Azərbaycan “ABŞ-ın Minsk Qrupunu “reanimasiya” etmək cəhdinə” etiraz edir
Azərbaycan XİN-in Blinkenin bəyanatına reaksiyası
ABŞ-ın dövlət katibi ATƏT-in Minsk Qrupunun bu ölkədən olan yeni həmsədrinin təyin edilməsi haqda bəyanatla çıxış edib. Azərbaycan XİN sərt şəkildə bildirib ki, faktiki fəaliyyət göstərməyən Minsk Qrupunu “reanimasiya” etmək cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindən uzaqlaşdırılmasına gətirib çıxara bilər. Politoloq Elxan Şahinoğlunun fikrincə, Vaşinqtonun bu məsələdə israrı nəticəsində Azərbaycan və ABŞ arasında münasibətlərin gərginləşməsi mümkündür.
- ABŞ Dövlət Departamenti yenidən ATƏT-in Minsk Qrupunu xatırlayıb
- Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Tbilisi görüşü: Bakı və Yerevandan şərh
- “Azərbaycan Qərb-Rusiya qarşıdurmasından istifadə edir”: Ermənistandan şərh
ABŞ dövlət katibi Entoni Blinken Filip Pikerin Qafqazda danışıqlar üzrə baş müşavir və ATƏT-in Minsk Qrupunun Amerikadan olan həmsərdi təyin edilməsi haqda bildirib.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan hakimiyyəti dəfələrlə Minsk Qrupunun öz missiyasını yerinə yetirmədiyini və artıq ona ehtiyac qalmadığını bəyan edib. Daha sonra konkret geosiyasi şəraitdə MQ həmsədrlər institutunun fəaliyyətinin mümkünsüzlüyü haqda Rusiya xarici işlər naziri Sergey Lavrov da bildirib.
Azərbaycan XİN-in reaksiyası
Azərbaycanın Xarici işlər Nazirliyi rəsmi nümayəndəsi Leyla Abdullayevanın timsalında Amerikaya etirazını bildirib.
“Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki post-münaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur”, – Abdullayeva bildirib.
“Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub.
Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər.
Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir”, – deyə o əlavə edib.
Ekspert rəyi
Azərbaycanlı politoloq, “Atlas” analitik mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra rəsmi Bakı haqlı olaraq ATƏT-in Minsk Qrupunun “xidmətindən” imtina edib:
“Ukraynada apardığı işğalçı müharibə fonunda üzləşdiyi sanksiyalar səbəbindən Rusiya da ABŞ-la birgə həmsədrlik institutundan vaz keçib, hətta Ermənistana simpatiyası olan Paris mövcud şərtlər altında Minsk Qrupunun əhəmiyyətsiz olduğunu anlayıb, bircə üçüncü həmsədr – Vaşinqton tutduğunu buraxmır.
ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk Qrupunun həmsədri təyin edib. Rikerin səlahiyyətinin birinci hissəsi normaldır, Azərbaycanla Ermənistan arasında istənilən vasitəçiliyin əleyhinə deyilik. Ancaq “Minsk Qrupu həmsədri” ifadəsi işləri korlayır.
Yoxdur bu qrup. Bu, tək bizim istəyimizlə bağlı deyil, Rusiya ABŞ-la bir masada oturmaq istəmir”.
Şahinoğlu amerikalı diplomatlardan biri ilə dialoqundan misal gətirib:
“Ona “Vaşinqton niyə Minsk Qrupundan imtina etmir?” sualını verdim və ona izah etməyə çalışdım ki, bu israrçılıq həm Azərbaycan-ABŞ münasibətlərinə lazımsız gərginlik yarada bilər, həm də Rusiyanın bölgədə möhkəmlənməsinə şərait yaradar ki, bu da Vaşinqtonun maraqlarına uyğun olmamalıdır.
Amerikalı diplomatın cavabı belə oldu ki, Kreml Minsk Qupuna yox dediyinə görə Vaşinqton bunun tərsini – “Minsk qrupu davam etməlidir” demək məcburiyyətində qalıb.
Yenə də izah etməyə çalışdım ki, Azərbaycan ABŞ-ın Cənubi Qafqazda fəallığının əleyhinə deyil, bunun üçün Minsk Qrupu xaricində kifayət qədər alət var, onlardan istifadə etmək lazımdır”.