"Azıblar?" İki Azərbaycan əsgəri Ermənistan ərazisinə keçib
Ermənistanda Azərbaycan əsgəri saxlanılıb
“Aprelin 10-da saat 01:00-02:00 aralığında Ermənistan ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu aşkar edilərək saxlanılıb”. Nazirlikdən verilən məlumata görə, saxlanılan azərbaycanlı bildirib ki, onun yanında başqa əsgər də olub. İkincinin axtarışları davam edir. Xəbər dərc olunan ana qədər mövcud rəsmi məmumat ancaq bundan ibarət idi.
Bundan əvvəl Azərbaycan tərəfi Naxçıvanın Ermənistanla həmsərhəd Şahbuz rayonunda Azərbaycan ordusunun iki hərbçisinin “əlverişsiz hava şəraiti və görmə imkanlarının məhdudluğu səbəbindən azdığını” bildirmişdi.
Bu ana qədər məlum olanlar, eləcə də sosial şəbəkələrdə yazılan şərhlər.
- Tofiq Zülfüqarov: “İranın Azərbaycana qarşı iddiaları üçün ciddi əsas yoxdur”
- Tbilisidə etiraz aksiyaları nəticəsində həbs olunan Lazar Qriqoriadisin hüquqları pozulub – müstəqil vəkillər
- Aİ Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcəkmi? Bakıdan görünüş
Ev sahibinin gödəkcəsini geyinib, kəndə çıxıb
Ermənistan Müdafiə Nazirliyi heç bir təfərrüat vermədən azərbaycanlı hərbçinin aşkar edilərək saxlanılması ilə bağlı qısa açıqlama ilə kifayətlənib. Hadisənin təfərrüatlarını yerli sakinlər danışıb.
İki azərbaycanlı Bnunis kəndinə daxil olub – Sisian icmasının administrasiyasının rəhbəri Armen Akopcanyan jurnalistlərə bildirib. Lakin sonradan, artıq Aşotavan kəndində azərbaycanlı hərbçilərdən yalnız biri saxlanılıb və o, artıq mülki geyimdə olub. Bnunis icmasının başçısı Qor Hovhannisyan təfərrüatlara varmayıb, sadəcə “kənddə hər şey qaydasındadır, panika yoxdur” deyə əmin edib.
Erməni mediası Sisian şəhərinin sakinlərindən birinin ifadəsini də dərc edib. O bildirib ki, saxlanılan azərbaycanlı “evlərdən birinə girib, yemək yeyib, ev sahibinin gödəkçəsini geyinib və kəndə çıxıb”. Onun sözlərinə görə, evin xanımı mətbəxdə nəsə yeyənin əri olduğunu zənn edib və işinə davam edib.
Həmin şəxs deyir ki, başqalarından eşitdiyinə görə, azərbaycanlı hərbçini kənd mağazasının yanında görüblər, ora toplaşan adamlar onun erməni olmadığını anlayıb Milli Təhlükəsizlik Xidmətinə zəng ediblər:
“Rus dilində pis danışırmış, insanlar da onu tutublar və onun kim olduğunu öyrənmək qərarına gəliblər. O, elə yerlərdən keçib ki, oralarda erməni hərbi mövqeləri var, oradan keçmək mümkün deyil. Amma o, postlardan keçməyib, yuxarıdakı dolanbac cığırlarla onların ətrafından dolanıb. Duman olduğu üçün o, yolunu azıb”.
Sosial şəbəkələrdə yazılan şərhlər
“Təəccüblənəcək bir şey yoxdur, sabah onlar [azərbaycanlılar] bizim evlərimizə də girəcəklər. Heç kim təhlükəsizlikdə deyil”.
“Diversantlar azırlar, nə vaxtdan bəri?”
“Bilmirəm, onlar azıb, yoxsa aldatmağa çalışırlar.”
“Qonaqları hədiyyələrlə yola salın ki, haqqımızda pis heç nə düşünməsinlər [Ermənistan hakimiyyətinə ironik müraciət]. Diqqət və hörmət göstərin”.
“Bu azərbaycanlı diversantı əsirlikdə saxlamaq və onu Bakı həbsxanalarında qanunsuz saxlanılan əsir ermənilərlə dəyişmək lazımdır”.
“Camaat azərbaycanlını Ermənistan hakimiyyətinə verməməli idi, yoxsa hakimiyyət əsiri boynuna lent bağlayıb Azərbaycana qaytaracaqlar. Bunun müqabilində erməni əsirlərin qaytarılmasını tələb etmək lazımdır. Vəziyyət o həddə çatıb ki, insanlar bu cür işləri təkbaşına həll etməlidirlər”.
“Kəndliləri iflic həddinə çatdırırlar. Kimin istəyir ölkə ərazisinə daxil olur, azərbaycanlılar mövqelərini Ermənistanın dərinliklərinə doğru irəlilədirlər. Nikol [Paşinyan] isə “biz eskalasiya istəmirik” deyir. Siz axmaqsız, nəsiz?