Azyaşlı anaların övladları – onlar 2018-ci ildə Azərbaycanda doğulan uşaqların 15%-i təşkil edib
Paylaşmaq
Paylaşmaq
2018-ci ildə Azərbaycanda 15-17 yaşlı yeniyetmə analardan 2 129 uşaq doğulub. Bu, bütün doğulan uşaqların 15 faizi deməkdir.
Bununla belə, Azərbaycanda 16 yaşına qədər şəxslərlə seksual əlaqəyə görə cinayət məsuliyyəti nəzərdə tutulub, rəsmi nikah yaşı isə 18 kimi qeyd olunub.
Statistikaya inansaq, azyaşlı anaların dünyaya gətirdiyi uşaqların sayı son üç ildə bir neçə yüz azalıb:
2015-ci il – 2 895;
2016-cı il – 2 809;
2017-ci il – 2 421.
Qanunvericilikdə nəzərdə tutulan qadağalara baxmayaraq, Azərbaycanda erkən nikahlar populyardır. Əgər gəlinin yaşı rəsmi nikaha çatmırsa, sadəcə toy etməklə kifayətlənirlər.
Müvafiq olaraq, bu cür izdivaclardan dünyaya gələn uşaqlar qanundan kənar doğulmuş hesab edilir və ata ayrıca qaydada atalığın tanınması prosedurundan keçir.
İctimai təşkilatlar maarifləndirici kampaniyalar və hökumətə çağırışlar yolu ilə bu tendensiyaya qarşı mübarizə aparmağa çalışırlar.
Qanunvericiliyi nəzərə alaraq, əgər qız 15 yaşında dünyaya uşaq gətirirsə, uşağın atası ilə polis məşğul olmalıdır. Amma reallıqda bu, praktiki olaraq heç vaxt baş vermir.
Pediatr Elza İbrahimova bildirir ki, təcrübəsində hələ 16 yaşı tamam olmamış analara tez-tez rast gəlir.
“Adətən bunlar rəsmi nikahı olmayan ailələr olur. Onlar qanundan yan ötmək üçün müxtəlif variantlar tapırlar. Bundan başqa, azyaşlıların doğuşunu qəbul edən tibb işçiləri də, məmurlar da çox vaxt buna barmaqarası yanaşır, belə halları qanun pozuntusu kimi yox, milli adət kimi qəbul edirlər. Ümumilikdə, əgər valideynlər hər şeydən razıdırlarsa, o zaman heç kim buna fikir vermir, səs-küy qaldırmır”, – həkim deyir.