinin artıq bəlli olmasına baxmayaraq, “Atabank” aprelin 2-də Koronavirusla Mübarizə Fonduna 100 min manat (59 min dollara yaxın) vəsait köçürüb. Yeri gəlmişkən, digər üç bank da 2020-ci ilin martında bu fonda ümumilikdə 400 min manat (təxminən 235 min dollar) köçürüblər.
Qalıb bircə əmanətlərin sığortalanması haqda qanunun fəaliyyətinin uzadılması. Aprelin 25-də qanun prezident tərəfindən təsdiqlənib və aprelin 27-də bankların müvəqqəti kənardan idarəedilməsi haqda elan edilib.
Elə bu yerdə “yağışdan çıxıb, yağmura düşüblər”. “Atabank”ın əmanətçiləri əvvəlcədən hazır olsalar da və sadəcə rəsmi elanı gözləsələr də (Rüstəmov televiziya müsahibəsində bu haqda açıq demişdi), qalan üç bankla bağlı heç kim heç nə gözləmirdi. Faktiki olaraq ylnız bir neçə müştərinin maraqlarına xidmət etdikləri üçün “NBCBank” və “Əmrah Bank”a görə narahat olanlar çox olmasa da, “AGBank”la bağlı vəziyyət tam fərqli olub.
Bu, geniş filiallar şəbəkəsi, xırda və orta biznes nümayəndələri sırasında çox sayda müştərisi olan (baxmayaraq ki, ümumilikdə bazarda bankın payı o qədər də yüksək deyildi, amma bu, faktiki olaraq müştəriləri cəlb edən banklardan biri idi) kifayət qədər tanınmış bankdı.
Bu banklarla bağlı vəziyyəti anlamaq üçün ekspertlər və müştərilər ilk növbədə onların maliyyə hesabatlarına müraciət edirlər.
Qanunvericiliyə əsasən, banklar həm illik, həm də rüblük maliyyə hesabatlarını açıqlamalıdırlar. “Əmrah Bank” və “Atabank”dan fərqli olaraq “NBCBank” və “AGBank” bu mənada ardıcıl idilər və hər maliyyə dövrü bitdikcə hesabatlarını dərc edirdilər.
Amma məlum oldu ki, bu maliyyə hesabatlarına inanmaq lazım deyilmiş. MB sədrinin sözlərinə görə, bu dörd bank ictimaiyyətə yanlış məlumatlar verirmiş.
Bu bankların problemli kreditlərinin həcmi 459 milyon manat təşkil edirdi. Onların banklar üzrə bölünməsi belə idi: “Atabank” – 214 milyon, “Əmrah Bank” – 77 milyon, “AGBank” – 145 milyon və “NBCBank” – 23 milyon manat. Prinsipcə, son üç bank üzrə real vəziyyət hesabatlarda göstəriləndən köklü şəkildə fərqlənirdi, amma burada biz başqa problemlə qarşılaşırıq.
Rüstəmov bildirib ki, banklarda əməliyyatlar üçün minimum kapital da yetərli olmayıb. Banklarla bağlı qanunvericiliyə görə, bankların minimum nizamnamə kapitalı 50 milyon manat olmalıdır, bu məbləğ isə mövcud deyildi.
Başqa sözlə, əgər Mərkəzi Bank bu banklara yardım etmək qərarına gəlsəydi, 659 milyon manat ayırmalı idi (4 bankın problemli kreditləri + nizamnamə kapitalı). Əmanətçilər qarşısında bu öhdəlikləri yerinə yetirmələri üçün onlara bu məbləği köçürməkdənsə (banklar bağlandıqları zaman onların hesabında ümumilikdə 670,7 milyon manat həcmində əmanət vardı), onları ləğv etmək daha asan idi.
Təbii ki, MB ikinci variantı seçib. Nəticədə bankların sayı 26-a enib, əmək bazarı isə ağır karantin dövründə min beş yüz nəfərə qədər işsiz bank mütəxəssisləri ilə zənginləşib.