Azərbaycan-İsrail münasibətləri və Suriyada "neytrallıq": Cənubi Qafqazdan Yaxın Şərqə uzanan diplomatiya
Azərbaycanın Yaxın Şərqdə artan rolu
Son zamanlar Azərbaycanın xarici siyasətində diqqət çəkən yeni istiqamətlərdən biri, Yaxın Şərqdə, xüsusilə Suriyada, artan iştirakıdır.
Əgər əvvəllər Azərbaycan diplomatiyası əsasən Cənubi Qafqaz və enerji ixracı üzərində qurulmuşdusa, bu gün Bakı həm region daxilində, həm də onun kənarındakı geosiyasi hadisələrə fəal şəkildə daxil olur. Xüsusilə Suriyanın keçid dövrü prezidenti Əhmad Əl Şaraanın Bakıya səfəri və Azərbaycanın bu ölkədə enerji sektoruna daxil olmaq planları bu prosesin rəsmi başlanğıcı kimi dəyərləndirilə bilər.
Lakin bu təşəbbüs təkcə iqtisadi deyil, həm də geosiyasi çalarlar daşıyır və Azərbaycanın İsraillə olan sıx əməkdaşlığı bu kontekstdə mühüm rol oynayır.
İran-Suriya münasibətləri və Azərbaycanın yeni balans siyasəti
İran və Suriya arasında strateji müttəfiqlik 1979-cu ildən bəri davam edir. İran İslam Respublikasının Yaxın Şərqdə əsas müttəfiqlərindən biri olmuş Suriya, həm İran-İraq müharibəsində, həm də Bəşər Əsəd rejiminin qorunmasında mühüm rol oynayıb.
Lakin 2024-cü ilin sonlarında Əsəd rejiminin devrilməsi və keçid hökumətinin hakimiyyətə gəlməsi ilə bu münasibətlər sarsılıb. Yeni rəhbərlik İrandan uzaqlaşmaq, regionda yeni tərəfdaşlar tapmaq siyasəti yürütməyə başlayıb.

Bu siyasi vakum fonunda Azərbaycan ortaya çıxır. Bakı həm İranla tarazlı, həm də İsraillə dərinləşən münasibətlər fonunda Suriyada potensial “neytral vasitəçi” statusu əldə etməyə çalışır. Tehranla münasibətləri gərginləşdirmədən Suriyada enerji layihələrinə daxil olmaq Azərbaycanın diqqətlə hesablanmış strateji balans oyununu göstərir.
Ötən həftə Bakıda baş tutan görüş zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikasının Hökuməti arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu sənəd birgə layihələrin həyata keçirilməsi, texniki dəstək, mütəxəssis hazırlığı və investisiya imkanlarının dəyərləndirilməsini əhatə edir. Eyni zamanda razılaşmalara əsasən, Azərbaycan təbii qazı Türkiyə ərazisindən keçməklə Suriyaya ixrac olunacaq.
Bu razılaşmalar Azərbaycanın həm iqtisadi maraqlarını genişləndirməsi, həm də İranla münasibətlərində yeni bir konsensus yaratması baxımından əhəmiyyətlidir. Çünki İran da Suriyada iqtisadi və dini təsirlərə malik bir aktor olaraq, Azərbaycanın neytral mövqeyini hələlik qəbul edəcək kimi görünür.
İsrail-Azərbaycan münasibətləri: strateji tərəfdaşlıqdan kəşfiyyat əməkdaşlığına

Azərbaycan və İsrail arasında münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır, bu tərəfdaşlıq dərin strateji, siyasi texnologiya və təhlükəsizlik sahələrinə qədər uzanır. İki ölkə arasında münasibətlər 1990-cı illərin ortalarından başlayaraq güclənib və xüsusilə İlham Əliyevin 2003-cü ildə prezident seçilməsindən sonra bu əlaqələr intensivləşib.
Adının çəkilməsini istəməyən azərbaycanlı jurnalistin “JAMnews”a verdiyi açıqlamaya görə, 2003-cü ildən etibarən Azərbaycan siyasətinin arxa planında çalışan əsas strateqlər İsraildən dəvət olunmuş siyasi texnoloqlardır.
Jurnalistin sözlərinə görə ata Əliyevin bu cür dəstəyə ehtiyacı yox idisə, gənc və təcrübəsiz oğul Əliyev bu barədə köməyə möhtac idi.
“Bu texnoloqlar yalnız seçki kampaniyalarında deyil, eyni zamanda media strategiyalarının qurulmasında, informasiya müharibəsində və ictimai rəyin yönləndirilməsində mühüm rol oynayırlar. Onlar bu prosesi Bakıdan koordinasiya edir və siyasi gündəmin formalaşmasında birbaşa iştirak edirlər”.
Eyni zamanda, ekspertlər qeyd edir ki, İsrail Azərbaycanın dövlət təhlükəsizliyi strukturlarına, xüsusilə Prezidentin Mühafizə Xidmətinə, texniki və məsləhətçi dəstək verir. Bu, iki ölkə arasında yüksək etimad səviyyəsini və strateji koordinasiyanı göstərir. İsrailli şirkətlər Azərbaycanın təhlükəsizlik infrastrukturuna və kiber sahəsinə dəstək verir və bu əməkdaşlıq 2020-ci il müharibəsi zamanı daha da dərinləşib.
Qarabağ müharibəsi kontekstində İsraildən alınan silahların və kəşfiyyat texnologiyalarının Azərbaycan ordusunun uğurlarında mühüm rol oynadığı dəfələrlə vurğulanıb. Bu əməkdaşlıq, xüsusilə pilotsuz uçuş aparatları və raket sistemləri sahəsində, Azərbaycanın hərbi üstünlüyünü təmin edən əsas amillərdən biri kimi dəyərləndirilir. İkinci Qarabağ müharibəsi dövründə İsrail texnologiyasının rolu xüsusi qeyd olunur.
Bu münasibətlərin bir digər mühüm istiqaməti enerji sahəsidir.
Azərbaycan İsrailin neft ehtiyacının 40-60 faizini təmin edən əsas tədarükçülərdən biridir. Enerji təhlükəsizliyi sahəsində yaranmış qarşılıqlı asılılıq, münasibətləri daha da strateji səviyyəyə qaldırır. BTC boru kəməri vasitəsilə həyata keçirilən bu ixrac, həm də regional logistik şəbəkələrin sabitliyini təmin edir.
Lobbiçilik sahəsində isə, İsrailin ABŞ və digər Qərb ölkələrindəki təsirli yəhudi diasporası Azərbaycan üçün mühüm diplomatik kanal funksiyasını daşıyır. AIPAC və digər güclü lobbi qrupları 2002-ci ildə Azərbaycana tətbiq edilən yardım məhdudiyyətlərinin aradan qaldırılmasında mühüm rol oynamış, sonrakı illərdə isə Azərbaycanın beynəlxalq platformalarda mövqelərinin güclənməsinə dəstək vermişdir.
Bu gün Azərbaycan və İsrail arasında münasibətlər yalnız iki dövlət arasındakı əlaqələr deyil, həm də regional güc balansında tərəf seçmək məcburiyyətində qalmadan oynanan mürəkkəb strateji oyunun nəticəsidir. Bu münasibətlər, Azərbaycanın həm regional, həm də beynəlxalq səviyyədə artan nüfuzunun əsas dayaqlarından birinə çevrilib.
Azərbaycan-Suriya əməkdaşlığı: geosiyasi fürsət, yoxsa təhlükəli yaxınlıq?

Suriya ilə yeni yaranmış əməkdaşlıq Bakının Yaxın Şərqdə nüfuzunu artırmaq və öz enerji şirkəti olan SOCAR vasitəsilə yeni bazarlara daxil olmaq istəyindən xəbər verir. “Al-Monitor”da yer alan təhlildə türkiyəli ekspert Sinan Ülgen bildirir ki, Azərbaycanın Suriyadakı iqtisadi iştirak planları, xüsusən neft və qaz sahəsində, təkcə iqtisadi deyil, həm də diplomatik təsir aləti kimi işləyə bilər.
Azərbaycanlı siyasi şərhçilər də bu əməkdaşlığın Azərbaycanın Yaxın Şərqdə mövqeyini gücləndirdiyini qeyd edir. Onların fikrincə, Bakı həm İsrail, həm də Suriya ilə paralel əlaqələr saxlayaraq “qızıl orta” mövqe tutur.
Lakin bu proseslər tənqidsiz deyil. Ermənistan mənbələri və bəzi sosial media istifadəçiləri Azərbaycanın bu siyasətini “ikili oyun” adlandırır. Onların fikrincə, Azərbaycan eyni anda həm İsrail, həm də Suriyanın yanında olmaqla bölgədə qeyri-etik siyasət yürüdür. Həmçinin, SOCAR-ın İsrailə neft satışı Türkiyədə etirazlarla qarşılanır.
Nəticə: Azərbaycanın böyüyən regional rolu
Azərbaycanın həm İsrail, həm də Suriya ilə paralel əməkdaşlıq qurması, onun Yaxın Şərqdəki yeni rolunu formalaşdırır. İsraillə strateji tərəfdaşlıq, enerji və təhlükəsizlik sahəsində əməkdaşlıqla müşayiət olunursa, Suriya ilə əlaqələr daha çox iqtisadi və diplomatik manevrlər üzərində qurulub. Bu, Azərbaycanın özünü neytral vasitəçi kimi təqdim etməsinə və həm regional, həm də qlobal diplomatiyada daha aktiv rol oynamasına imkan verir.
Lakin bu imkanlar həm də risklər ehtiva edir. Əvvəla, Azərbaycan həm İran, həm İsrail, həm də Suriya ilə eyni vaxtda həssas əlaqələr saxlayır və bu münasibətlərin biri pozularsa, digərləri də zərər görə bilər. İkincisi, Azərbaycanın Suriya bazarına daxil olması regiondakı digər aktorların, xüsusilə İran və Rusiya kimi güclərin, narazılığına səbəb ola bilər.
Üçüncüsü, SOCAR-ın Yaxın Şərqdəki fəaliyyətləri artıq Türkiyə və ərəb dünyasında müəyyən dairələrdə mənfi rezonans doğurur və bu, Azərbaycanın diplomatik reputasiyasına təsir edə bilər. Dördüncüsü, İsraillə əməkdaşlığın dərinləşməsi Azərbaycanın bəzi müsəlman ölkələri ilə münasibətlərinə mənfi təsir edə bilər.
Bütün bu risklərə baxmayaraq, Bakı balanslı siyasət yürütmək və bölgədəki geosiyasi dəyişikliklərə çevik şəkildə reaksiya verməklə öz mövqeyini gücləndirməyə çalışır. Azərbaycanın Cənubi Qafqazdakı rolundan çıxaraq Yaxın Şərqdə aktiv oyunçuya çevrilmək istəyi onun yeni regional ambisiyalarını göstərir.
Azərbaycanın Yaxın Şərqdə artan rolu