Azərbaycan Avropaya ixrac edilən qazın həcmini iki dəfə artıracaq. Cəmiyyətin reaksiyası birmənalı deyil
Azərbaycan və Avropa İttifaqı arasında memorandum
Azərbaycan və Avropa İttifaqı enerji sahəsində memorandum imzalayıb. Sənədə əsasən, Bakı Avropaya ixrac etdiyi təbii qazın həcmini iki dəfə artıracaq və ildə 20 milyard kubmetrə çatdıracaq. “Ukraynaya qarşı təcavüzdən sonra Rusiya qazına Avropada artıq tələb yoxdur”, – Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Bakıda bildirib. Avropa İttifaqı ilə imzalanan sənəd Azərbaycanda vətəndaş cəmiyyəti və fəallar tərəfindən birmənalı qarşılanmayıb.
- Azərbaycan hökuməti qətlə yetirilmiş yazıçının ailəsinə kompensasiya ödəyəcək
- Azərbaycanda benzin bahalaşıb
- “Bizi Rusiya ilə üz-üzə qoymaq istəyirlər” – Azərbaycanın keçmiş XİN rəhbəri
2022-ci il iyulun 18-də Azərbaycan və Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Sənəd Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen tərəfindən imzalanıb.
İlham Əliyev imza mərasimində qeyd edib ki, bu, Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində imzaladığı əməkdaşlıq haqda artıq üçüncü sənəddir və bu sənədlər Avropanın enerji xəritəsini dəyişib.
Onun sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Avropanın enerji təchizatında mühüm rol oynayır:
“Bu il biz Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Biz külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq.
Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq. Deyə bilərəm ki, Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir”.
Avropa Komissiyasının prezidenti öz çıxışını “Ukraynaya qarşı təcavüzdən sonra Avropada Rusiya qazına artıq tələb yoxdur” bəyanı ilə başlayıb.
Ursula Fon der Lyayen Avropanın təbii qaza olan tələbatının təmin olunmasında Azərbaycanın mühüm rolunu qeyd edib:
“Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik”.
Avropa Komissiyasının prezidenti həmçinin deyib ki, Azərbaycanın dövlət başçısı ilə görüş zamanı ikitərəfli münasibətlərə dair bir çox məsələlər, o cümlədən də iqtisadi əməkdaşlıq və ticarət müzakirə olunub.
O, humanitar sahədə əməkdaşlığın və Aİ-nin vətəndaş cəmiyyətinin və KİV-in dəstəklənməsində iştirakının vacibliyini də qeyd edib. “Bu məqsədlər üçün biz 2.5 mln. avro ayırmışıq”, – Avropa Komissiyasının prezidenti vurğulayıb.
Avropa İttifaqı ilə imzalanan sənəd Azərbaycanda vətəndaş cəmiyyəti və fəallar tərəfindən birmənalı qarşılanmayıb. Onların fikrincə, Avropa “Azərbaycan rejimi ilə insan haqlarını kobud pozan daha bir sövdələşməyə gedib”.
Sosial şəbəkələrin Azərbaycan seqmentində paylaşılan xarakterik şərhlərdən bir neçəsini təqdim edirik:
“Bununla Azərbaycan müxalifətinin “Avropa kitabını” bağlanmış hesab etmək olar”.
“Bütün müxalifətin və ya özünü müxalifət adlandıranların bugünkü memorandumu alqışlaması məni təəccübləndirir. Heç kim avropalılardan soruşmur ki, niyə onlar Əliyev rejimi ilə növbəti sövdələşməyə gedirlər? Bu ölkədə insan haqları necə olacaq?”
“Bir şey aydındır: Avropaya ancaq Azərbaycanın enerji resursları lazımdır. Xalqın problrmləri onların vecinə deyil. Əsas nəticə: əgər Avropa bizə gəlmirsə, biz özümüz Avropaya getməliyik. Odur ki, yaxın gələcəkdə ölkəni tərk etmək niyyətindəyəm”.