Azyaşlılar və dini mərasimlər: "Valideyn öz övladını dini mərasiminə aparmaq istəyirsə, bu, onun hüququdur"
Azyaşlılar dini mərasimlərdə iştirakına qadağa
Azərbaycanın Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə xəbərdarlıq yayaraq bəzi valideynlərin azyaşlı uşaqları dini mərasimlərə, xüsusilə təziyə məclislərinə apardığını bildirib və bu hallarda uşaqların fiziki və psixoloji təhlükəsizliyinin nəzərə alınmalı olduğunu vurğulayıb.
Rəsmi açıqlamada valideynlərdən bu cür kütləvi mərasimlərdə iştirakın “məqsədəuyğun olmadığını” nəzərə almaları xahiş edilir və qanunvericiliyə zidd hallara qarşı xüsusi həssaslıq göstərilməsi çağırışı edilir.
Lakin bu çağırış həm hüquq, həm din azadlığı, həm də uşaq hüquqları kontekstində bir sıra suallar doğurur. “JAMnews” məsələni müxtəlif aspektlərdən araşdırıb.
Hüquqşünas: “Qadağanın sərhədləri aydın deyil”

Hüquqşünas Xalid Bağırov hesab edir ki, bu kimi ümumi və mücərrəd ifadələrlə yayımlanan qadağalar hüquqi qeyri-müəyyənliyə yol açır və sui-istifadə riski daşıyır.
O, “JAMnews”a açıqlamasında bildirir:
“Əgər bir şiə əqidəsinə sahib valideyn öz övladını Aşura mərasiminə aparmaq istəyirsə, bu onun hüququdur. Dövlət açıq şəkildə izah etməlidir ki, qadağa nəyə aiddir: əzadarlıqmı, zəncir vurmağımı, sinə döyməkmi? Yoxsa sadəcə iştirakmı? Belə qeyri-müəyyənlik hüquqi baxımdan qəbuledilməzdir”.
Bağırov həmçinin BMT-nin Uşaq Hüquqları Konvensiyasına istinad edərək bildirir ki, valideynlərin öz dini baxışlarına uyğun şəkildə övladlarını tərbiyə etməsi onların fundamental hüququdur.
Onun fikrincə, bu kimi yanaşmalar Azərbaycanda şiə icmasına qarşı sistemli məhdudiyyət siyasətinin tərkib hissəsidir. O, xüsusilə Lənkəran kimi bölgələrdə Aşura mərasimləri zamanı keçirilən yürüşləri misal çəkərək qeyd edir ki, bu yürüşlər hökuməti narahat edir. Əslində isə bu narahatlığın kökündə sərbəst toplaşmaq azadlığı dayanır.
“Dövlət dini mərasimləri bəhanə gətirərək yürüş və toplaşma azadlığını məhdudlaşdırmağa çalışır”.
Bağırov əlavə edir ki, bu cür qeyri-müəyyən və məhdudlaşdırıcı yanaşmalar davam edərsə, yaxın gələcəkdə məscidlərin qarşısında polis nəzarətinin gücləndirilməsi, valideynlə gələn azyaşlıların məscidlərə buraxılmaması kimi hallar baş verə bilər.
Dindar: “Bu, şiə icmasına qarşı düşmən münasibətin davamıdır”

Müsəlman Birliyi Hərəkatının Avropa üzrə nümayəndəsi Ələmdar Bünyadov isə bu məsələni daha geniş kontekstdə qiymətləndirir.
“JAMnews”a verdiyi açıqlamada o bildirir ki, bu siyasət Azərbaycan hökumətinin şiə icmasına qarşı sistemli və düşmən münasibətindən qaynaqlanır:
“Bu, sadəcə dini mərasimlə bağlı deyil. Bu, uzun illərdir davam edən, şiəliklə özünü identifikasiya edən insanlara qarşı düşmən münasibətin tərkib hissəsidir. İndi isə uşaqlar bəhanə edilərək ailələrin dini hüquqları hədəf alınır”.
Ələmdar Bünyadov bu yanaşmanın həm də ikili standartlardan qaynaqlandığını deyir. O sual edir:
“Uşağın əza mərasimində böyüklərin yanında iştirak etməsi necə bir təhlükə yarada bilər ki, bunu yasaqlamaq lazım gəlsin? Axı bu insanlar da cəmiyyətin üzvüdür, bu mərasimlərdə iştirak uşağın tərbiyəsinə necə zərər verə bilər?”
- Azərbaycanda azyaşlılara qarşı polis zorakılığı: “Hər birindən 300 manat rüşvət istəyiblər”
- Azərbaycan hökuməti İslamofobiyaya qarşı konfrans keçirir, inanclı fəallar isə təqib altındadır
- İran-İsrail qarşıdurmasında Azərbaycan: İsrail üçün cəsusluğa kömək iddiaları
Məktəblərdə militarist təbliğat
Azərbaycanda məktəblərdə uşaqlara erkən yaşlardan hərbi təbliğatın müxtəlif formalarda təqdim olunması müşahidə olunur. Şəhidlik anlayışının mərkəzdə dayandığı vətənpərvərlik kampaniyaları, hərbi atributların vurğulandığı tədbirlər və dərs formatları uzun müddətdir ki, rəsmi şəkildə təşviq edilir.
Bununla yanaşı, hökumət bu fəaliyyətlərlə bağlı heç bir tənqidi bəyanat vermir, əksinə, bu ritorikanı vətənpərvərlik modeli kimi təqdim edir. Bu isə dini mərasimlərə yönəlik xəbərdarlığın selektiv xarakterini ortaya qoyur: bir tərəfdə dövlətin qəbul etdiyi, hətta təşviq etdiyi militarist və emosional ritorika, digər tərəfdə isə fərdi dini təcrübələrə qarşı inzibati xəbərdarlıqlar.
Sosial işçi: “Hökumət həm dini, həm hərbi ritorikaya eyni məsafədə dayanmalıdır”

Sosial işçi Sənubər Heydərova isə məsələyə uşaq psixologiyası prizmasından yanaşır.
O, “JAMnews”a müsahibəsində bildirir ki, hökumətin uşaqların dini mərasimlərə aparılmasına dair narahatlığını anlamaq üçün paralel yanaşmalar da nəzərə alınmalıdır:
“Bu gün Azərbaycan məktəblərində uşaqlara erkən yaşlardan qan, şəhidlik, müharibə, tank altında əzilmiş insan təsvirləri ilə dolu hərbi ritorika aşılanır. Bu, psixoloji cəhətdən zərərli ola bilər. Amma dövlət bunu vətənpərvərlik kimi təqdim edir və təhlükə görmür”.
Heydərova hesab edir ki, əgər hökumət doğrudan da uşaqların mənfi təsirlərdən qorunmasını istəyirsə, yanaşma seçici deyil, ümumi və balanslı olmalıdır. O, alternativ vətəndaşlıq tərbiyəsi modeli təklif edir:
“Uşaqlara öyrədilməlidir ki, vətəni sevmək küçəyə zibil atmamaqdır, könüllülükdür, ictimai əmlaka qayğıdır. Yalnız döyüşlə vətənpərvərlik ölçülməməlidir”.
Onun fikrincə, məktəblərdə neytral və obyektiv din dərsləri keçirilməli, uşaqlara dinlər haqqında məlumat verilməli və beləliklə də dini məclislərə münasibətdə fərdi və sağlam qərarvermə bacarığı formalaşdırılmalıdır.
Azyaşlılar dini mərasimlərdə iştirakına qadağa