Azərbaycanın Mərkəzi Asiya məşvərət görüşlərinə tam üzvlüyü: regional təsirləri və perspektivlər
Azərbaycan Mərkəzi Asiya oldu
Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü Azərbaycan üçün yeniliklə yadda qalıb. Bu görüşdə Azərbaycanın tamhüquqlu üzv kimi iştirakına dair qərar qəbul olunub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu addımı “tarixi bir gün” adlandıraraq vurğulayıb ki, Azərbaycanı formata qəbul etməklə “Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında güclü bir körpü qurulacaq və vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacaq”.
Onun sözlərinə görə, bu qərar hər iki regionun strateji bağlılığını gücləndirəcək.
İlham Əliyevin çıxış etdiyi bu sammit xəbəri rəsmi dairələr tərəfindən ölkənin xarici siyasətində mühüm nailiyyət kimi dəyərləndirilib. Müşahidəçilər qeyd edirlər ki, Azərbaycanın Mərkəzi Asiya məsləhətləşmə formatına tam üzv olması ölkənin regiondakı rolunun yenidən müəyyənləşməsinə yol açır.
Yerli media bu addımı Azərbaycanın sadəcə Qafqaz bölgəsi deyil, daha geniş coğrafiyanın – Mərkəzi Asiyanın da ayrılmaz bir parçası kimi çıxış etməyə başlaması kimi təqdim edib. Analitiklər vurğulayırlar ki, bu qərar simvolik jest olmaqdan daha artığdır. Bildirilir ki, bu, Azərbaycan üçün real strateji transformasiyanı ifadə edir və ölkəni Mərkəzi Asiyada etibarlı və güclü tərəfdaş kimi təsdiqləyir.
“JAMnews”un bu materialında istifadə olunan terminlər və toponimlər, fikir və ideyalar yalnız konkret yazı müəllifinin şəxsi mövqeyini və ya konkret icmanın mövqeyini əks etdirir və heç də həmişə “JAMnews” və onun ayrı-ayrı əməkdaşlarının mövqeyi və fikri ilə üst-üstə düşmür.
Mərkəzi Asiyaya inteqrasiyanın arxasında duran motivlər

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə qatılmaq qərarının arxasında bir sıra siyasi və iqtisadi motivlər dayanır. İlk növbədə, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyünün bərpasından sonra, Azərbaycan yeni xarici siyasi prioritetlər formalaşdırmağa başlayır. Hökümət artıq illərdir yürüdülən “balanslı xarici siyasətini” (nə tam Qərblə, nə də tam Rusiya ilə ittifaq siyasətini) davam etdirərək bölgədə yeni strateji imkanlar axtarır.
Rusiya-Ukrayna müharibəsinin və ümumən böyük güclər arasında rəqabətin gücləndiyi bir şəraitdə Mərkəzi Asiya Azərbaycan üçün nisbətən neytral, sabit və fürsətlərlə dolu bir məkan kimi ön plana çıxıb. Bakı üçün bu region, Qərb və Rusiya arasındakı qarşıdurmadan kənarda qalaraq öz milli maraqlarını irəli sürmək üçün əlverişli platforma təqdim edir.
İqtisadi, enerji və nəqliyyat amilləri də Azərbaycanın bu təşəbbüsə qoşulmasında həlledici rol oynayıb. Son illərdə xüsusilə Rusiyadan keçən ənənəvi şimal marşrutlarına alternativ kimi Orta Dəhliz adlanan Trans-Xəzər nəqliyyat marşrutu ön plana çıxıb.
Azərbaycan və Mərkəzi Asiya ölkələri bu yolla Şərqlə Qərb arasında yükdaşımaların əsas həlqəsinə çevrilirlər. İlham Əliyevin sözlərinə görə, son üç ildə Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən daşınan yüklərin həcmi 90% artıb. Bu da regionun logistika potensialının sürətlə artdığının göstəricisi kimi qiymətləndirilir.
Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə birgə beynəlxalq nəqliyyat layihələrində iştirak etmək öz ərazisindən keçən ticarət axınlarını daha da artırmaq deməkdir. Bakı dərk edir ki, Xəzər dənizi vasitəsilə Orta Asiyanın Çinə, Cənubi Asiyaya və Orta Şərqə çıxışı nə qədər rahat və təhlükəsiz olarsa, ölkənin tranzit gəlirləri və strateji əhəmiyyəti bir o qədər yüksələcək.
Enerji sahəsindəki gözləntilər
Mərkəzi Asiya dünya üzrə zəngin neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan öz enerji infrastrukturu (məsələn, TANAP və BTC boru xətləri) vasitəsilə bu ehtiyatların Qərb bazarlarına çıxarılmasında rol oynaya bilər. Xəzərin iki sahilinin enerji şəbəkələrinin birləşdirilməsi illərdir müzakirə mövzusudur. İndi Azərbaycan bu formatda iştirak etməklə, Türkmənistan və Qazaxıstan kimi ölkələrlə enerji ixracında əməkdaşlığı inkişaf etdirmək fürsəti qazanır.
Üstəlik, regional inteqrasiya sayəsində Azərbaycanın öz qeyri-neft ixracını Mərkəzi Asiya bazarlarına çıxarmaq, həmçinin həmin ölkələrdən investisiyalar cəlb etmək imkanları genişlənə bilər. Nəqliyyat sahəsində ortaq infrastruktur layihələri (məsələn, Orta Dəhlizin modernizasiyası, yeni dəmir yolu xətlərinin çəkilməsi) üçün beynəlxalq maliyyə qurumlarından (Avropa İttifaqının Global Gateway təşəbbüsü çərçivəsində ayrılan vəsaitlər kimi) böyük yatırımlar cəlb olunur.
Bu layihələrdə birgə iştirak Azərbaycan iqtisadiyyatı üçün yeni nəfəs demək ola bilər. Beləliklə, siyasi neytrallıq, iqtisadi qazanc və enerji təhlükəsizliyi kimi amillər Azərbaycanın bu təşəbbüsə qoşulmaq motivlərinin əsasını təşkil edir.
Hansı fürsətlər mümkündür?
İlk növbədə, bu üzvlük ölkənin regional və beynəlxalq arenadakı nüfuzunu artırır. Tam üzv statusu sayəsində Bakı artıq Mərkəzi Asiya dövlətlərinin qərar qəbuletmə prosesində yaxından iştirak edə biləcək və bölgədə gedən proseslərə birbaşa təsir göstərmək imkanı qazanacaq.
Yeni formatda iştirak iqtisadi və nəqliyyat sahələrində fürsətlər açır. Azərbaycan coğrafi mövqeyinə görə Avropa və Asiya arasında təbii körpü rolundadır. İndi bu rol rəsmi regional çərçivədə tanınaraq Orta Asiya ilə daha koordinasiyalı layihələrə çevrilə bilər. Məsələn, Orta Dəhlizin inkişafı üzrə ortaq strateji planlaşdırma aparmaq mümkündür. Artıq Daşkənd sammitində region liderləri 2035-ci ilə qədər Mərkəzi Asiyada iqtisadi inteqrasiyanın yol xəritəsini, ortaq nəqliyyat layihələrini müzakirə ediblər.
Əgər bu görüşlərdən sonra tranzit və logistika sahəsində vahid standartlar, birgə gömrük və rəqəmsal həllər tətbiq olunsa, Orta Dəhliz boyunca yüklərin hərəkəti sürətlənəcək ki, bu da ölkənin gəlirlərini artıra bilər. Eyni zamanda Türkmənistan və Qazaxıstanla enerji sahəsində əməkdaşlıq inkişaf edərək Xəzər dənizinin hər iki sahilində inteqrə enerji bazarının formalaşmasına imkan verə bilər.
Məsələn, Trans-Xəzər qaz kəməri kimi uzun illər gündəmdə olan layihələrin reallaşması üçün siyasi dəstək güclənə bilər. Bundan əlavə, mədəni və humanitar sahələrdə də əlaqələrin canlanması gözlənilir. Təhsil, turizm, texnoloji əməkdaşlıq kimi sahələrdə ortaq proqramlar reallaşdırıla bilər.
Diqqət tələb edən məqamlar və potensial risklər
Mərkəzi Asiya indiyədək Rusiya, Çin, ABŞ, Türkiyə kimi güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir region olub. Azərbaycan bu regionla daha sıx əməkdaşlığa girərkən böyük güclərin tələblərini də nəzərə almalı olacaq. Azərbaycanın yürütdüyü siyasət ona həm Rusiya, həm Qərblə normal münasibətlər saxlamağa imkan verir. Lakin yenə də Mərkəzi Asiya formatında aktiv fəaliyyət Moskva tərəfindən türk dilli ölkələrin siyasi yaxınlaşma kimi qəbul edilə bilər.
Özbəkistan Prezidenti Mirziyoyev Daşkənd görüşü öncəsi yazdığı məqalədə vurğulayıb ki,
“Bizə kimsə öz idarəetmə modelini və ya öz oyun qaydalarını zorla qəbul etdirməsin. Əməkdaşlıq yalnız bərabər dövlətlər kimi və bir-birinin daxili işlərinə qarışmadan qurulmalıdır”.
Yəni Mərkəzi Asiya ölkələri xaricdən idarə olunan, yaxud onları bir-birinə bağlayan hansısa federativ qurum yaratmaq niyyətində deyillər. Bu da onu göstərir ki, format kifayət qədər elastik saxlanacaq. Zəruri olduqda digər qonşu dövlətlərin (məsələn, Rusiya və Çinin) də qonaq qismində tədbirlərə cəlb olunması mümkündür. Hətta 2022-ci ildə Qazaxıstan Prezidenti Tokayev Rusiyanın və Çinin gələcəkdə bu məsləhətləşmələrə qonaq qismində dəvət olunmasını təklif edib.
Bu, bir tərəfdən formatın heç bir gücə qarşı yönəlmədiyini göstərsə də, digər tərəfdən Azərbaycanın həmin güclərlə eyni masa ətrafında müzakirələrə hazır olmasını tələb edir. Yəni ölkə diplomatik tarazlıq saxlayaraq, həm “Mərkəzi Asiya qardaşları”, həm də böyük dövlətlərlə münasibətlərini ahəngdar şəkildə yürütməlidir.
Struktural və institusional çatışmazlıqlar
Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatı hələlik rəsmi inteqrasiya qurumu deyil, məsləhətləşmə və koordinasiya platformasıdır. Azərbaycanın tam üzv olması onu göstərir ki, format coğrafi baxımdan genişlənir, lakin bu platformanın qərarları hələlik tövsiyə xarakterlidir.
Risk ondan ibarətdir ki, yeni status zahirən parlaq görünsə də, əgər konkret icra mexanizmləri formalaşdırılmasa, Azərbaycan bu formatdan real fayda əldə etməkdə çətinlik çəkə bilər. Politoloqlar xəbərdarlıq edirlər ki, “yeni statusun sadəcə simvolik qalması riski var”, yəni tamhüquqlu üzv olsa belə, Azərbaycan qərar qəbulu prosesində yetərincə təsir imkanı əldə etməyə bilər.
Bunun baş verməməsi üçün, format çərçivəsində alınan qərarların icrası mexanizmləri, işçi qruplar kimi institusional elementlər yaradılmalıdır. Daşkənd görüşündə Mirziyoyev bu məsələyə toxunaraq Məşvərətçi Görüşləri daha formal struktur halına gətirməyi, “Mərkəzi Asiya Birliyi” adlı daimi platforma formalaşdırmağı təklif edib.
Əgər bu baş tutarsa, Azərbaycanın səsi həmin qurum daxilində eşidiləcək və qərarlar müəyyən öhdəliklər yaradacaq. Əks halda, görüşlər sadəcə ildə bir dəfə liderlərin toplaşdığı, niyyət bəyanatları verdiyi tədbir kimi qala bilər ki, bu da gözləntiləri doğrultmaz.
Rresurs və uyğunlaşma riskləri
Azərbaycan Mərkəzi Asiya ilə daha inkişaf etmiş əməkdaşlıq etmək üçün iqtisadi, maliyyə və insan resursları ayırmalı olacaq. Böyük infrastruktur layihələrində iştirak investisiya tələb edir, birgə fondların yaradılması gündəmə gələ bilər. Məsələn, bölgə ölkələri ticarət dövriyyəsini artırmaq və ortaq “Made in Central Asia” brendi yaratmaq niyyətindən danışırlar. Azərbaycan da bu təşəbbüslərdə pay sahibi olmaq istəyərsə, öz biznes mühitini və istehsal sferasını uyğunlaşdırmalı olacaq.
Bundan əlavə, Mərkəzi Asiya dövlətlərinin hər birinin öz daxili prioritetləri var. Qazaxıstan və Qırğızıstan Rusiya ilə iqtisadi ittifaqda (Avrasiya İqtisadi Birliyi) yer alır, Tacikistan və Qırğızıstan Rusiyanın başçılıq etdiyi KTMT-nin üzvləridir. Türkmənistan isə daim bitərəflik siyasəti yürüdür.
Demək, ortaq platformada belə fərqli xarici siyasət oriyentasiyaları mövcuddur. Azərbaycan bu mühitdə heç kimin maraqlarını zədələmədən öz məqsədlərini irəli aparmağa çalışmalı olacaq.
Son olaraq, regiondaxili problemlər də risk yarada bilər – su ehtiyatları səbəbi ilə fikir ayrılıqları, sərhəd mübahisələri, bazar rəqabəti kimi mövcud məsələlər fonunda Azərbaycanın vasitəçi roluna çəkilməsi mümkündür.
Ümumilikdə, tamhüquqlu üzvlüyün uğurla reallaşması üçün Azərbaycan potensial riskləri qabaqcadan dəyərləndirərək, həm daxildə strateji planlamasını gücləndirməli, həm də tərəfdaşları ilə açıq dialoqla irəliləməlidir.
Azərbaycan Mərkəzi Asiya oldu