Talışlara qarşı separatçılıq iddiaları: “Lankon” kimə mane olur?
Azərbaycanda talışların üzləşdiyi çətinliklər
Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadənin sosial şəbəkədə yazdığı toponimlərlə bağlı statuslar Azərbaycanda yaşayan Talış icmasına qarşı yönəlmiş ictimai və siyasi ritorikanı yenidən aktuallaşdırdı.
Onun “Gündəlik yazışmalarda və sosial şəbəkədə Lənkəran niyə “Lankon”, Astara niyə “Ostoro” yazılır?” kimi sualları sosial mediada müzakirələrə səbəb olub. Bu çıxışlarla bağlı əsas fikir “hökumətin qeyri-rəsmi sözcüsü rolunda çıxış edən siyasətçilərin vasitəsilə ictimai rəyin test edilməsi” oldu.
Ağazadə sosial media paylaşımında bu toponimlərdən istifadənin məqsədli təbliğat ola biləcəyini irəli sürdü və bəzi şəxsləri separatçı fəaliyyətlərdə ittiham edərək, onların 44 günlük müharibə və “antiterror əməliyyatı” dövründə susduğunu qeyd etdi. Onun fikrincə, “Talış toponimləri” vasitəsilə siyasi mövqe nümayişi təsadüfi deyil. Bu ittihamlar Talış kimliyi ilə bağlı mövqelərin təhlükəli çərçivəyə salındığını göstərir.
Onun bu ritorikası əks-səda doğurdu və ona yönəlmiş həm Talş icmasından, həm də sıravi şəxslər tərəfindən olan ictimai cavablar məsələnin daha dərin struktur problemləri ilə bağlı olduğunu ortaya qoydu.
Ritorikanın konteksti və siyasi oxunuş

Ağazadənin paylaşımı bir tərəfdən dövlət dilinin vahid tətbiqinə çağırış kimi təqdim edilsə də, digər tərəfdən azsaylı xalqlara qarşı simvolik basqı və kimlik inkarı kontekstində dəyərləndirildi.
Siyasətçinin bu məsələdə “toponimlər vasitəsilə təbliğat” və “separatçı mövqelər” ifadələrindən istifadə etməsi, ritorikanın sadəcə dil məsələsi ilə məhdudlaşmadığını göstərir.
İqbal Ağazadənin statusları sadəcə bir sözün necə deyilməsi ilə bağlı deyil. Onlar, əslində, Azərbaycanın çoxmillətli cəmiyyəti üçün təhlükəli bir ritorikanın kodlarını daşıyır. “Digərlərinin dili”nə qarşı inkar ritorikası cəmiyyətin etnik müxtəlifliyini yox, onu susdurmağa xidmət edən dövlət ideologiyasını önə çıxarır.
Cəmiyyətin ziyalı və fəal təbəqəsi isə bu yanaşmanın qarşısında dayanaraq, Talış dilinin və toponimlərinin nə qədər canlı, tarixi və hüquqi əsaslı olduğunu sübut etməyə çalışır.
“Qamış evlər” və “yaddaşın silinməsi”
Ağazadənin statusuna sosial mediada verilən cavablardan biri Lənkəranda yaşayan Ənvər Şahqubadbəyliyə aiddir. O, Lənkəranın Talış dilində “Lankon” kimi səsləndirilməsinin tarixilik daşıdığını və “qamış evlər” anlamına gəldiyini qeyd edib. Onun fikrincə, bu söz sadəcə dildəki bir fonetik fərq deyil, Talışların ərazidəki köklərini əks etdirən bir mədəni izdir:
“Mən 64 ildir Lənkəranda yaşayıram. Talışlar Lənkərana “Lankon”, Astaraya “Ostoro” deyir. Bu, onların ana dilidir. Sən (İqbal Ağazadəyə ünvanlanan) bunu onun yaddaşından necə silərsən?”
O, bu tip qadağavari ritorikaların nəticələrinin ağır olduğunu vurğulayıb və Əlikram Hümbətov kimi fiqurların ortaya çıxmasının da məhz bu cür münasibətlərlə əlaqəli olduğunu xatırladıb.
“Boş dövlətçilik siyasəti”
İqbal Ağazadəyə daha sərt və ironik cavab fəal Emin Nihildən gəlib. O, bu yanaşmanı köhnə sovet tipli dövlətçilik stereotipləri ilə eyniləşdirib:
“Eyni nəsil siyasətçilərin simasıdır: qoyasan hamısı eyni bostandan çıxmış xiyar kimi boş-boş dövlətçilik, millətçilik və köhnə stereotiplərlə danışsın”.
Emin Nihil, əslində, bu ritorikanın yalnız talışlara deyil, Azərbaycandakı bütün azsaylı xalqlara və ümumilikdə plüralizmin özünə qarşı olduğunu ifadə edib. Onun fikrincə, dövlət dilinin mövcudluğu digər dillərin susdurulması üçün bəhanə ola bilməz.
“Bu qədər assimilyasiya bəs etmədi?”
Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasının rəhbəri Seymur Ağayev isə İqbal Ağazadənin ritorikasını “birbaşa və ya dolayı separatizmə xidmət” kimi qiymətləndirib:
“Bu qədər ildə Talışların assimilyasiyası, statistikada sayının süni şəkildə azaldılması bəs etmədimi? İndi də Talışın tarixi toponimlərinə göz dikmisiniz?”
Seymur Ağayev Talış dilinin tədris olunmaması, Talış bölgəsində infrastrukturun geri qalması, işsizlik və dilə rəsmi status verilməməsi fonunda toponimlərlə bağlı ritorikanı “təhqir” kimi dəyərləndirib. O, statusun “erməni ilə talışı eyniləşdirməsi”ni isə “xalqın kimliyinə qarşı hücum” adlandırıb.
Ağazadənin cavab yazısı
Gələn tənqidlərdən sonra İqbal Ağazadə ikinci status paylaşaraq öz mövqeyini izah etməyə çalışıb. O, azsaylı xalqlara qarşı nifrət bəsləmədiyini və Azərbaycandakı müxtəlif xalqları ölkənin “rəng simfoniyası” kimi sevdiyini qeyd edib. Lakin eyni zamanda, toponimlərin “dövlət dilində yazılması zərurəti”ni vurğulayaraq, bunun “təhlükəli təbliğat” forması aldığını bildirib.
Bu status vəziyyəti daha da gərginləşdirib. Çünki ictimaiyyətin böyük hissəsi artıq onun ilk çıxışını təsadüfi saymır, onu dövlətin qeyri-rəsmi test ritorikası kimi dəyərləndiririr.
Talış dilinin statusu və təhsil problemləri

Talış dili Azərbaycanda rəsmi statusa malik deyil. Hazırda yalnız regionda yerləşən ibtidai məktəblərdə həftədə 2 saatlıq seçmə fənn kimi tədris oluna bilər. Lakin bu dərslər bir çox məktəbdə faktiki olaraq keçirilmir. Orta və ali təhsildə isə Talış dili üzrə tədris mövcud deyil.
Təhsil Nazirliyi tərəfindən nəşr olunmuş dərsliklər ya köhnəlmişdir, ya da müasir pedaqoji standartlara cavab vermir. 2023-cü ildə nəşr olunan yeni dərsliyin də Talış icması ilə məsləhətləşmədən hazırlanması tənqidlərə səbəb olub.
Dil üzrə müəllim hazırlığı proqramı da mövcud deyil. Metodik vəsait, terminoloji lüğət və dialektlər arasında uyğunlaşdırma materiallarının çatışmazlığı ümumi tədris səviyyəsinə mənfi təsir göstərir. Müəllim çatışmazlığı da ciddi problemdir. Mövcud müəllimlər çox vaxt dilin qrammatikası və standart forması üzrə yetərli hazırlığa malik deyillər. Müəllim hazırlığı üzrə dövlət proqramları yoxdur.
Talış dili müxtəlif dialektlərə bölünür (Lənkəran, Astara, Lerik və s.), lakin vahid standartlaşdırılmış forma mövcud deyil. 1990-cı illərdə Azərbaycan əlifbası əsasında bir yazı sistemi qəbul olunsa da, bu sistem geniş tətbiq tapmayıb. Bu da təhsildə vahid kurikulumun hazırlanmasını çətinləşdirir.
Talış dili, Azərbaycanın Talış bölgəsində (Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonları) yaşayan Talış xalqının ana dilidir və şimal-qərbi İran dil qrupuna aiddir. UNESCO tərəfindən “təhlükə altında” olan dil kimi təsnif edilən bu dilin daha geniş tədrisi Azərbaycanda tez-tez separatizm və ya xarici təsirlərlə (İran və Ermənistan) əlaqələndirilir. Bu da əsasən hökumətə bağlı kanallar vasitəsilə dilə gətirilir. Özəl təşəbbüslər, məsələn, dil kursları və ya dərnəklər, tez-tez nəzarət və təzyiqlərlə üzləşir. Ana dili ilə bağlı təşkil elədikləri tədbirlərə polis basqını edilir, təşkilinə imkan verilmir.
Azərbaycanda Talış dilində danışanların sayı dəqiq bilinmir, çünki rəsmi statistika bu məlumatı əks etdirmir. Təxmini hesablamalara görə, Talışlar Azərbaycan əhalisinin təxminən 2-3%-ni təşkil edir (təqribən 112,000 nəfər, lakin qeyri-rəsmi rəqəmlər 800,000-ə qədər dəyişir).
Talışlar çox vaxt ikidilli olurlar: Azərbaycan dilini rəsmi və təhsil dili kimi, Talış dilini isə evdə və icma daxilində istifadə edirlər. Lakin Azərbaycan dilinin dominantlığı və rəsmi təhsildə Talış dilinə yer verilməməsi dilin funksionallığını məhdudlaşdırır. Azərbaycan Konstitusiyasına görə digər dillərin inkişafı üçün şərait yaradılmalıdır, lakin praktikada Talış dili rəsmi statusa malik deyil və dövlət tərəfindən sistemli dəstək görmür.
Mədəniyyət və mediada məhdudiyyətlər

Talış folkloru, musiqisi və şifahi ədəbiyyatı zəngin olsa da, bu irsin ifadə imkanları məhduddur. Talış dilində qəzetlər, radio və televiziya proqramları ya tamamilə mövcud deyil, ya da məhdudlaşdırılıb.
Qeyri-rəsmi təşəbbüslər isə dövlət tərəfindən “separatizmə zəmin” kimi dəyərləndirilərək nəzarət altına alınır. Yerlərdə keçirilən mədəni tədbirlər də ya rəsmi nəzarətdə olur, ya da ümumiyyətlə icazə verilmir.
Bu siyasət yalnız mədəniyyətə yox, ictimai yaddaşa da təsir edir. Toponimlərin dəyişdirilməsi və yerli adların şübhə ilə qarşılanması, kollektiv yaddaşın sıradan çıxarılması strategiyası kimi görünür.
Talış fəallar və repressiya təcrübəsi
Talış hüquq müdafiəçiləri və mədəni fəallar zaman-zaman dövlətin hədəfinə çevriliblər:
- Novruzəli Məmmədov, Filologiya elmləri doktoru, Talış dilində jurnal nəşr etdiyinə görə 2007-ci ildə casusluqla ittiham edilərək həbs olunub və 2009-cu ildə həbsxanada ölüb. Ölümü hüquq müdafiəçiləri və talış fəallar tərəfindən müəmmalı hesab edilir.
- Hilal Məmmədov, “Haray haray mən Talışam” videosu ilə tanınıb, 2012-ci ildə “dövlətə qarşı fəaliyyət” ittihamı ilə həbs olunub.
- Fəxrəddin Abboszoda “etnik, milli, dini ayrıseçkilik törətməkdə” ittiham edilib. 2020-ci ilin 8 mayında, həbsxanada intihar etdiyi bildirildi. Rəsmi açıqlama belə idi: “Fəxrəddin Abbaszadə Şuşanın işğaldan azad edilməsinə dözməyərək intihar etdi”. Hüquq müdafiəçiləri onun da ölümü müəmmalı hesab etdilər.
- İqbal Əbilov, etnik araşdırmaları ilə tanınan gənc elm adamı, “dövlətə xəyanət” ittihamı ilə 18 il həbs cəzasına məhkum edilib. Əsas olaraq məqalələrinin Ermənistana aid akademik məcralarda dərci və erməni elm adalmları ilə əlaqələri göstərilib, günahı sübuta yetirilməyib. Siyasi məhbus kimi tanınır.
Bu hallar Talış fəallığının siyasi təhlükə kimi qiymətləndirilməsi tendensiyasını gücləndirib.
Ritorikada ermənilərlə paralellər və Əlikram Hümbətov amili
Talış dilinin və toponimlərinin gündəmə gətirilməsinin Ermənistanla assosiasiya edilməsi Azərbaycan siyasi diskursunda tez-tez rastlanan yanaşmadır. Əlikram Hümbətovun 1993-cü ildə elan etdiyi 2 aylıq Talış-Muğan Muxtar Respublikası bu kontekstdə tez-tez xatırladılır. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bu təşəbbüs ləğv olunmuş və Hümbətov əvvəlcə həbs edilmiş, 2004-cü ildə əfv edilmiş, sonra isə ölkədən çıxmağa məcbur olmuşdu. Ömrünü Niderlandda, siyasi mühacir kimi başa vurub.
Hümbətovun fəaliyyəti rəsmi olaraq separatizm kimi qiymətləndirilib. Lakin “Amnesty International” və Avropa Şurası onun siyasi məhbus kimi tanıyıb. Hümbətovun sonrakı fəaliyyəti əsasən mədəni və hüquqi haqların müdafiəsinə yönəlib.
Partiya sədri İqbal Ağazadənin yazısında Talış dilində danışanları “Dağlıq Qarabağ”dakı separatçı dövlətlə bağlaması xüsusilə tənqid olunub. Əlikram Hümbətovun elan etdiyi Talış-Muğan Muxtar Respublikası, Ermənistanın bu prosesi dəstəklədiyi iddiaları ilə hələ də ictimai diskursda qorxu yaratmaq üçün istifadə olunur.
Lakin müstəqil tədqiqatçılar və hüquq müdafiəçiləri bildirir ki, Talış fəallığının böyük əksəriyyəti, həmçinin Muxtar Respublika iddiaları hüquqi və mədəni haqlar çərçivəsindədir və Ermənistanla əlaqəsi yoxdur.
Azərbaycanda talışların üzləşdiyi çətinliklər