“Dekolonizasiya” adı altında diplomatik revanş: Azərbaycanın Yeni Kaledoniya siyasəti və Bakı Təşəbbüs Qrupu
Azərbaycanın Yeni Kaledoniya siyasəti
İyulun 12-də Paris yaxınlığında, Bougival şəhərində Fransa hökuməti və Yeni Kaledoniyanın müstəqillik tərəfdarları arasında Azərbaycanın da dəstəklədiyi “Yeni Kaledoniya Dövləti”nin yaradılmasını nəzərdə tutan “tarixi” razılaşma imzalanıb.
Sazişə əsasən, Sakit okeandakı bu ərazi Fransanın tərkibində qalmaqla yanaşı, konstitusion olaraq yeni bir dövlət statusu əldə edəcək. Yeni Kaledoniyada bu statusun referenduma çıxarılması isə 2026-cı ilə planlaşdırılır.

Lakin regionun gələcəyinə dair bu razılaşma Fransa ilə münasibətlərində gərginlik yaşayan Azərbaycan üçün də maraqlı bir kontekstdə baş verir. Son iki ildə rəsmi Bakı özünü “qlobal anti-kolonializm cəbhəsinin” önündə təqdim etməyə çalışır və bu istiqamətdə Bakı Təşəbbüs Qrupunun (BTQ) fəaliyyəti ilə müxtəlif Fransa müstəmləkələrində, o cümlədən Yeni Kaledoniyada fəal mövqe sərgiləyirdi.
Amma Yeni Kaledoniya sazişinə dair BTQ-dən rəsmi reaksiya verilməyib. Keçmişdə sərgilədiyi “tərəddüdsüz ritorikasına” baxmayaraq, BTQ indiki prosesdəki iştirakında tərəddüd nümayiş etdirir. Bu vəziyyət qrupun “anti-kolonial mübarizə” iddialarının və Azərbaycan hökumətinin bu platformadan istifadə strategiyasının nə qədər real və davamlı olduğunu sual altına alır.
Bakı Təşəbbüs Qrupu: məqsəd, struktur, müəmma
Bakı Təşəbbüs Qrupu 2023-cü ildə yaradılıb və özünü Fransa müstəmləkəçiliyinə qarşı beynəlxalq mübarizəyə dəstək verən qeyri-hökumət təşkilatı (QHT) kimi təqdim edir. “LinkedIn” platformasındakı açıqlamalarında Bakı Təşəbbüs Qrupunun “qlobal anti-kolonializm və neokolonializmə qarşı beynəlxalq əməkdaşlıq platforması” kimi çıxış etdiyi qeyd edilir.

Qrupun əsas fəaliyyətinin Fransanın dənizaşırı ərazilərində, xüsusilə Yeni Kaledoniya və Qvadelup kimi ərazilərdə, müstəqillik hərəkatlarına siyasi və mədəni dəstək göstərməkdən ibarət olduğu bildirilir. Onların təqdimatına görə, BTQ beynəlxalq hüquq normalarına uyğun şəkildə “azadlıq uğrunda mübarizə aparan xalqlara dəstək verir”.
Lakin təşkilatın hüquqi statusu və maliyyə mənbələri haqqında heç bir şəffaf informasiya yoxdur. BTQ-nin tədbirləri Azərbaycan dövlət strukturları ilə sıx inteqrasiya şəraitində keçirilir, nümayəndələri Milli Məclis spikerləri ilə birgə memorandumlar imzalayır və mətbuat konfranslarını dövlət agentlikləri işıqlandırır.

Bu da onu göstərir ki, BTQ, hər nə qədər “QHT” adı altında çıxış etsə də, faktiki olaraq Azərbaycan hökumətinin diplomatik alətidir. Onun funksiyası isə təkcə Fransa müstəmləkələrinə dəstək göstərmək deyil, eyni zamanda Bakı ilə Paris arasında son illərdə dərinləşən siyasi qarşıdurmalarda rıçaq kimi çıxış etməkdir.
Ritorika və reallıq arasında: Azərbaycanın Fransa ilə toqquşması
Yeni Azərbaycan Partiyasının deputatı Pərvanə Vəliyeva “APA”-ya açıqlamasında BTQ-nin fəaliyyətini “Azərbaycanın xarici siyasət uğuru” adlandırıb və Yeni Kaledoniyada baş verən son sazişi Prezident İlham Əliyevin qələbəsi kimi təqdim edib:
“Makron bu dəfə də koloniyalaşdırma məsələsində cənab Prezidentə məğlub oldu”, – deyə Vəliyeva bildirib.

Bu açıqlama həm də onu göstərir ki, rəsmi Bakı BTQ-nin fəaliyyətinə təkcə ideoloji deyil, həm də geosiyasi revanş kontekstində yanaşır, xüsusilə də 2020-ci ildən sonra Fransa ilə münasibətlərin pisləşməsi fonunda.
2023-cü ildə Fransanın Qarabağ münaqişəsi ilə bağlı Bakını kəskin tənqid etməsi, Azərbaycan isə qarşılığında Fransa müstəmləkələrində insan haqları pozuntularını ifşa etməyə çalışması ilə qarşılıqlı “legitimlik müharibəsi” başlandı.
Yeni Kaledoniya: tarixi müqavimət və son dönüş
Yeni Kaledoniya 1853-cü ildə Fransa tərəfindən işğal olunub və uzun müddət cərimə koloniyası kimi istifadə edilib. Yerli Kanak xalqı əsrlər boyu mədəni və siyasi hüquqlardan məhrum edilib.
Təxminən 270 min əhalisi olan, əhalisinin 40 faizindən çoxunu yerli Kanaklar təşkil edən bu ərazi Fransa dənizaşırı ərazisidir. 1980-ci illərdə baş vermiş vətəndaş qarşıdurmasından sonra “Noumea” razılaşması çərçivəsində 1998-ci ildən başlayaraq burada muxtariyyət mərhələli şəkildə artırıldı.

2018, 2020 və 2021-ci illərdə keçirilmiş üç müstəqillik referendumunda “müstəqilliyə yox” cavabı çıxsa da, son referendum Kanaklar tərəfindən boykot edildiyi üçün nəticəsi beynəlxalq səviyyədə mübahisəli sayılır.
İyul ayında imzalanan yeni razılaşmaya əsasən, Yeni Kaledoniya Fransa tərkibində qalmaqla konstitusion statuslu “dövlət” elan olunur, yeni vətəndaşlıq institutu yaradılır və gələcəkdə beynəlxalq tanınma imkanları müzakirəyə açılır.
BTQ-nin susqunluğu və “dekadent dekolonizasiya” ritorikası
Maraqlıdır ki, bu razılaşma ətrafında qlobal medianın, Kanak liderlərinin və Fransa hökumətinin aktiv reaksiyalarına baxmayaraq, BTQ-dən heç bir mövqe açıqlaması verilməyib. Halbuki 2023-2024-cü illərdə Yeni Kaledoniya ilə sıx əlaqələr qurulduğu, parlamentlərarası sənədlər imzalandığı və BTQ-nin nümayəndələrinin BMT tribunalarında Kanakların hüquqlarını müdafiə etdiyi görünürdü.
Bu, həm də təşkilatın fəaliyyəti ətrafında yaranan şübhələri gücləndirir. Halbuki bu razılaşma BTQ-nin dəstək verdiyini iddia etdiyi hərəkat üçün böyük dönüş nöqtəsi hesab oluna bilərdi.
Bununla yanaşı, 2025-ci ilin mayında Tiranada keçirilən beynəlxalq görüşdə Prezident İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makron arasında gülərüz dialoq və barışıq jestləri müşahidə edilib. Bu hadisədən sonra BTQ-nin fəallığında durğunluq müşahidə olunmağa başlayıb.

BTQ 2023-cü ildən etibarən Yeni Kaledoniyadan olan müstəqillik fəalları ilə konfranslar keçirib, bəyanatlar yayıb, hüquqi xərclərə dəstək göstərib.
2024-cü ilin aprelində BTQ ilə Yeni Kaledoniyanın separatçı qanadından olan deputat arasında əməkdaşlıq memorandumu imzalansa da, yeni seçilmiş parlament sədri Veylma Falaeo bu sənədi ləğv etdiyini bəyan edib və onu “xarici müdaxilə” kimi qiymətləndirib. Bu isə Azərbaycanın təşəbbüsünün həm hüquqi baxımdan zəif, həm də legitimlik problemi yaşadığını göstərir.
Tənqidçilər BTQ-nin fəaliyyətində selektiv yanaşmanı qabardırlar. Məsələn, hazırda həbsdə olan politoloq Bəhruz Səmədovun “OC Media”-da yayılan açıqlamasında deyilir ki, Azərbaycanın bu təşəbbüsü Fransa ilə geosiyasi toqquşmanın bir hissəsidir və digər müstəmləkəçi güclərə qarşı eyni həssaslıq nümayiş olunmur. Taxirçilər, Cəmil Həsənli və Altay Göyüşov da BTQ-nin fəaliyyətini daxili təbliğat və Qərbə qarşı siyasi oyun kimi qiymətləndirirlər.
“OC Media” yazır ki, BTQ-nin maliyyə və təşkilati dəstəyi ilə əlaqəli olan fəallar Yeni Kaledoniyada baş verən iğtişaşlara görə həbs edilib. Eyni zamanda, Azərbaycan müxalifətindən olan Cəmil Həsənli də bu təşəbbüsü “absurd” adlandıraraq, “daha kasıb ölkənin daha zəngin bir əraziyə azadlıq verməsi” ideyasını ironik qarşılayıb.
- Əbu-Dabi görüşü: Azərbaycan və Ermənistan Rusiyasız sülhə nə qədər yaxındır?
- Ermənistan xüsusi xidmət orqanları dövlət çevrilişinin qarşısını alıb: sübutlar dərc olunub
- Zəngəzur dəhlizi yenidən gündəmdə: ABŞ planı və Azərbaycan – Rusiya münasibətlərindəki gərginliyin mümkün səbəbləri
Prezident Əliyevin ritorikası və geosiyasi məqsədlər
2023-cü ilin iyulunda Bakıdakı Qoşulmama Hərəkatının sammitində Prezident İlham Əliyev Fransa kolonializmini sərt şəkildə tənqid etmiş və Makronu keçmiş müstəmləkə ölkələrindən üzr istəməyə çağırmışdı. Fransa daxilində baş verən irqi ayrı-seçkilik, Quran yandırma hadisələri və hüquq-mühafizə orqanlarında diskriminasiya kimi məsələləri də vurğulamışdı.
Eyni zamanda, Prezident Əliyev Fransanı Cənubi Qafqazda da neokolonial siyasət aparmaqda, xüsusilə Qarabağ məsələsində Ermənistanı dəstəkləməklə, ittiham etmişdi.
Bu kontekstdə BTQ-nin yaranması da Azərbaycan-Fransa münasibətlərinin pik həddə gərginləşdiyi dönəmə təsadüf edir və siyasi ritorika ilə real fəaliyyətin birləşdirildiyi bir vasitə kimi qiymətləndirilə bilər.
Nəticə: diplomatik təşəbbüs, yoxsa geosiyasi simulyasiya?
Azərbaycan hökumətinin BTQ vasitəsilə həyata keçirdiyi “dekolonizasiya təşəbbüsləri” hazırda təkamül və ya tənəzzül nöqtəsindədir. Yeni Kaledoniya ilə bağlı “tarixi dönüş” məqamında təşkilatın susqunluğu və tənqidlər göstərir ki, bu siyasət real bir anti-kolonial hərəkatdan çox, Fransaya qarşı yürüdülən simvolik və selektiv diplomatik ritorikadır.
Yeni Kaledoniyada baş verən son razılaşma BTQ-nin uzun müddətli fəaliyyətini və Azərbaycanın bu istiqamətdəki diplomatik xəttini praktiki olaraq kənarda qoyur. Bu isə Bakı Təşəbbüs Qrupunun real təsir imkanları ilə bağlı suallar doğurur və onun daha çox rəmzi-siyasi funksiyaya xidmət etdiyini ortaya qoyur.
Əgər BTQ bundan sonra da qlobal dəstək və legitimlik qazanmaq istəyirsə, yalnız Fransa əleyhinə yönəlmiş aksiyalarla deyil, ümumi kolonial mirasın, hüquqi mexanizmlərin və real ictimai həmrəyliyin təmininə yönəlməli olacaq.