Azərbaycan Avropa Şurasından çıxmaqla hədələyir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərtbaycan üzrə qəbul etdiyi iki tənqidi qətnamə Azərbaycan hakimiyyətinin kəskin mənfi reaksiyasına səbəb olub.
Oktyabrın 11-də AŞPA Azərbaycan üzrə iki hesabatı müzakirə edib: “Azərbaycanda demokratik institutların işləkliyi” və “Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə (may-noyabr 2014-cü il) ölkədə insan haqlarına hörmət istiqamətində atılan addımlar”.
Birinci hesabatda hakimiyyət qolları arasındakı disbalansla bağlı narahatlıq ifadə olunub. Məsələn, qeyd olunub ki, az əvvəl həyata keçirilmiş konstitusiya dəyişikliyi nəticəsində icra hakimiyyətinin parlament qarşısında hesabatlılığı azalacaq və məhkəmə orqanları icra hakimiyyətindən asılı vəziyyətdə qalacaq.
Sənəd müəllifləri QHT liderlərinin, hüquq müdafiəçilərinin, siyasi fəalların, jurnalistlərin, blogerlərin və vəkillərin mütəmadi təqibi və saxlanılması ilə bağlı narahatlıqlarını bildiriblər.
Onlar hakimiyyəti həbsləri əsaslı şübhə doğuran məhbusları azad etməyə çağırıblar. Həmçinin parlamentə daxil olmayan müxalifətin fəaliyyəti üçün məhdud atmosferlə və toplaşma azadlığının məhdudlaşdırılması ilə bağlı söylənilənlərin də narahatlıq doğurduğu bildirilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qətnamə layihəsinə qarşı çıxış edib:
“Biz dialoqun aparılması üçün əlimizdən gələn hər şeyi edirik, siz isə burada vəziyyəti şişirdirsiz”.
Seyidovun sözlərinə görə, Azərbaycanda illərlə islahatlar aparılıb, hesabatda isə yazılıb ki, “heç bir islahat yoxdur”.
Azərbaycanın nümayəndə heyəti hesabatın müxalif siyasətçi İlqar Məmmədovun həbsdə saxlanması ilə bağlı müddəasına da etiraz edib və bildirib ki, o, “konkret cinayətə görə” həbs olunub.
Tənqidi bəyannamələrin qəbulu Azərbaycan rəhbərliyində kəskin mənfi reaksiya doğurub. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Trend” agentliyinə bildirib:
“AŞPA Azərbaycana qarşı yönəlmiş qərəzli çevrlərin subyektiv mülahizələri əsasında tərtib olunmuş bu xüsusi məqsəd daşıyan sənədləri qəbul etməklə növbəti dəfə Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdi”.
Həsənov əlavə edib ki, subyektiv fikirlərə əsaslanan qərəzli sənədlərin qəbul edilməsi Azərbaycanı Avropa Şurası ilə münasibətlərini bir daha gözdən keçirməyə vadar edir.
Azərbaycanın AŞPA-dakı nümayəbdə heyətinin başçısı Səməd Seyidov qəbul olunmuş qətnamələri “biabırçı” adlandırıb.
“AŞPA-dakı bu günkü müzakirələr bir daha göstərdi ki, müxtəlif qruplar, əsasən də erməni lobbisinin dəstəklədiyi çevrələr Azərbaycanı ciddi şəkildə tənqid etməyə cəhd göstərib. Süni şəkildə gərginliyin artırılması, hesabata həqiqətdən uzaq faktların daxil edilməsi bu hüsabatı qeyri-ciddi sənədə çevirir. Azərbaycan müstəqil dövlət olaraq belə sənədlə işləyə bilməz”, – Seyidov bildirib.
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Novruz əmmədov da AŞPA qətnamələrini tənqid edib.
“AŞPA-da bəziləri özlərini az qala inkvizisiya məhkəməsinin üzvləri kimi aparır, cəzanın müəyyən edilməsini öz vəzifələri hesab edirlər. Məgər AŞPA-da bu csür siyasətin Avropanı hara apardığını görmürlər?! Əgər AŞPA əsas missiyasının tərəfdaşları üçün cəzanın təyin edilməsi olduğunu, özünün isə heç bir öhdəliyinin olmadığını hesab edirsə, o zaman belə bir orqan kimə və nəyə lazımdır?” – Novruzov Twitter-də yazıb.
“Biz özümüzə sual edirik – bizim Avropa Şurasında nə işimiz var?” – APA agentliyi Seyidova istinadən yazır.